Etimad Başkeçid: “Mədəd Coşqun köhnə kişi, böyük insan və böyük sənətkardır” (Mədəd Coşqun-80)

Həyatın hər üzünü görmüş adam – Mədəd Coşqun haqqında deyilmiş ifadədir. Mədəd Coşqun kimilər yox, məhz onun özü haqqında, çünki mən onun qədər təlatümlü, kəşməkeşli, enişli-yoxuşlu, bəzən sakit-firavan, bəzən iztirablarla dolu bir həyat yaşayıb özü kimi qalmağı bacaran, taleyə yenik düşməyən ikinci bir insan tanımıram. Demirəm ki, belələri yoxdur, sadəcə mənim Mədəd əmimdən yoxdur... Onu lap körpəlikdən tanıyıram – ailəlikcə çox yaxın olmuşuq. Mədəd Coşqunla Murtuz Muradovun necə dost olduqlarını bilənlər bilir. Hamı səmimi, vəfalı, zəngin mənəvi dünyası olan adamla dost olmaq istəyir. Bununçün özün də belə insan olmalısan: indi müəllifini unutduğum məşhur sözlər nahaq yerdən xatırlanmır: «Dostunu göstər, sənin necə adam olduğunu deyim». Əlbəttə, bu ifadə heç də həmişə özünü doğrultmur: fransız filosof Pol Valerinin sözləri yada düşür: «Dostuna baxıb, insanlara qiymət verməyin. İudanın dostunın kim olduğunu bilirsiniz». Amma təbii ki, birinci hal qayda, ikincisi - istisnadır. İstisna isə həmişə qaydanı təsbit edir… İnsanların təkləndiyi, pərən-pərən düşdüyü, öz içinə qapandığı indiki zamanda Mədədlə Murtuzun təmənnasız, böyük dostluğunun yeri görünür… Onda Mədəd Coşqun Başkeçiddə «Trialeti» qəzetinin Azərbaycan bölməsinə rəhbərlik edirdi. Mədəd Coşquna görə demirəm, «Trialeti» bütün respublikada tanınır, sevilirdi. «Trialeti» - rayon qəzetiydi, amma Gürcüstan ədəbi mühitində öz çəkisinə, sambalına görə bəzi mərkəzi nəşrləri də üstələyirdi. Heç təsadüfi deyil ki, sonradan məşhurlaşmış bir çox yazarlar, o cümlədən də, Zəlimxan Yaqub ilk dəfə «Trialeti»də çap olunmağa başlamışdı. Mənim «Bahar gələndə» adlı ilk şeirim «Trialeti»də çap olunanda ikinci sinifdə oxuyurdum. Şübhəsiz, şeirə Mədəd müəllim «əl gəzdirmişdi»… Mədəd Coşqunun gözəl şeir deməyi var, istənilən qiraətçiyə fora verər; uşaqlıqdan bu yana həmişə onun şeir deməyinə heyranlıqla qulaq asmışam. Məclisdə öz şeirlərini oxumağa hazırlaşarkən qəfildən ayağa qalxıb boğazını arıtlamasından tutmuş, fəsahətlə susmasına, yersiz pafosa qapılmadan şeiri tamamlayıb yerinə əyləşməsinə qədər, hər şey onun böyüklüynün işartılarını daşıyır. Bu adam başdan-ayağa poeziyadır – istər şəxsi münasibətlərində, istərsə də ictimai həyatında, davranışında qəribə bir harmoniya, özləmli bir işıq var. Mədəd müəllimin örnək ailəsi haqqında da bir-iki kəlmə demək istəyirəm. Ədalət Mədədoğlu – Azərbaycanın tanınmış jurnalisti, gözəl yazarlarından biridir. Onun «Tiflisdə yeddi məhbus» kitabına yazdığım ön sözdə səsləndirdiyim fikirlərin hər birinin altından bu gün də imza atmağa hazıram: Ədalət təvazökarlığından özünü piar etməyə bilər, amma bu, onun öz üslubu, yazı tərzi, özəl manerası olan mükkəmməl bir yazıçı olması faktını inkar etmir. Sədaqət İsmayılova – beynəlxalq platformalarda Azərbaycan davasını aparan önəmli fikir adamı və nadir qələm sahibi; haqq dünyasına qovuşana qədər məşhur Bi-Bi-Si radiosunda çalışdı, efir vasitəsilə milyonların ürəyinə yol tapmağı bacardı… Mədəd Coşqunun mərhum həyat yoldaşı Ziyafət xanım son dərəcə kübar, ərdəmli bir qadın, əsil el anası idi. Suyu qızı Mətanətə də sıçrayıb… Mədəd Coşqun köhnə kişi, böyük insan və böyük sənətkardır. Yaşı səksəni haqlasa da, tale onu çətin sınaqlara çəksə də şuxluğundan, yaddaşından, ürəyinin intəhasız genişliyindən heç nə əksildə bilməyib. Odur ki, ona yalnız könül xoşluğu, möhkəm can sağlığı arzulayıram; Tanrıdan təmənnamdır, Ustad, qoy bundan sonra hər şey ürəyincə, könlüncə olsun! Etimad Başkeçid, yazıçı www.gaxa.ge