Tbilisidə Azərbaycan səfirliyinin təşəbbüsü və dəstəyi ilə şəhidlərə həsr olunmuş tamaşa göstərilib

Bu gün Tbilisidəki Nodar Dumbadze adına Gənc Tamaşaçılar Teatrında Azərbaycan xalqının Vətən müharibəsində azadlıq uğrunda əsgər və zabitlərimizin qəhrəmanlığından, onların rəşadətindən bəhs edən tamaşa nümayiş olunub. "Komando" adlanan tamaşa Vətən müharibəsinin ildönümünə həsr edilib. GAXA-nın məlumatına görə, tamaşa Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Tbilisidə fəaliyyət göstərən “Era” Teatrının gənc aktyorları tərəfindən hazırlanıb.

Tamaşa başlamamışdan əvvəl bütün şəhidlərin ruhu və xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib.

Sonra Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək Azərbaycan xalqının azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb. Səfir Ulu Öndər Heydər Əliyevin gərgin əməyi və uzaqgörən siyasəti nəticəsində müstəqilliyimizin bərpa olunduğunu xüsusi qeyd edib. O, bildirib ki, müstəqilliyin ilk illərində düşmən qüvvələr tərəfindən Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuşdu. Ümummilli liderin uzaqgörən siyasəti və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti nəticəsində 44 günlük Vətən müharibəsində düşmən qüvvələri tərəfindən zəbt olunmuş torpaqlarımız işğaldan azad edildi. Birinci və ikinci Qarabağ müharibəsində xalqımız şəhidlər verdi. Onların arasında Azərbaycan torpaqlarının azad olunması uğrunda qəhrəmanlıqla döyüşən və həlak olan Gürcüstan əsilli soydaşlarımız da var. Məlumata görə, Azərbaycan dövləti və Gürcüstandakı Azərbaycan səfirliyinin rəsmi şəxsləri hər il yaddaşımızdan silinməyən, qəhrəmanlıqla Qarabağ uğrunda həlak olan şəhidlərimizin Anım Gününü keçirir, onların qəbirlərini ziyarət edir, şəhid ailələrinə, qazilərimizə daim diqqət və qayğı göstərir.

Tədbir çərçivəsində Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun anası Rəhilə Rüstəmova da vaxtilə Tbilisi Dövlət Universitetinin tələbəsi olmuş oğlunun qəhrəmanlığını qiymətləndirən və ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən "Füzulinin azad olunmasına görə",  “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin” azad olunmasına görə" və Vətən uğrunda" medalları ilə təltif olunduğunu bildirib. Şəhid anası Rəhilə Rüstəmova bütün şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə və Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlıq edib. O, bildirib ki, bütün şəhid anaları övladları ilə qürur duyurlar.

Tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Anar Rafiqoğlu deyib ki, səhnə əsərini hazırlamaqda məqsəd rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlıqlarını, xalqımızın yenilməz iradəsini nümayiş etdirməkdir.
 Çıxışlardan sonra tamaşa nümayiş etdirilib.
Tamaşanın əsas süjet xəttini 44 günlük Vətən müharibəsində yaralı əsgər yoldaşını döyüş meydanından sağ çıxarmağa çalışan komandirlərin və tibb bacısı Nigar xanımın göstərdiyi qəhrəmanlıq xüsusilə tamaşaçıların diqqətini cəlb edib. Tamaşada Qeyri-bərabər döyüşdə əsgər və zabitlərin, bir vaxtlar hərbçi olan atasının son arzusunu yerinə yetirmək üçün ağ xalat geyinib cəbhəyə yollanan bacarıqlı tibb bacısı Nigarın qəhrəmanlıqla döyüşən və sonra yaralanan əsgərlərə göstərdiyi qəhrəmanlıq dolu səhnələr nümayiş etdirilib. Alqışlarla qarşılanan tamaşada rolları gənc aktyorlar Elnur Vəlizadə, Elvir Hasanoğlu, Gül Cəfərova və Əli İlqaroğlu ifa ediblər.
Tamaşada Türkiyənin və Türkmənistanın Gürcüstandakı səfirləri, Gürcüstanın rəsmi dairələrinin nümayəndələri, AZEBİ və digər strukturların rəhbərləri, iş adamları, din xadimləri, şəhid ailələrinin üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və Gürcüstanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

GAXA.ge