Jurnalistlərin yarpaq tökümü...

Bu dünyadan istedadlı jurnalist Hidayət Elvüsal da köçdü. Son vaxtlar Azərbaycanda jurnalistlərin yarpaq tökümü başlamışdı. Heç inana bilmirəm. Hidayət Elvüsal da köçdü. Təəccüblü o idi ki, bu yaxınlarda telefonla danışmışdıq. Çox sevinirdi ki, nəhayət, danışmağa imkan tapdıq. Özünün sözlərinə görə, son vaxtlar qocalığı boynuna almışdı. Mən də digər jurnalistlər kimi onun qələmə aldığı yazıları sevə-sevə oxuyurdum. Bakıda olanda hərdən "Borçalı" qzetinin redaksiyasının yanında olan "SƏHƏR" qəzetinin otağında oturduğunu görüb salamlaşırdıq. Siqaretini yandırıb mənimlə söhbət edərdi. Mən Borçalıdan söhbət edəndə o da anadan ölduğu eli, obadan kövrələ-kövrələ söhbət edərdi. Qardaşı, istedadlı şair Sücaətin (Sücaət Kəlbəcərli) şeirlərindən danışardıq. 
Keçən il Hidayət Elvüsalın qardaşı, el şairi Sücaətin şeirlərini Tiflisdə fəaliyyət göstərən Azərbaycan dilli TV  onun yaradıcılığına həsr olunmuş verilişdə səsləndirilmişdi. Qardaşının yaradıcılığı haqqında ona məlumat vermək istədim. Facebookda ona dostluq göndərdim. Xeyli vaxt cavab vermədi. Sonra ona yazdım: "Hidayət müəllim, əziz dostum! Salam! Yəqin məni yadından çıxarmısan. Tanımadığın üçün dostluğumu qəbul etmirsən!? Yəqin yadındadır? Vaxtilə tez-tez "Borçalı" qəzetinə gələrdim. Nizami Məmmədov imzası ilə yazılarım çıxardı. Sonralar Nizami Məmmədzadə imzası ilə məqalələr, hətta şeirlər yazmağa başladım. Jurnalistika fakültəsini bitirəndən sonra diplom rəhbərim olan hğrmətli Nəsir İmanquliyev məni "Bakı" axşam qəzetinə işə götürdü. Bir müddət orda işləyəndən sonra Borçalıya qayıtdım. Marneuli Rayon Partiya Komitəsində təlimatçı vəzifəsində işlədim. "ZİYA", "GÜNƏŞ" adlı qəzetlərin baş redaktoru oldum. "Əhli-Beyt" jurnalında həm də redaktor müavini işlədim. Sonra universitetdə 4 il dərs dedim və digər vəzifələrdə işlədim. "APA"-nın Gürcüstan müxbiri oldum. Gürcüstanda fəaliyyət göstərən Amerika təşkilatında işlədim. Sonralar sizlə görüşə bilmədim. İndi pensiyaçıyam. GAXA.ge saytının rəhbəriyəm. Hərdən xəbərlər, digər yazılar verirəm."

Sonra Hidayət müəllim mənə qısa bir cavab yazdı: "Salam, qardaş! Mən qocalmışam, canım. Bu telefonun texniki cəhətlərini bilmirəm. İndi bacardığım qədər axtarıb tapıram və inşallah , tərəfdaş olarıq."

ki gün bundan əvvəl el şairi Sücaətin şeirlərini Tiflisdə Az. dilində onun yaradıcılığına həsr olunmuş verilişdə səsləndirdilər. O barədə məlumat vermək istədim,- deyə ona qardaşının yaradıcılığını Gürcüstanda da sevənlər olduğunu bildirdim.

Hidayət Elvüsaldan cavab gəldi: "Təşəkkür edirəmHəm bu xeyirxahlığı edənlərə, həm də Sizə minnətdaram."

Təşəkkürümü bildirdim və yazdım ki, təəssüf edirəm ki, qocalığı tez boynunuza aldınız!

Hidayət Elvüsal qısa bir söz yazdı: "Vaxtıdır." 

Ona cansağlığı arzuladım: "Allah cansağlığı versin! Özünüzə baxın. İnanmıram ki, belə tez qocalıbsınız. Mən görəndə vuran-tutan gənc idiniz, istedadlı jurnalist kimi yazıb-yaradırdınız!"

Keçən il noyabrın 26-da təyyarə ilə Bakıya uçdum, təəssüf ki, Hidayət müəllimlə görüşə bilmədim.

Allah rəhmət eləsin, məkanı cənnət olsun!

Dostuma dərin hörmət və ehtiramla: Nizami Məmmədzadə, Azərbaycanın Əməkdar jurnalisti

GAXA.ge