Mənim sevdiyim jurnalistika; əzmkarlıq və sənətkarlıq...
Jurnalist əzmkarlığı ilə peşəkarlığı birləşəndə çox böyük sənət nəhəngi meydana gəlir. Sözsüz ki, bu, əzmkarlığın nəticəsində anadan olur. İllərlə əlində qələm gecə-gündüz çalışan jurnalist ömrünü peşəkarlıq yolunda əridir və sonda sanki birdən anadan olur, özünü tanıtmağı bacarır. Bu bacarıq, əzmkarlıq onu dünyaya tanıdır. Jurnalist və onun sevdiyi jurnalistika və sənətkarlıq bax, beləcə meydana gəlir! Jurnalistin ömür yollarında, yaradıcılıq dünyasında qələmi ilə, külüngü ilə qazıb torpağın qoynunda yaratdığı jurnalistika göz açarkən jurnalistika tarixinə beləcə hopur. Jurnalistika çox böyük çətin və tarixi bir peşədir. Onun qoynunda birləşdirdiyi əzmkarlıq və sənətkarlıq isə tamam başqa bir aləmdir. Jurnalist bu aləmdə anadan olarkən əzmkarlıq da meydanda cövlan edir və o, sənətkarlığı ilə heykəltaraş kimi istedad dolu sənət yaradır. Bu sənətin duruşu, mərdi-meydanda sənət təcəssümünü əxz etməsi onu dünyada tanıdır.
Jurnalistika sahəsində oxucuya daha xoş gələn Əməkdar jurnalist termini isə çox gözəl sözdür. Jurnalist peşəsi adlandırdığımız bu sənət rəssamlıqda necə sənət kimi tarixin qoynunda biz jurnalistlər qələmlə bu dünyada necə meydan sulayıb, heç kimə fikir verməyib özümüz yazıb-pozaraq möhtəşəm bir əsər yaradırıqsa, bu ömrümüzün gözəllik aləmini yaradan peşə kimi yaranır və bizi məşhurlaşdırır. Mən heç vaxt bu peşədən ayrılmaq istəmirəm. Bu peşədən ayrılmaq isə mənə əzab verir. Mən qələmə, fikirimə, düşüncəmə təşəkkür edirəm ki, jurnalistikanı mənə bəxş edib. Yəni mən qələmimin gücü ilə meydanda cövlan edərək yaranmışam. Mənə təşəkkür düşübsə, mən də qələmimə minnətdaram ki, o, bir ana kimi jurnalistikanı yaradıb. Amandır, məni jurnalistikadan ayırmayın, məni ondan ayırsanız, gözlərim də qapanar, mən özümün zənginliyimi sonucda oxucuma çatdıra bilməyəcəyəm. Oxuculara sürprizim isə mənim jurnalist qələmim sayəsində yazıb yaratdığım əsərlərimdir. Mən sənə vurğunam, jurnalistikam! Mənə elə gəlir ki, mən dünya üzünə gələndən sənə vurğunam. Mən sənə minnətdaram, sevimli jurnalistikam! Və mən ömrüm boyu sənin çağırışınla yol gedirəm. Mənim üçün sən bir dünya yaradırsan hər dəfə! Bu yaratdığın hər bir əsərdə sənin möhtəşəm əzmkarlığın varsa, bəlkə də onda mən ilk oxucu olaraq sənin yaratdıqlarını gözümlə oxuyanda səni igid qəhrəman kimi görürəm, jurnalistikam! Sənin düşündüklərini, dediklərini ilk oncə mən yazdım, jurnalist olaraq! Bunu sənlə məndən başqa heç kim görmədi və oxumadı! Və bir an öncə, o, meydana gələndə ya danışır, ya oxucunu sehrləyir, ovsunlayır və uzun illərin yadigarı kimi tarixə hopur...
Dünya üzündə, onun rəngarəng xəritəsi önündə çox oxucular meydana gəlib və hamı səndən, sənin yaratdıqlarından danışır, jurnalistikam! Mənim ilk öncə sevdiyim peşə kimi sənə vurulduğum və ağaclardan yaranan qələmimin məhsulu kimi bacardığım və dünyaya səpələdiyim məhsulum olan yaradıcılığıma hər kəs bir söz deməyə çalışır. Amma mən yenə də diqqətli nəzərimlə dəftər üzündə qələmimi ağ vərəqdə süzdürərək yazdığım hər bir xəbərə yenə də baxır, baxır sonda ağ vərəqə yazdıqlarım istədiyim kimi yarananda bu sevgi dolu ürəyimdə sanki sevdiyimə öz eşqimi etiraf edirəm və öz-özümə yazdığım xəbəri sevdiyimi elan edirəm.
Sonda jurnalistikada onu sevdiyimi etiraf etməyi də öyrəndim. Bu, azadlıqdan meydana gəldi, azad sözün əzmkar olduğunu anladığım üçün, yazarkən inadkar olduğum üçün yarananda mən daha möhtəşəmliyimə inandığım üçün meydana gəldi. Mənim inadcıl qürurum jurnalistikanı sevdiyimə görə, oxucuma da məni sevdirdi. Mən gözəl günlərdən də, zülm dolu dünyada baş verən hadisələrdən də yazmışam, lakin ölümlə, qan dolu meydandakı hadisələrdən yazdıqlarım da məni sevdirdi. Xoş gəldin bu meydana, jurnalistikam! Sən olmasan, sənin əzmkarlığın və peşəkarlığın olmasa, bu dünya boyu heç zaman mən səninlə birgə duyğularımdan yaza bilməzdim. Mən, bəzən sənə qanın izləri ilə dolu çiçəklər də bağışlamağı bacarmışam! Bu, sözsüz ki, QƏLƏBƏ və ZƏFƏR dolu günlərimiz qeyd edilərkən olub! Sevinc dolu günlərimizdə də gözlərimdən qan-yaş axıb, özüm bilmədən də belə bir mənzərə meydana gəlib. Belə zamanı gələn göz yaşlarımdan da yazmışam, jurnalistikam! Bəzən ağlamışam da, gülmüşəm də! Göz yaşlarımı zümrüd dolu anlayış hesab etmişəm. Göz yaşım olmasaydı, sən harda qərar tutacaqdın, jurnalistikam?! Bu, mənim istəyimdən deyil, şəhidimin, döyüş meydanlarında gördüyüm igidimin mərdi-meydana vuruşduğu səhnəni görərkən yazdıqlarımdan sonra doğulan göz yaşlarımdan əmələ gələn və süzülüb şəhidimin qəhrəmanlığından yazarkən meydana gəlib jurnalistikam! Mən gözüm önündən qaçıra bilmirəm bu səhnəni! Məhz buna görə də yazmağı bacardım və bu yazmaq məni yaşatdı, əzmkarlığımı və peşətkarlığımı ucaltdı. Yenə görüşərik, jurnalistikam! Bu gün yoxsa, sabah yenə də görüşəcəyik! Mən bu həyatda yalnıız səndən daha çox dəstək gördüm! Var ol, həmişə! Gözəl dilimin gözəlliyini yaşatdığın üçün sənə minnətdaram, gözəl jurnalistikam! Sənə təşəkkür edirəm! Bu gün, bu qədər yazdım, sabahımı isə sənə buraxıram, onu necə yazmağı isə sən daha çox bilirsən! Həmişə hazır ol, həmişə yaz və tarixi yolumuzda inamla və ilhamla addımlayaraq yüksəlişə doğru uzanan yeni izlər aç, jurnalistikam! Sən daha çox qiymətə layiqsən, gözəl və məna dolu jurnalistikam!
Nizami Məmmədzadə, Azərbaycan Respublikasının Əməkdar jurnalisti
P.S: Çoxhörmətli Əlirza müəllim! Sizə jurnalistikamıza aid ürək sözlərimdən yaranan "Mənim sevdiyim jurnalistika, əzmkarlıq və sənətkarlıq" adlı məqaləmi rəhbərliyinizlə nəşr edilən "Kredo" qəzetində dərc etdiyiniz üçün böyük təşəkkürümü bildirirəm. Sizin təqdirəlayiq diqqətiniz mənim qələmimi jurnalistika sahəsində daha da gücləndirir və dövrün tələbinə uyğun mənalı məqalələr yazmağa çalışır, ən başlıcası isə həmişə sevə-sevə nəşrini gözlədiyim "KREDO" qəzetində dərc olunduğuna görə həmişə sevinirəm! Var olun, Sizə böyük uğurlar arzulayıram!
GAXA.ge