Almaniyada İslam Mərkəzinin fəaliyyəti rəsmən qadağan edilib

Almaniya Daxili İşlər Nazirliyi Hamburqdakı İslam Mərkəzinin fəaliyyətini rəsmən qadağan edib. GAXA-nın məlumatına görə, bu barədə Deutsche Welle məlumat yayıb.
Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, Hamburq İslam Mərkəzi İslam İnqilabının Ali Rəhbərinin birbaşa nümayəndəliyidir. O, Almaniyada islam inqilabı ideologiyasını aqressiv şəkildə yayır və onu həyata keçirmək istəyir.
"Mərkəz islamçı totalitar ideologiyanı təbliğ edir, bu ideologiya insan ləyaqətinə, qadın hüquqlarına, müstəqil ədalətə və demokratik dövlətə qarşı yönəlib", - Almaniyanın daxili işlər naziri Nensi Fesser bildirib. Onun sözlərinə görə, mərkəz və onun nümayəndələri Livanın “Hizbullah” radikal qruplaşmasını dəstəkləyir və aqressiv antisemitizm yayırlar.
Ölkə üzrə polis tərəfindən mərkəzə aid 53 obyektdə axtarış aparılıb. Təşkilata məxsus əmlak müsadirə edilib. Heç kimin həbs olunması barədə məlumat verilməyib.
Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, qadağa şiələrin dinc dini ayinlərinə şamil edilmir.
GAXA.ge