Borçalıda yazılan şəhidlik poeması

Tbilisidəki “Tbiliselebi Print” nəşriyyatında Azərbaycanın Əməkdar jurnalisti, Gürcüstan Azərbaycanlıları Jurnalistlər Birliyinin sədri, şair-jurnalist Nizami Məmmədzadənin “Şəhid ürəyindən keçən misralar...” poeması kitab halında nəşr edilib. Soydaşımızın poeması Azərbaycanın bütün şəhidlərinə ithaf olunub. Əsərdə şəhid ürəyindən keçən duyğular misralara köçürülüb. Ulu öndərin vəsiyyətinə əməl edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Qarabağ naminə fədakar və əzmli fəaliyyəti ustalıqla qələmə alınıb. Ana-bacılarımızın arzusu, diləyi, duaları ilə süslənən lirik əsərdə əsgər və zabitlərimizin qəhrəmanlığı bədii boyalarla əks etdirilib. 

Qarabağ bizimdir, dedi babalar, 
Oğullar böyüyüb onu aldılar. 
Döyüşdə Vətəni ucaltmaq üçün, 
Al-qana boyanıb Zəfər çaldılar! 

Sevgimin şah sözü Vətənim olub, 
Ona çox yaraşan bayrağım da var! 
Bir zaman inləyən torpaqlarımda, 
Bax indi ətirli gül bağım da var!.. 

Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin təşəbbüsü ilə nəfis şəkildə buraxılan kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehriban Əsədullasoy (Quliyeva), məsləhətçisi “Kredo” qəzetinin baş redaktoru, Beynəlxalq Rəsul Rza Mükafatı laureatı, şair-publisist Əli Rza Xələflidir. 

Nizami Məmmədzadənin “Şəhid ürəyindən keçən misralar...” poeması haqqında yazı "Xalq qəzeti"ndə dərc olunub. Qəzet rəhbərliyinə təşəkkürümü bildirirəm. Uğurları bol olsun.

Ə.DOSTƏLI X.Q
GAXA.ge