Gürcüstan paytaxtında Uşaq və Gənclər Etnoqrafik Ansamblları Festivalı keçirilib
Dünən 21 oktyabr tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev, Tbilisi şəhər Bələdiyyə Məclisinin təşkilatçılığı ilə Tbilisi Konservatoriyasının konsert zalında keçirilmiş Tbilisi Uşaq və Gənclər Etnoqrafik Ansamblları Festivalında iştirak etmişdir. GAXA-nın məlumatına görə, festivalda müxtəlif mədəniyyətləri təmsil edən xor və orkestrlərlə yanaşı, Gürcüstandakı soydaşlarımızdan ibarət “Meydan” Aşıqlar Qrupu da təmsil olunmuş və izləyicilər qarşısında aşıq sənətinin nümunələrini ifa ediblər.
Festivalın yekunu olan təltifetmə mərasimində çıxış edən səfir Faiq Quliyev, bu cür mədəniyyət səciyyəli tədbirin təşkilinə görə Tbilisi şəhər Bələdiyyə Məclisinə təşəkkürünü bildirmiş, Gürcüstanın çox konfessialı və müxtəlif mədəniyyətlərə ev sahibliyi edən ölkə olaraq tədbir iştirakçılarına mədəniyyətlərinin yaşadılması və tərənnümü ilə əlaqədar yaradılmış şəraitin məmnunluqla qarşılandığını qeyd etmişdir. Azərbaycan və Gürcüstan arasında mədəniyyət sahəsindəki əməkdaşlıq münasibətlərindən bəhs edən F.Quliyev, tədbir iştirakçılarına müvafiq sahə üzrə həyata keçirilmiş birgə layihə və təşəbbüslər barədə məlumat vermişdir.
Daha sonra F.Quliyev festivalın mükafatını “Meydan” Aşıqlar Qrupunun rəhbəri, tanınmış saz ifaçısı Nargilə Mehdiyevaya təqdim etmişdir.
GAXA.ge