Gürcüstan hazırda düşünülmüş, milli maraqlara uyğun xarici siyasət aparır
Gürcüstan hazırda düşünülmüş, milli maraqlara uyğun xarici siyasət aparır. Tbilisi Qərbin əlində alət və ya marionetka deyil. Bu kontekstdə Azərbaycanın timsalında Gürcüstanın yaxşı nümunə götürəcəyi qonşusu var. GAXA-nın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında rusiyalı politoloq, “PolitRus” ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov oktyabrın 26-da keçirilmiş parlament seçkiləri fonunda Gürcüstanda ictimai-siyasi vəziyyəti şərh edərkən bölüşüb.
Ekspertin fikrincə, müxalifətin dünənki Tbilisi mitinqini Fransanın Gürcüstanın işlərinə qarışması oyunu kimi şərh etmək lazımdır.
“Fakt budur ki, Gürcüstan, ilk növbədə, Fransaya Ermənistanda təsirini gücləndirmək məqsədilə silah tədarükü dəhlizi kimi lazımdır. Aydındır ki, dənizə çıxışı olmayan Ermənistan İran, Türkiyə və Azərbaycanla əhatə olunub və çətin ki, bu ölkəyə həmin ərazilərdən silah tədarük edilsin. Gürcüstan bu baxımdan neytral dəhliz idi. Ona görə də bu ölkədə qərbyönlü qüvvələrin qələbəsi Fransanın xeyrinə olardı. Yəni, Paris burada geniş şəkildə əl-qol aça bilərdi. Cənubi Qafqazda iki ölkə onların nəzarəti altında olacaqdı, təbii ki, nə Türkiyə, Rusiya və İranın təmsil olunduğu böyük regional güclər, nə də ABŞ buna imkan vermək istəməzdi”, -deyə agentliyin həmsöhbəti vurğulayıb.
Politoloq bu baxımdan “Gürcü Arzusu”nun seçkilərdə qələbəsinin Azərbaycanın maraqlarına uyğun olduğunu qeyd etməyi də məqsədəuyğun hesab edir: “Bakı ilə Tbilisi arasında çox gözəl, konstruktiv əlaqələr qurulub. Tbilisi İrəvana yaxınlaşmayacaq və Azərbaycana real təhlükə yarada biləcək hücum silahlarının tədarükü üçün dəhlizə çevrilməyəcək. Üstəlik, Gürcüstan Azərbaycanın enerji resursları üçün tranzit ölkədir. Bu münasibətlər yaxşı qurulub və bütün tərəflərin maraqlarına uyğundur”.
Vaşinqtona gəlincə, ekspert qeyd edib ki, ABŞ-ın dövlət katibi Antoni Blinken Gürcüstandakı seçkilərlə bağlı bəyanatında respublikanın siyasi liderlərini “qanunun aliliyinə, bütün vətəndaşların hüquqlarına və əsas azadlıqlarına hörmətlə yanaşmağa” çağırıb. Arkov vurğulayıb: “Cənubi Qafqazın bu ölkəsində seçkilərin nəticələri hər bir partiya tərəfindən fərqli şərh olunur: “Gürcü Arzusu” ABŞ-ın seçkiləri tam tanıdığını deyir, müxalifət isə bunun əksini iddia edir. Görünür, həqiqət ortadadır. Blinkenin bəyanatlarını təhlil etsəniz, onun bilavasitə seçkiləri dəstəklədiyi, onları tanıdığı və ya tanımadığı barədə bir kəlmə də yoxdur. Amma şərti olaraq desək, o, Gürcüstan rəhbərliyi qarşısında cəmiyyətin demokratikləşməsi, qanunvericiliyə ABŞ-ın gözünə və qulağına xoş gələn dəyişikliklərin edilməsi vəzifəsini qoyduğuna görə, yəqin ki, [səsvermənin nəticələrini] reallığı belə bəyan edir”. Rusiyalı politoloq əlavə edib ki, Macarıstanın Baş naziri Viktor Orbanın hazırkı rəsmi səfəri də (28-29 oktyabr – red.) “Gürcü Arzusu”nun mövqeyinin zəif olmadığını təsdiqləyir.
Dünən Tbilisidə keçirilən aksiya ilə bağlı mövzuya qayıdan politoloq əmin olduğunu bildirib ki, bunun Gürcüstanın gələcək rəhbərliyi - parlament və hökumət üçün heç bir mənfi nəticəsi olmayacaq. “Bu, yəqin ki, Fransanın son bazarlıq aparmaq cəhdidir, Paris tərəfindən bir növ şantajdır. Bu cəhdin nə qədər uğurlu olduğunu görəcəyik. Yenə də Parislə kifayət qədər ciddi, çox sıx iqtisadi və digər əlaqələrin mövcudluğunu nəzərə alsaq, Gürcüstan Fransaya kəskin müqavimət göstərməyəcək, eyni zamanda, onun Tbilisinin boynunda oturub şərtlərini diktə etməsinə də imkan verməyəcək. Gürcüstan hazırda düşünülmüş, milli maraqlara uyğun xarici siyasət aparır. O, Qərbin əlində alət və ya marionetka deyil. Bu kontekstdə Azərbaycanın timsalında Gürcüstanın yaxşı nümunə götürəcəyi qonşusu var. Hesab edirəm ki, Gürcüstan belə bir xarici siyasəti rəhbər tutsa, onda iqtisadi və xarici siyasətdə uğur qazanar, dünya miqyasında daha böyük nüfuz sahibi olar. Güclüləri sevmirlər, amma güclülərə hörmət edir və onlarla hesablaşırlar”, - deyə ekspert sözlərini yekunlaşdırıb.
GAXA.ge