Mehriban Əsədullasoy (Quliyeva): Müharibə cəbhələrdə, səngərlərdə bitsə də, ürəklərdə bitmir...

(Şair-jurnalist, yazıçı-publisist Nizami Məmmədzadənin “Şəhid ürəyindən keçən misralar…” poemasına yazılan ön söz)

   Xalqımızın milli azadlıq və müstəqillik savaşı mədəniyyət və incəsənət xadimlərinin, yaradıcı şəxsiyyətlərin hər zaman müraciət etdiyi başlıca mövzulardandır. Xalqların müstəqillik və milli azadlıq uğrunda mübarizə yolunda baş verən tarixi hadisələr-üsyanlar, inqilablar, münaqişələr, müharibələr ədəbiyyatın, yaradıcı insanların hər zaman müraciət etdiyi mövzulardan olmuşdur. Bu mövzu poeziyada da öz əksini tapıb və tapacaq. Şəhidlərimizin xatirəsinə yazılan neçə-neçə əsərlər arasında Nizami Məmmədzadənin “Qanla yazılmış Xocalı ...” poemasının adını da çəkə bilərik. Əsər nə qədər kədər hissi ilə yazılsa da, faciənin ağrı-acısı böyük narahatlıqla öz əksini tapsa da əsərin sonu qalibiyyət və zəfərlə nəticələnmişdir. Müharibə cəbhələrdə, səngərlərdə bitsə də, ürəklərdə bitmir, onun ağrısını daşıyan sonuncu insan dünyadan köçsə belə gələcək nəsillərin yaddaşına ötürülür, çünki torpaq ağrısı, vətən dərdi heç zaman sahibsiz qalmır, bir gün onu heç tanımayan insanın qapısının ağzını kəsdirir, onunla itirilmiş torpağın, ağacların, quşların diliylə danışır. Qarabağın köksünə vurulan yaralar tarixin və insanlığın yaddaşında unudulmayan izlər buraxıb. Ona görə də Vətənə ünvanlanan şeirlərin, mahnıların hamısında, Vətən naləsi, hayqırtısı yaşayır. Bu ağrı qələmin ucunda daha sərt, daha dəhşətli hiss edilmişdir. Vətən müharibəsi Azərbaycan tarixinə zəfər səhifələri yazdı. Müharibə həm də işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizədə xalqın tarixi birliyi ilə yaddaşlarda qaldı. Yaddaşlardan silinməyəcək bu Vətən müharibəsi Azərbaycan xalqının Qarabağ həsrətinə qırx dörd günlük savaşla son qoydu. Qələbəyə ədəbiyyat aləmi etinasız qalmadı, əksinə döyüş zamanı hərbçilərimiz, igid oğullarımız üçün ilhamverici rol oynadı. Yazılan şeir, poema və hekayələrdə həsrət hissləri deyil, qələbə ovqatı aparıcı mövzuya çevrildi. Bu mövzuda ən çevik yanaşma özünü poeziyada geniş mənada göstərdi. Şəhidlərə, qazilərə, Vətən müharibəsinə, Zəfər sevincinə həsr olunmuş şeirlər çağdaş poeziyamızın ən çox müraciət olunan mövzuları sırasında yer almaqdadır. Şəhidlər bu yüksək vətənpərvərlikləri ilə bu ali zirvəyə ucaldılar. Odur ki, onların ünvanına neçə-neçə sənət əsərləri yazıldı. Vətən müharibəsi mövzusunda yazılmış şeirlərin ana xəttində şəhid obrazı üstünlük təşkil edir.

Bu dəfə mövzumuz şair-jurnalist Nizami Məmmədzadənin nəsillərə ötürülə biləcək janr, üslub axtarışları ilə maraqlı, təhkiyə özünəməxsusluğu ilə seçilən “Şəhid ürəyindən keçən misralar…” poeması haqqında olacaqdır. Şairin 300 bənddən çox qələmə aldığı “Şəhid ürəyindən keçən misralar…” əsəri qan və can borcumuz olan bütün şəhidlərimizə ithaf edilib. Nizami Məmmədzadə müharibənin xalqın iradəsini, birlik əzmini ortaya çıxarmasını, Azərbaycan xalqının birliyi, ordumuzun qüdrəti sayəsində düşmən üzərində qalib gəldiyini poemada əks etdirmiş, qırx dörd gün davam edən müharibədə xalqın yumruğunu bir nöqtəyə vurmasını, qəzəb və nifrətini düşmən üzərinə istiqamətlənməsini önə çəkmişdir. Ölkənin Müzəffər Ali Baş Komandanından tutmuş sıravi vətəndaşına qədər hər kəsin birlik nümayiş etdirməsini, beləcə vətənin daşına, torpağına çevrilərək onu qətiyyətlə qoruduğunu xüsusi bir təntənə ilə, pafosla əks etmişdir:

Biz yazdıq zirvəyə, söz: “AZƏRBAYCAN!”               

Şəhid ürəyindən keçən misradır.

Ali Baş Komandan yazdı durmadan:                        

“Yenilməz – “QARABAĞ AZƏRBAYCANDIR!”

                                    

Ali Baş Komandan, əmrinə hər an,

Mən də əsgər kimi bil, AND içmişəm.                       

Sənə olan sevgimin od- alovuyla,

Qayanı, sərt daşı xıncıb keçmişəm.

 

Sərt yoxuşu qalxıb düzə çatanda,

Mən ordan boylanıb Şuşaya baxdıım.                  

Asan yollar çətin olmasa da, bil –

“Dəmir Yumruğumu” düşmənə çaxdım.

    Nizami Məmmədzadənin poemasında tarix boyu xalqımızın rifahı, torpaqlarımızın azadlığı uğrunda özlərini fəda edərək, canlarından keçən ər igidlərimiz, şəhidliyin təməlini qoyan oğullarımız haqqında ürək ağrısı ilə danışılıb. O şəhidlərin ki, indi onların adları qəhrəmanlıq tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Əcdadları kimi Vətən uğrunda mübarizlik göstərən şəhidlərin tək bir məqsədi vardı, onların yenilməz mübarizədə bir müqəddəslik dolu dedikləri inamlı fikirlərlə - “Biz vətən uğrunda ölə də bilərik, təki Ana Vətən yaşasın!” - deyib mübarizəyə qalxdılar. Nizami müəllim xalqımızın başına gətirilən bu müsibətləri, bu faciələri gələcək nəslin unutmaması üçün bədii təsvir və ifadə vasitələrinin dili ilə poemada əks etdirmişdir. Nizami Məmmədzadə əsərində gələcək nəsillərə bildirir ki, “qəhrəmanlıqla dolu ömür yolları qanla bitmiş şəhid balalarımızın qanı yerdə qalmasın. Onların keçdiyi yol qəhrəmanlıq üçün əsil örnəkdir”- deyə vətəndaş yanğısını misralara cilalayaraq alovlu sözlərə çevirmişdir. Nizami Məmmədzadə əsərdə böyük ürək ağrısı ilə bu haqsızlığa, günahsız insanların qətlə yetirilməsinə öz etirazını emosional-ekspressiv təsir gücünü artıraraq ifadə etmişdir. Nahaq yerə demirlər ki, poeziya özü güclü ruhlandırıcı silahdır. Şəhidlərdən kövrək misralarda söz salan şair qəlbi odlanan ananın və bu dünyadan Vətən deyib köçən şəhidin oz dilindən lay-lay deyir:

Anam layla, atam layla, şəhidim!                   

Hər sözümdə sabahıma inam var.          

Ana, layla çal – hər yatan şəhidim,

Fəxr edir ki, layla çalan Anam var.

 

Şəhidəm, Analar! Qəbrimin üstə,

Gəlin, asta-asta laylamı çalın!

Mən südəmər nadinc bir uşağam ki,       

Həsrətəm bir gecə mənimlə qalın!

    Vətən uğrunda baş verən hadisələri öz ağrı-acısı, kədəri ilə ifadə edən Nizami müəllim günahsız bacı-qardaşlarımızın, məsum körpələrimizin faciəsi və nahaq ölümünü qələminin qüdrəti ilə əks etdirmiş, oxucusunu təsirləndirməyi bacarmışdır. Bu faciəni tarixin yaddaşında daha da möhkəmlətmək və onu gələcək nəsillərə çatdırmağı özünə mənəvi borc bilən şair bu yaşananları təbinin və istedadının gücü ilə poemada ifadə etməyi bacarmışdı:

Zalımmış, qəddarmış düşünməmiş heç,                

Əsgər körpəsı də ağlar qalarmış.                               

Baxıram şəhidin tək başdaşına,           

Qızıyla daş üstə şəkil də varmış.

    Nizami müəllimlə bu əsər haqqında yazışmalarımızda onun ürək ağrısı ilə qeyd etdiyi fikirləri burada xatırlamağı, onun poeziyasına işıq salmağı özümə borc bilirəm: “Bu əsəri Xocalıda şəhidlərin il mərasimində səsləndirməyi düşünürəm. Əlbəttə, hər bir sətir üzərində işləmək mənim üçün çox ağır idi. Çünki faciəni poeziyanın dilinə çevirmək çox çətindir. Özü də elə bir faciəni ki, onu sən öz xalqınla birgə yaşamısan. Amma nə qədər çətin olsa da, mən belə bir əsər yazmağı özümə mənəvi borc bildim. Odur ki, bütün qəlbimi, beynimi, ruhumu məhz bu əsər üzərində səfərbər etdim. İnanın ki, mən bu əsəri için-için, ağlaya-ağlaya yazmışam. Bu əsəri nə qədər kədər hissi ilə yazsam da əsərin sonu mübariz tərzdə tamamlanır. Yəni ki, biz varıq, olmuşuq və olacağıq. Hər birimiz Vətən kimi müqəddəs bir varlıq naminə şəhid olmağa da hazırıq”. Vətəndaş şairin bu fikri təbii ki, hər bir vətənpərvər insanın ürəyindən soraq verir. Odur ki, biz bütün şəhidlərimizə bir daha Allahdan rəhmət diləyirik. Sevindirici haldır ki, artıq düşmən tapdağından xilas olan torpaqlarımızın azadlığını tərənnüm edən qələbə müjdəli əsərlər ədəbiyyat salnaməmizi zənginləşdirir. Poemada vətəni əziz tutmaq, uğrunda şirin canından keçmək amalının hər zaman oğullarımızı bir yumruqtək birləşdirməsi qabarıq ifadə olunmuşdur:

 Ah, necə sevməyim “Dəmir Yumruğ”u,

 Səadət nəğməsi bəxş edib mənə.

 Həyatda ayırdım qaranı, ağı –               

 Mənim bir sevgim var, verdim Vətənə!

    “Təki Vətən sağ olsun!”, “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” - deyərək döyüş meydanına atılan igid qəhrəmanlarımız şirin canlarından keçərək hərb tariximizdə qanları ilə şanlı tarix yazdırmaları, Vətən sevgisi, yurda olan bağlılıq igid oğullarımızı şəhidlik adlı zirvəyə ucaltması kimi təsvirlər poemada bir-birinin ardınca sənətkarlıqla ifadə olunmuşdur. Şair bununla xalqımıza şanlı Zəfər yaşadan oğullarımızın illər keçsə də qəlblərdə əbədi yaşayacaqlarını, onların döyüş meydanındakı şücaətini, Vətənə olan sevdalarını, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqlarını təmtəraqlı şəkildə oxucularına hiss etdirmişdir.

     Azərbaycan publisistikasında, poeziyasında öz yeri, öz sözü, fərqli yaradıcılıq üslubu olan Nizami Məmmədzadənin yazdığı misralar qəlbimizin sarı tellərinə toxunur, hər birimizi ermənilərin vəhşiliklərini, Qarabağın işğal altında olduğu vaxtlarını unutmamağa çağırır, kövrək misralarda yaralanan qəlbimizin ağrısını dilə gətirir. Növbəti misralarda 2020-ci ilin sentyabrın 27-nə qədər, səbr kasasının daşdığı, intiqam məqamının yetişdiyi, AZADLIQ şərbətinin içildiyi günün sevincini böyük coşğu ilə dilləndirmişdir. 1990-cı il 20 Yanvarın şənbə gecəsində Bakıda törədilən vəhşət və dəhşətdən 34 il keçsə də, ölümə ölməzlik yazan şəhidlərimiz Nizami müəllimin poetik fikrində rahatlıq tapmayıb, narahat misralarda yenidən göz önünə gəlmişdir:

 34 il ötüb - 20 Yanvar -                                                                                                                                                             Sızıldayan yaram sağalmır nədən?                                                                                                                                                    Bu tarix məni də yaman göynədir,                                                                                                                                                   Hələ dərd söyləyir bu Torpaq, Vətən!

Nizami Məmmədzadə şəhidin səsini, harayını tamamlayan, ağrını və dərdini ətraflı və kəskin dildə poemada mənalı şəkildə əks etdirmişdir:

Mən şəhidəm, anam məni görməyib,           

İşğal altda olan torpaq dardadır.

Dərd-kədərdən telini də hörməyib –                         

O, bilmir ki, oğlu indi hardadır?

     Müəllifin bu kitabını mən zamana sözünü deyən, onu görüşə çağıran bir hayqırtı kimi qiymətləndirirəm. Şair sanki bütün ağrı-acıların, haqsızlıqların içindən sıyrılaraq üzünü göylərə tutub bir ümid axtarır, alqış diləyir:

Vətən göylərində Ulduz, Ay olsun!

Üzərlik yandırsın, həsrətlə Anam.   

Arxamca atdığı su igidlərə,                  

Durmadan bəxş etsin güclü bir inam.

    Nizami Məmmədzadə vətəndaş şairdir. Vətənə ünvanlanmış şeirlərində yurd-yuvasından ayrı düşmüş, qürbətdə qəriblik havasında yaşayan lirik “mən”in könül həsrəti boylanır. Bu mənada Nizami müəllimin poemasında Vətən sözü səksən altıdan çox təkrarlanmışdır:

Ötdü qəlbimdə bülbül nəğməsi,

Çalın-çarpaz dağı yarıb da keçdim.        

Vətənin eşqinə güllə gücüylə,                   

Qarşıma çıxanı vurub da keçdim!

    Nizami Məmmədzadənin poeziyasında ikinci əzəmətli varlıq Ana obrazıdır! Ana haqqında saysız duyğularını, düşüncələrini böyük məhəbbətlə qələmə alan Nizami Məmmədzadə onun əzəmətinin bütün tərəflərini də qələmə güc verərək oxucusuna çatdırmışdır:

Səslənir Anamın duası, sözü,

Sənin gəlişinlə qisas alıram!                     

Bir dua sözündən bil ki, ay Ana,                                                   

Əsgərəm, gücümlə alovlanıram.

    Poemada işğaldan azad edilmiş torpaqlarımızın adını çəkən şair böyük qürur və sevinc, eyni zamanda güclü intiqam hissi yaşadığını təntənəli dildə bəyan etmişdir:

Qaranlıq gecələr aydınlaşanda,

Şuşanı, Xankəndi görüb ucaldıq.                         

Dağları, daşları bilki aşanda,

Düşündük, nəhayət, biz də bac aldıq!

    Qarabağ müharibəsi başlanan gündən xalqımızın fədakar, qəhrəman oğulları vətənə ləyaqətlə xidmət göstərmiş, Azərbaycanın suverenliyi uğrunda mərdliklə, rəşadətlə vuruşmuşlar. Məhz buna görə də müasir Azərbaycan poeziyası Qarabağ müharibəsində böyük qəhrəmanlıq, igidlik göstərmiş övladlarımızın bədii obrazını yaratmağa çalışmışdır:

Qarabağ bizimdir, deyib babalar,                        

Oğullar böyüyüb onu aldılar.

 Döyüşdə Vətəni ucaltmaq üçün,                               

 Al-qana boyanıb ZƏFƏR çaldılar!

     Nizami müəllim təpədən-dırnağa vətənpərvər bir insandır, onun Vətən sevgisini, şəhid ehtiramını olduğu kimi səsləndirməyi özümə borc bilirəm: “Kaş, xocalılar sağ olaydı və kaş, Xocalıda həlak olan şəhidlərdən biri də mən olaydım. Kaş, ömrümü Xocalıda əzab verilən və meşələrdə donan Xocalı sakinlərindən biri də mən olaydım və düşmənlə mərdliklə kənd sakinlərinin azadlığa qovuşmasına görə döyüşərkən qəhrəmanlıqla həlak olaydım. Bax, bu günü mən ən xoşbəxt bir gün sanardım!”

 Şəhidlər, bilin ki, ölməyibsiniz!                

 Anamın telləri sizə yadigar!                                     

 Ay Ana, şəhidlər unutmur səni,

 Sənə al bayraqlı ZƏFƏR bağışlar!

    Ən müqəddəs və ən uca zirvə olan şəhidlik ata-babalarımızdan bizə miras qalan tor- pağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümünü göz önünə alıb döyüşə atılmaq deməkdir. Mərd, igid oğulları olan xalq isə heç vaxt yada, namərdə baş əymir, daim qələbələr qazanır:

Əsgərim – QƏLƏBƏ! Əzmim – döyüşüm –

Mənim daim şöhrət, səadətimdir!           

Onun varlığından sevinirəm mən,           

Döyüşə güc verən mətanətimdir!

     Bu yolda şəhid olanlar, igidliyi, qəhrəmanlığı ilə seçilənlər zaman keçdikcə əfsanəyə çevrilir, nəsildən-nəslə ötürülür. Əsrlərdən bəri poeziyada, nəsrdə, musiqi və rəssamlıqda, ekran və səhnədə, arxitekturada azadlıq, istiqlal mücadiləmizə aid mübariz ruhlu çoxsaylı nümunələr yaradılıb. 34 il bundan əvvəl - 1990-cı il yanvarın 20-də təpədən-dırnağadək silahlanmış “xilaskar” sovet ordusunun Azərbaycan xalqının müstəqillik hərəkatını boğmaq məqsədi ilə törətdiyi şənbə faciəsi xalqımızın qan yaddaşından heç vaxt silinməyib və şairlərimiz də bu faciəyə böyük maraq göstəriblər. Hər il Tiflisdən Bakıya 20 Yanvar faciəsinin anım günündə şəhidlərin məzarları önünə gələn Nizami müəllim torpağı qanları ilə vətənləşdirənləri ziyarət etməyə borclu olduğunu, onlara sonsuz ehtiramını ifadə edərək yazır:

Anamın sözləri ürəkdən gəlir,

Eşidin, a dostlar dediyi sözü:             

Qanlı Yanvar, dağ çəkibdir sinəmə, 

Hələ sağalmayıb süngü yarası.

Hər il dərd çəkərək yola çıxıram,

Tiflis-Bakı, Bakı-Tiflis arası!

     O qanlı şənbə gecəsində bu qırğına “fərman” verənlər, günahsız insanları qanına bələyənlər nifrətlə xatırlanır, şəhadətə yüksələn azadlıq arzulu insanlar isə böyük ehtiramla anılır. Çünki o müdhiş hadisələrdən imperiya qüvvələrinin vəhşiliyi də, azadlıq mücahidlərinin yenilməzliyi də boy göstərir, haqq səsimizin heç bir vəchlə batırıla bilməyəcəyinin şahidi oluruq. Tankla, topla silahlanaraq, xalqı əzməyə gələn sovet qoşunlarının qarşısına əliyalın çıxan insanların işıqlı xatirələrini yad etməyə hər kəsi çağırmışdır:

 Yanvarda sizlər də gəlin Bakıya,

 Bu ömrün əlçatmaz yolları vardır!     

 Bu Qanlı Yanvarın sirrləri çoxdur,                       

 Mənim həsrətim də uzaq yollardır!

    Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, onlar heç vaxt unudulmur. Əsrlər ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Qalibiyyət sevinci yaşayan şair hər birimizin əvəzindən Vətənin, millətin yolunda şüurlu surətdə canını fəda edən şəhidlərin qəlbimizdə daim yaşadığını, unudulmadığını misralarda vurğulamışdır:

Ölmədi şəhidim, daha yaşayır,                           

Odur qəhrəmanı obanın, elin!

Qarabağ sanki bir ilham pərisi,                  

Analar, yeni bir VƏTƏNƏ gəlin!

    Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur. Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə Vətənsiz yaşaya bilmir. Bu amal uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğul və qızlarımızı yad etmək, xatirəsini əziz tutmaq, onları hər il Anım Günündə xatırlamaq isə hər birimizin ən müqəddəs borcudur. Söz yaradanın insana lütfü, bəlkə də ən böyük hədiyyəsi olduğundan ədəbiyyatın da məqsədi həm də insanların ruhuna və ürəyinə yol tapmaqdır.

    Nizami Məmmədzadə poeziyasında sözün dəyəri, bədii çəkisi vardır. Öz dəsti-xətti olan şair canlı dildə, xalq üslubunda və məzmunca orijinal olan şeirləri ilə oxucusunun qəlbinə rahatlıqla yol tapa bilir. Onun poeziyasında həm sevinc var, həm kədər; həm vüsal var, həm həsrət; həm sevgi var, həm də nifrət. Nizami müəllim yarım əsrdən çox yaşadığı həyat təcrübəsini və görüşlərini poeziyasında sadə dildə ifadə etməyə çalışmışdır. Vətən nisgili, torpaq itkisi, yurd həsrəti, zorla sürükləndiyimiz müharibənin törətdiyi bəlalar və nəhayət QƏLƏBƏ müjdəli misralar, qalib əsgər və zabitlərimiz və ölməz şəhidlərimiz, onların misilsiz qəhrəmanlıqları poemanın əsas ideya istiqamətini təşkil edir. Sevindirici haldır ki, poemada Azərbaycanın AZADLIQ uğrunda mübarizə tarixinin qanlı səhifələrindən olan 20 Yanvar faciəsindən 34 il sonra erməni işğalında olan torpaqlarımızın Vətən oğulları sayəsində igidliklə azad edilməsi sevincini bədii dildə bəyan etmək Nizami müəllimin taleyinə yazılmışdır. Nizami Məmmədzadə əldə edilən ZƏFƏRLƏ 20 Yanvar şəhidlərinin qisası alındığını poemada qürur hissi ilə dilə gətirmiş, AZADLIQ uğrunda şəhidlər verən xalqın yasa batdığı halda belə təmkinini, qürurunu qoruyaraq, düşməndən aman diləməyərək mücadilənin sonunda müstəqillik qazandığını, torpaqlarında suverenliyini tam bərpa etdiyini də dilə gətirmişdir:

 Şəhid anasının üzü gülərüz,

 Hər alqış sədası ona bir dua!

 Oğul qisasını alıb dostları,               

 Dərd, ələm çəkmir, ana bir daha!

    Nizami Məmmədzadə “Şəhid ürəyindən keçən misralar…” kitabı ilə təsdiq etdi ki, onun da Azərbaycan poeziyasında öz sözü, öz imzası var! Poeziyanın bu enişli, yoxuşlu yollarında Nizami müəllimə uğurlara imza atmağı arzulayır, yeni-yeni poetik nümunələrin müəllifi olmağı arzulayıram. Məşhur bir fikir var ki, şair olmaya da bilərsən, amma vətəndaş olmağa borclusan. Hər zaman yazdığım kimi “Nə xoş ki, Nizami Məmmədzadə məhz vətəndaş şairdir!”

“Şəhid ürəyindən keçən misralar…” poemasına ön sözün müəllifi:

Mehriban Əsədullasoy (Quliyeva)

Filologiya üzrə fəlsəfə doktoru, dosent