Rəngarəng kəpənəklərlə oynayan aslan - Osman Əhmədoğlu-70

Ey, əppək peşində doğma yurdundan didərgin və ya yadlar tərəfindən obasından qovulan, və ya şəhərli olan qariban, Vətənində, hələ-hələ bu Vətən Borçalıdırsa, bir qardaşın, əminoğlun, bibin oğlu heç olmasa ara-sıra yurdun ocağını tüstüləndirirsə, nə mutlu sənə! Amma elə birisi yoxdur isə, sən yenə də qəm çəkmə, çün ki Borçalı miqyasında o ocağın bacasını tüstüləndirən Osman Dərviş var. Gözəl nitqi, dik duruşu, xarizmatik zahiri görünüşü, mükəmməl ədəbi yaddaşı olan Osman Dərviş vaxtı ilə Bakıya köçsəydi, əminəm ki, ya deputat, ya başqa bir vəzifə sahibi olardı, cah-cəlal içində üzərdi şans dalğalarında, üzdükcə də uzaqlaşardı. Amma Osman Dərviş dalğa-dalğa uzaqlaşmaq əvəzinə bacası tüstülənməyənlərin istinad nöqtəsi kimi damla-damla yüksəlməyi tərcih etdi və bu gün o hamımızın söykənə biləcəyimiz bir sütundur. Əslən Borçalıdan olan bir çox şəxsiyyət, ziyalı insanlarla rastlaşmışam. Atam Mədəd Coşqunun sayəsində ömrümün yarısı zatən onların arasında keçib. Məndən soruşsalar ki, səncə, bu gün Borçalını təcəssüm edən adam kim ola? tam səmimiyyətlə “Osman Dərviş” deyərdim, hal bu ki, “Mədəd Coşqun” da deyə bilərdim, amma demirəm, çün ki, bu virtual status üçün atam çox kövrəkdir, zərif ruhludur, nəinki canlılara, hətta çiçəklərə zərər verilməsini, dərilməsini qəlbi götürmür. Borçalı isə həm də ərənləri qılınc, vaxtı ilə dingəli xatunları xəncər daşıyan bir ulusdur. Osman Dərvişə qələm də yaraşır, qılınc da, nərə çəkmək də, nəğmə söyləmək də. Osman Dərviş başı üstündə uçuşan rəngarəng kəpənəklərlə oynayan aslana bənzər. Ağır ovdan gələn aslana. Atamla dostdur. Dəfələrcə qonağımız olub. Bir dəfə də gecə saatlarında qoltuğunda da bir diri xoruz Başkeçiddəki mənzilimizə təşrif buyurub. Atam da bu hadisə ilə əlaqədar aşağıdakı şeri yazıb: *** Kür üstündə yumurtadan çıxsa da, Borçalıya düşdü hayı xoruzun. Başkeçidə gəldi beş qoçu ilə, Gözlənildi haqqı-sayı xoruzun. Osmanın qızını alıb gözündən, Osman da xoruzu alıb gözündən, Qoltuğuna basıb, öpüb gözündən, Yenə də kəsməyir vayı xoruzun. Qonum-qonşu minnət edib, üz vurub, Osman inadının üstündə durub, Afərin Rövşənə, bir kələk qurub, Deyib dağda keçsin yayı xoruzun. Gecə gird yarıda cumdular bizə, Xoruz nərə saldı, durdu göz-gözə, Evdə zir-zibili lap çıxdı dizə, Yamanca bilindi zayı xoruzun. Osman dedi: Xoruz deyil, şirdi bu, Nizami söylədi: Yaman sirdi bu, Rövşən dedi: Əvəzsizdi, pirdi bu, Bəhram dedi: Yoxdu tayı xoruzun. Coşqun bərk ilişib, vallah, heç nədən, Belə xoruz görməmişəm acgödən, Gözüm yolda qalıb, nə arpa, nə dən, Hələ gəlib çıxmır payı xoruzun. Borçalıda keçirdiyim sevincli və kədərli məclislərdə daima yanımdan olan Osman əmi! 70 illik yubileyiniz mübarək! Var olun. Hörmətlə Ədalət Mədədoğlu. www.gaxa.ge