Xaricdə yaşayan bəzi qaçqınlar oktyabrın 26-da keçiriləcək seçkilərdə səs verə bilməyəcək
Gürcüstanda rəsmi fiziki ünvan olmadan bir çox qaçqın, o cümlədən müvəqqəti olaraq xaricdə yaşayanlar seçkilərdə səs verə bilməyəcəklər. GAXA-nın Gürcüstan mətbuatına istinadən məlumatına görə, Problem, Suxumi kimi işğal olunmuş ərazilərdə qeydiyyatla bağlı yaranıb. Abxaziyadan olan ABŞ-da yaşayan qaçqın Lado Samuşia işğal altındakı Suxumidəki ünvanda qeydiyyatda olduğu üçün səsvermədə iştirak edə bilməyəcəyini öyrənib. O, ünvanını faktiki ünvanına dəyişmək istəsə də, qaçqınların qeydiyyatı ilə bağlı çətinliklər üzündən onun xahişi rədd edilib. Bu səbəbdən bir çox qaçqın bütün lazımi sənədləri olmasına baxmayaraq, seçkilərdə iştirak edə bilməyəcək.
“Mən uzun müddətdir ki, Amerikada qanuni işləyirəm. Məndə Gürcüstanın konsulluğunda (Nyu York) qeydiyyatda olan Gürcüstan şəxsi nömrəsi, pasportu, şəxsiyyət vəsiqəsi var. Tsalenjixada mənim adıma qeydiyyatda olan evim var. Bir sözlə, mən meşədə azmışam. Mən vicdanlı vətəndaşam və dövlət bilir ki, mən həqiqətən varam. Seçkilərdə iştirak etmək istədim, Kanzasdan Nyu-Yorka təyyarə bileti aldım və otel bron etdim.
Fikirləşdim ki, seçki məntəqəsinə gedib pasportumu göstərib səs verəcəm. Bu sadə görünür. Məlum oldu ki, mən MSK-nın siyahısında olmadığım üçün seçkilərdə iştirak edə bilməyəcəm, üstəlik, MSK-nın siyahısına düşməyin də yolu yoxdur”, - Lado Samuşia sosial şəbəkədə yazıb. Ladonun sözlərinə görə, onun seçici siyahısına salınmamasına səbəb onun Suxumi ünvanında rəsmi qeydiyyatda olmasıdır.
Mərkəzi Seçki Komissiyasının sədr müavini Georgi Şarabidzenin sözlərinə görə, səsvermə hüququ universal deyil və Gürcüstan vətəndaşlarının seçkilərdə iştirak etməsi üçün onlar qanunda nəzərdə tutulmuş standartlara əməl etməlidirlər.
Netqazeti xaricdə yaşayan və özünü vahid seçici siyahısında tapa bilməyən bir çox Gürcüstan vətəndaşı ilə söhbət edib. Qanuna görə, onlar müəyyən ölkədəki Gürcüstan konsulluqlarında qeydiyyatdadırlar, lakin seçici siyahısında olmadıqları üçün seçkilərdə iştirak edə bilməyəcəklər.
Gürcüstan prezidenti Salome Zurabişvilinin sözlərinə görə, onun oğlu və bacısı oğulları vahid seçici siyahısına daxil edilməyib. Onların bəzilərinə Mərkəzi Seçki Komissiyasından bildiriblər ki, onları siyahıya daxil edəcəklər.
Qeyd edək ki, oktyabrın 26-da xarici ölkədə 60 seçki məntəqəsi seçicilərə xidmət göstərəcək.
GAXA.ge