Marneulidə dinc etiraz aksiyası keçirilib

Bu gün azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində müxalifət və icma gənclərinin azərbaycanlı və gürcü nümayəndələrinin iştirakı ilə dinc etiraz aksiyası keçirilib. GAXA-nın məlumatına görə, seçkilərdə "Dəyişiklik Naminə Koalisiya"nın parlament siyahısının 10-cu pilləsində yer tutan və "4" nömrə ilə çıxış edən Oktay Kazımov da deputat seçilib. Bu gün Marneulidə keçirilən dinc etiraz aksiyasında Oktay Kazımov da qatılıb. O, GAXA-ya açıqlamasında aksiyanın keçirilməsinin səbəbi haqqında fikirlərini bildirib: "Aksiyanı keçirməkdə məqsəd seçkilərin leğitim olmadığına etiraz etmək üçündür. "Gürcü Arzusu"nun təşkil etdiyi yeni "hökumət" də legitim deyil. Bu gün leğitim olan yalnız prezident təsisatıdır. Bu gün seçkilərlə əlaqədar yeni seçilmiş parlament də leğitim deyil. Bu gün əhali küçələrə ona görə axışır ki, yeni seçkilər keçirilsin. Əgər hökumət seçkilər keçirilməyə qarşı mütləq addım atmasa o zaman buna qarşı biz bu hökumətin istefasını tələb edirik.

Gördüyünüz kimi bu günlərdə etirazçılar çox pis şəkildə döyülür, həbs olunur, təhqir edilir və polis qüvvələri onların iradəsini qırmaq üçün müəyyən addımlar atırlar, amma bu istər Tiflis, istərsə də digər bölgələrdəki vətəndaşları daha da hiddətləndirir və biz şahidi oluruq ki, etirazçıların sayı günbəgün artmaqdadır. Bu da təbii ki, hazırki dövrdə hakimiyyəti böyük təşvişə salır. Mən parlamentə qəbul olunmuşdum, amma bu seçkilər total və genişmiqyaslı şəkildə saxtalaşdırıldı və buna dair yüzlərlə dəlil və mənbə var. Biz bunun üçün parlamentə daxil olmaqdan və bununla qeyri-leğitim dövlətdən imtina etdik və ona leğitimlik verməkdən imtina etdik və şəxsən həm MSK-ya müraciət edərək siyahıların geri çağırılmasını tələb etdik və həm də parlamentə şəxsi ərizəmizlə müraciət edərək mandatımızın geri qaytarılmasını tələb etdik. Ərizələrimiz artıq qəbul olunub və sözsüz ki, parlament qeyri-leğitim olduğuna görə, parlament ərizələri müzakirə etməlidir.

Tədbirdə çıxış edənlər “Gürcüstanda tarix yenidən yazılır. Biz avropalı Gürcüstanı quracağıq. Gəlin, keçin bizim tərəfimizə! Pul ilə xalqın səsini satmayın! Biz övladlarımızın gələcəyi üçün mübarizə aparırıq! İstəyirsinizsə, gələcəyiniz bu xalqla olsun, onlara qarışın! Budur sülh! Məğlub olan siz olacaqsınız!”- fikirlərini tədbir iştirakçılarına çatdırıblar.

Dinc aksiyada çıxış edən Marneuli bələdiyyəsinin deputatı Nərgiz Əliyeva seçkilərdə səsini 100 lari üçün satan seçicilərə və Marneulidə “Gürcü Arzusu”nu dəsəkləyən rəsmi şəxslərə səslənib: “Sizi nə məcbur etdi, bilmirəm. Amma onu bilin ki, bu ölkədə nəhayət, demokratiya, haqq-ədalət öz yerini tapacaq, çünki gürcü və Gürcüstan xalqı heç vaxt qul olmayıb, belə bir hakimiyyətin ayağının altında tapdalanmayıb. Bu gün bəlkə siz də oyanasınız, çünki sizin oturduğunuz kresloların vaxtına az qalıb,”- deyə bildirib.

Qeyd edək ki, bu gün Gürcüstanda 7-ci gündür ki, etiraz aksiyası keçirilir. Marneulidə isə dinc aksiyada iştirak edənlər Azərbaycan və gürcü dillərində "Rusiyaya yox!", "Gürcü Arzusu"nun arzusu gözündə qaldı!" və digər şüarlar səsləndiriblər. 

GAXA.ge