“Şəhid ürəyindən keçən misralar…”

Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il 27 sentyabr Azərbaycanda Anım Günü kimi qeyd olunur. 

Azərbaycanın Əməkdar jurnalisti, AYB-nin üzvü Nizami Məmmədzadənin qələmə aldığı 300 bəndlik poema qan və can borcumuz olan bütün şəhidlərimizə ithaf edilib. Əsərdə şəhid ürəyindən keçən misralar, analarımızın arzu və diləyi, duaları, əsgərlərimizin Vətən uğrunda qələbəsi naminə alqışları, Vətən qəhrəmanlarının döyüşdüyü yollarda, uca dağların dik zirvələrində onların igidliyi barədə sevinc hissləri, namərd düşmənin alçaq əməlləri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Qarabağ uğrunda əzmlə mübarizəsi, ona həmdəm olan Ulu Öndərin tösiyyələri haqqında müəllifin poemada düşündükləri misralar, yaddaşımıza həkk olan və o böyük şəxsiyyətə, müdrik insana olan sevgiləri verilib.

 (Poemadan bir parça)

 Göz yaşım, bağışla, saxlayammıram,                 

Dizlərim damcıdan ah, yaralanıb!          

Mənim bu əzaba içim göynəyir,                

Ürək bütöv deyil, bax, paralanıb.

 

Şəhidim bayrağa bürünüb, yatıb –                           

Arzusu qəbirdən baxıb boylanır.           

Bir ana söykənib qəbir daşına,

Ağı deyib, oğul deyib hoylanır!

 

Zamanmı kövrəkdir, mənmi kövrəyəm,                

Ay ana, son günlər qocalmışam mən!

Amma düşünürəm, sənə gərəyəm,        

Torpaqdan yapışıb ucalmışam mən!

 

Sənin gözlərindən kədər-qəm yağır,                         

Dünyanın ən ağır kədəri sənin.

Vətən göylərindən güllələr yağır,          

Şəhid anasısan doğma Vətənin!

 

Şəhid anasıyam, yaşamaq üçün,              

Ömür yollarından borc etməliyəm.

Oğlumun qəbrinə gül-çiçək düzüb,      

Orda ağac olub mən bitməliyəm!

 

Qəlbimin ən şirin sözü səndədir,                         

Hər layla çalanda şəhid oyanır.          

Anayam, şəhidim torpaq altında –       

Layla eşidəndə hey məni anır.

 

Şəhidəm, ürəkdə güllə yarası,                              

Gecə də, gündüz də heç yatammıram.

Qarşımda ilanın ağı-qarası –                

Ona düşmən deyib güllə atııram!

 

Bu torpaq uğrunda döyüşdüm, ana!

Min ağı söylədi şip-şirin dillər!

Bəzəndi tabutum al bayrağımla,                

Məni qəbrə qoyub ağladı ellər!

 

Dolandı başıma yarım-sevgilim,

Başdaşım vətənə bayrağım oldu!                

Gördüm ki, öləndə kəfənim üstə,

Tökülən bir ovuc torpağım oldu!

 

Bu torpaq müqəddəs, bu torpaq həyat,

Gələcək nəsilə ərmağan verim!

Bu torpaq üstündə əkdiyim gülün –       

Bir qönçə gülünü siz mənə dərin!

 

Dərin, o gülləri arzularımtək,

Dərin, bayrağıma oxşar gülü siz!             

Deyin, qəbrim üstə bayatı, şeir,

Gəlsin göz yaşıyla, bir gülüzlü qız!

 

Döyüş yollarında neçə igidlər,                          

Vətən nəğməsini qanla yazdılar.            

Cərgəli dağların döşündə durub,

Vətənçün ölməyi canla yazdılar.

 

Ürəyim döyünür arzu, ümidlə,

Şəhid nəğmələri mənə güc verir!            

Ən simuzər sözüm–Torpağım Azad!

Əsgərim yağını torpağa sərir.

 

Əsgərim – QƏLƏBƏ! Əzmim – döyüşüm –

Mənim daim şöhrət, səadətimdir!           

Onun varlığından sevinirəm mən,           

Döyüşə güc verən mətanətimdir!

 

Ürəyim döyünür Qələbə üçün,

Varlığım – şohrətim, gücüm – şücaət!   

Sən ey Vətənimin şanlı əsgəri,

Mən səndən alıram sevgi, məhəbbət!

 

Kaş, adlar içində adım çəkilə!

Könlümün bağçası meyvə gətirsin!         

Sevirəm mən səni, ey gözəl Vətən!

Sən mənə çiçəksən, mənə ətirsən!

 

Ömür keçdi, gün dolandı, ay doğdu,

Zaman bizə Qarabağı aldırdı.

O cəsur əsgərim, topsuz-tüfəngsiz,                

Bayrağımı zirvələrə qaldırdı.

 

Tale bizə möhlət verdi, yaşadıq,

Gözlərimiz bu dünyada mərd gördü.

Zalım gördük, namərd gördük, yaşadıq,              

Yorulmadan 30 ildə dərd gördük.

 

Dərdimizə məlhəm qoydu “Yumruğum”,

Hər ağrının dərmanıdır, torpağım!                   

Sevindik, düşməni məhv edib əsgər,            

Əlində ucalan bayrağa baxın!

 

Bayrağım Şuşada göyə ucaldı,

Hər ötən dəqiqə sevinc gətirdi.

Dəmir “Yumruğum” da çoşdu, çağladı,       

Əsgərim Şuşaya AZADLIQ verdi!

 

Ürəyim təmizdir – kağız kimi ağ,

Oraya yenidən sevinc yazıram.           

Yollarım Şuşaya uzanır, baxın!                                                                         

Yamyaşıl ormanda yenə azıram!

 

Şuşada gözümə tarix görünür,

Natəvanın sözü şeir, qəzəldir!

Bu şəhər xanların tarixi yurdu,                              

Hər küçə, hər bina, hər daş gözəldir!

                                   

Bu torpaq yenidən canlanır, baxın –

Bir dəstə çiçəyim bayrağa bənzər.       

Burda babalarım, çiçək əkiblər,                                 

O, daim tarixi torpağa bənzər!

 

Uca bir zirvənin başında duran,

O bayraq bizimdir, enməz bir daha!     

Vətən torpağında sevgi yaradan,                                     

Aydındır gücümüz Uca Allaha!

 

“İsa bulağı”nı görməmişəm mən,

Suyundan bir ovuc içib gələcəm!          

Şuşa qalasının daşı sökülüb –                                  

Daşı-daş üstünə qoya biləcəm!

                                   

Qarabağ! Mahnıda, sözdə səslənir,                         

Daha öz adını unudub yağı!

Güllələr uçanda onun üstünə,                                                                 

Unudub qorxudan solu, həm sağı!

 

Hər sevgi mahnısı bizə ruh verdi,

“Şuşanın dağları” bizdədir hər an.        

Daha da azalıb ürəyin dərdi,                                                                   

Yaşa Azərbaycan! Can Azərbaycan!

 

Ali Baş Komandan, Prezidentimiz,

ZƏFƏRli yolları füsunkar edib.         

Könlümün rübabı, kamanı, sazı,                                                                      

QƏLƏBƏ əzmiylə fədakar edib.

   

Vaqif babamızın durnası uçur,

Onun məqbərəsi bizə yadigar!

Burda Ulu Öndər sözünü deyib,                                                   

Burda onun qızıl kəlamları var!

 

Ay ANA, ay VƏTƏN, unutma məni,

Kövrək hisslərinlə ziyarətə gəl!

Şəhidəm, başdaşım bir süngü təki,                                          

Saplanıb min azğın düşmənə, sən bil!

 

Eşqim də bir nakam ömürlər kimi,                              

Heç zaman ayrılmaz sizdən, ay ana!

Düşmənlər hey qorxub “Dəmir Yumruğ”un –                           

Şaqqıltı səsindən qaçır hər yana!

 

Ömür gödəlməyib, uğurlu günlər,

Sizləri sevincə qərq edər, inan!

Gözəl Azərbaycan, vəfalı əsgər,                                                     

Ali Baş Komandan! Bizdəki – inam!

 

Nizami Məmmədzadə, Azərbaycanın Əməkdar jurnalisti,

AYB-nin üzvü

 06.07.2024