Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir
“Borçalı” İctimai Birliyinin növbəti toplantısı keçirilib. Birliyin təsisçisi və sədri yazıçı-jurnalist Şərif Kərimli ötən dövr fəaliyyəti ilə bağlı geniş məlumat verib, perspektiv planlardan danışıb.
GAXA-nın məlumatına görə, bu barədə Yenicag.az saytı xəbər verir ki, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də siyasi-coğrafi köklər birləşdirir. Qafqazın bu iki qədim xalqının dostluq ilişkilərinin çox qədim tarixi var. Azərbaycan və Gürcüstan təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Ölkələrimizin çoxşaxəli münasibətlərində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı qonşuluq siyasətinin prioritet istiqamətlərindəndir.
Tədbirdə birliyin yeni seçilmiş İdarə Heyətinin tərkibi və sədri toplantı iştirakçılarına təqdim edilib. İdarə Heyətinin yeni sədri, tanınmış şair-publisist Dəyanət Osmanlı “Borçalı” ictimai birliyinin fəaliyyətinin istiqamətləri barədə danışaraq bildirb ki, Azərbaycan-Gürcüstan dövlətlərinin dostluq münasibətləri uğurla inkişaf edir. Azərbaycan nəinki siyasi, iqtisadi, sosial, mədəni sahələrdə, eləcə də Gürcüstan vətəndaşı olan azərbaycanlı gənclərin təhsili sahəsində maddi və mənəvi yardımını əsirgəmir. Biz QHT olaraq dövlətlərimizin əməkdaşlığı çərçivəsində soydaşlarımızın dil, mədəniyyət, təhsil haqlarının, sosial-ictimai bərabərliklərinin qorunması təşəbbüslərinin dəstəklənməsi, milli maraqlarımızın təbliği və təşviqi işinə daha fəal ictimai dəstək verməyi düşünürük. Gürcüstan QHT-ləri ilə əməkdaşlığı inkişaf etdirmək də fəaliyyət dairəmizə daxildir. Əsas məqsəd vətəndən kənarda və öz qədim tarixi yurdlarında yaşayan soydaşlarımızın həmrəylik, vətənpərvərlik ruhunun yüksəlməsinə, qayğılarının öyrənilməsinə, milli, ictimai, tarixi, mədəni-mənəvi dəyərlərinin qorunması işinə kömək etməkdir. Gürcüstan azərbaycanlılarının vəziyyəti ikitərəfli münasibətlərə həmişə öz təsirini göstərib və bundan sonra da göstərəcəkdir. Bu amillərin həmişə Azərbaycan dövlətinin diqqət mərkəzində olması öz tarixi yurd yerlərində yaşayan soydaşlarımıza sahiblik hissinin ifadəsidir.
Birliyin İdarə Heyətinin üzvlərindən Qarabağ qazisi şair-publisist, əməkdar jurnalist Rəşid Faxralı, pedaqogika üzrə fəlsəfə doktoru , qazi şair-publisist Knyaz Aslan, fəlsəfə doktoru Razim Məmmədli, tanınmış jurnalist İradə Sarıyeva, qazi-jurnalist Paşa Babakərli, jurnalist Pünhan Əfəndiyev, heykəltəraş Cümşüd İbrahimli və digərləri Azərbaycan və Gürcüstan dövlətlərinin beynəlxalq təşkilatlarda faydalı əməkdaşlığını, bir-birilərinin ərazi bütövlüyünü dəstəkləməsini vurğulamış, Dünya azərbaycanlılarının həmrəyliyi, təşkilatlanması, Gürcüstanda yaşayan soydaşlarımızın ictimai, mədəni, sosial durumu yönündə vətəndaş cəmiyyətinin rolunun artırılması barədə fikir mübadiləsi aparıblar.
Şərif Kərimli quruma dönəm sədrliyində uğurlu fəaliyyətinə görə İdarə Heyəti tərəfindən “Borçalının fəxri” diplomu ilə təltif olunub.
Qeyd edək ki, sentyabrın 10-da Borçalı İctimai Birliyinin yeni sədri seçilən Dəyanət Osmanlı 1965-ci ildə Bolnisi rayonunun Saraçlı kəndində anadan olub. 1991-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. Uzun müddət rəsmi dövlət mətbuatında çalışıb. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1997-ci ildən isə birliyin İdarə Heyətinin üzvüdür. 2008-ci ildə Prezident təqaüdünə, bir neçə dəfə TÜRKSOY-un ödüllərinə layiq görülüb. 10 kitabın müəllifi, 100-dən çox nəşrin tərtibçi-müəllifi, redaktorudur. Dəyanət Osmanlı eyni zamanda fəal ictimaiyyətçi kimi tanınır. İndiyədək “Türk dünyası İnfo” İB-nin təsisçisi və sədri olaraq dövlət dəstəyi ilə ölkəmizdə, eləcə də xaricdə milli maraqlarımızın, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ictimai aktuallıq kəsb edən 14 layihə həyata keçirib. Mənbəə: (www.yenicag.az)
GAXA.ge