Gürcüstanda Cümhuriyyətimiz 100 yaşında” devizi ilə beynəlxalq tədbirlərə start verilib

Gürcüstanda Cümhuriyyətimiz 100 yaşında” devizi ilə beynəlxalq tədbirlərə start verilib. Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (www.gaxa.ge) məlumatına görə, bu barədə Azərbaycanda fəaliyyət göstərən İslahatçı Gənclər İctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlı məlumat verib. Onun sözlərinə görə, sabah Gürcüstan paytaxtında fəaliyyət göstərən Texniki Universitetdə Gürcüstan və Azərbaycan: Cümhuriyyətimiz 100 yaşında” adı altında konfrans baş tutacaq. F. Şahbazlı bildirib ki, tədbirlər silsiləsi 10 gün davam edəcək: “Bu tədbirlər Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamına uyğun olaraq həyata keçirilir”. İGİB sədri sabah Gürcüstan paytaxtında keçiriləcək yubiley tədbiri ilə bağlı təşkilatı işlərin başa çatdığını bildirib: “Tədbirdə Gürcüstanın ali məktəblərində təhsil alan gürcü və azərbaycanlı tələbələr, ictimaiyyət nümayəndələri, QHT rəhbərləri və media nümayəndələri iştirak edəcək. Konfransda hər iki ölkənin Cümhuriyyət tarixi barədə ətraflı məlumat veriləcək və məruzələr dinləniləcək”,- F. Şahbazlı bildirib. F. Şahbazlı qeyd edib ki, konfransa qatılacaq qonaqlar artıq Tiflisə gəliblər. Bu gün tədbir təşkilatçıları Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət ediblər. Konfransa Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov, Polşada Azərbaycan Gəncləri Birliyinin (AYPU) sədri Cavid Zeynalov, Azxeber.com informasiya portalının təsisçiləri Hacıbəy Heydərli və Əfsələddin Ağalarov qatılacaqlar. Silsilə tədbirlər Kipr və Türkiyədə davam edəcək. www.gaxa.ge