Avropa media qurumlarının missiyası: Gürcüstanda jurnalistika təhlükəli peşəyə çevrilib
Jurnalistika Gürcüstanda təhlükəli peşəyə çevrilib. GAXA-nın xəbərinə görə, bu barədə Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platformasının tərəfdaş təşkilatlarının hesabatında deyilir.
Avropa media birliyinin 10 nümayəndəsi Tbilisidə görüşlər keçirib və bundan sonra “vəziyyətin gözlənildiyindən daha ciddi və həyəcanverici olduğunu” bildiriblər. Səfərdən sonra hazırlanan hesabatda qeyd olunur ki, Gürcüstanda təkcə media azadlığının keyfiyyəti yox, ümumilikdə insan haqları ilə bağlı vəziyyət də pisləşir. Jurnalistlər təhdidlərə, fiziki və şifahi təhqirlərə, hüquqi və maliyyə təzyiqlərinə məruz qalırlar. Bəzi media işçiləri hücumlardan qorxaraq müşayiətçilərlə səyahət etməyə məcbur olurlar.
Hesabatda bildirilir ki, müxalifət jurnalistləri arasında narahatlıq yaradan amillərdən biri onların fəaliyyətinin “anti-Gürcüstan” kimi qiymətləndirilməsidir. Onlar iddia edirlər ki, hakimiyyət onlara qarşı kampaniya aparmaq üçün “milli hisslərdən” istifadə edir.
Hesabatda Gürcüstan hakimiyyəti jurnalistlər üçün təhlükəsiz və azad iş mühitini təmin etməyə çağırılır. Onlar həmçinin xarici agentlər haqqında qanunun və “LGBT təbliğatını” qadağan edən qanunun ləğvini tövsiyə edirlər ki, bu da onların fikrincə mediada ayrı-seçkiliyə və senzuraya səbəb olacaq.
İki günlük missiyanın iştirakçıları qeyd etdiyimiz təşkilatların nümayəndələri idi: Sərhədsiz Reportyorlar; Jurnalistlərə Ədalət Fondu; Beynəlxalq Mətbuat İnstitutu (BMİ); Senzura İndeksi; Avropa Jurnalistlər Federasiyası; Avropa Mətbuat və Media Azadlığı Mərkəzi (ECPMF); Avropa Yayım Birliyi (EBU); Jurnalistləri Müdafiə Komitəsi (CPJ).
GAXA.ge