YADDAŞ YANĞISI poemasından parçalar...
Ehey, Boz qurdum, hay ver, hardasan, yol üstə çıx,
Könlündən səda-səda, ürəyindən istə, çıx,
Qoşun bağla nəslindən, sıra-sıra dəstə çıx,
Sənə hünər, dəyanət qızıl-gümüş, var da gəl,
Üzü batıya doğru Gündoğardan var da gəl,
Bələdçim ol, yol göstər, dağ aşaq, dərə aşaq,
Dağıtsın inadımız bənd aşaq, bərə aşaq,
Səninlə birgə gedək, yön tutaq, yörə aşaq,
Muğam-muğam sellənsin, havalansın tar da gəl,
Könüllər çiçək açsın, istəklənsin bar da gəl.
Qəlbimdə od qalansa, yanmazsan atəşlərə,
Uçarsan od içindən, göy üzü günəşlərə,
Qəzəbin güc göstərər qansız, dəmir dişlərə,
Sırtı yoluq Boz qurdum, dumanları yar da gəl,
Yolunu kəsə bilməz tufan, boran, qar da gəl.
Bircə ulartın bəsdir, silkələsin dağların,
İstəyinə yetirsin həsrətlərə yanarı,
Yetişək yurd yerinə, öpək daşı, divarı,
Paralansın sevincdən, üzü gülsün nar da gəl,
Açılan gül üstündə xəcil olsun xar da gəl.
Sənə peyman bağladım, könlümün yarı bildim,
Dünyamın tacı bildim, dövləti, varı bildim,
Ruhumun, varlığımın səddi, hasarı bildim,
İki cahan eşqinə ol könlümə yar da gəl,
Dodaqlarım çat verdi, qabar atdı bar da gəl.
Dayanma yol üstündə Turan bizi gözləyir,
Açılsın üzümüzə yolu, izi gözləyir,
Tanrı dağı Şuşanın bağrı, başı közləyir,
Qoca Zərdüşt od versin, atəş də gəl, qor da gəl,
Dədə Qorqud, Manasdan doğru-düzü sor da gəl.
Açılıb Qarabağın üzünə təzə bahar,
Könüllərdə yaz ola, ruhlarda gəzə bahar;
Araz boyu gül dərə, yağını üzə bahar,
İnadları qırmağa gücünü yığ, zor da gəl,
Məzar-məzar oyansın ulu ruhda gor da gəl.
Xudafərin üstündə tarixin nəfəsi var,
Arazın sularında əcdadların səsi var,
Sən türkün dayağısan, bilsinlər kimsəsi var,
Zülmətləri dağıdan işığa dön, nur da gəl,
Dirini əvəz bilək bir Musaya, Tur da gəl.
Xələfli yaxşı bilir, sənsiz yolu açılmaz,
Qəddi, dizi bükülər, əli-qolu açılmaz,
Qəzadan xeyir gəlsin... qismət, qədər qaçılmaz,
Yollar səni yormasın, sən yolları yor da gəl,
Qəzəbinlə dağılsın hiylə, kələk, tor da gəl.
***
Səs ver, bulaq başı, ürək deyənə,
O gənci, o qızı ovut bir az da,
Həsrətin dağını aşarıq yenə,
Qovuşar ömrümüz yenə bu yazda.
Yaddaş dumanından boylanan gözüm,
Gözləyir o qızı, indi gələcək,
Ey ürək, odunda közərir közüm,
Sanma ki, təzədən bəxtin güləcək.
Yağı yağmaladı ömür payımı,
İllərin həsrəti bələdi getdi.
Burda ucaltdığım bəxt sarayımı,
Qəmlər ömür-ömür ələdi getdi.
O qızın gülüşü yaddaş gülüdü,
Uçuram illərin işıq üzünə,
Yanan xatirələr xəyal külüdü,
Küləklər pay verir onun sözünə.
Kol üstə qırqovul öz quş dilində,
Salamla ayırdı xəyaldan məni,
Dəvə dərdlərimin donqar belində,
Adlayıb keçirəm çölü, çəməni.
***
Mən baxtıma kitab açdım, aradım,
İşıq gəzdim, soraq saldım hər dinə.
İstəyimin odu yandı sinəmdə,
Çox gözlədim Araz dinə, Kür dinə.
Çox üşüyən sinə tutdu istimə,
Dağ yeridi, dərə gəldi üstümə.
Baxa mənim ocağıma, tüstümə,
Ürəyində xalı yanan nər dinə.
Adım gəzdi soraq-soraq elimdə,
Əzbər bildim doğru-düzü dilimdə,
Qoşa tutdum, zər oynadı əlimdə,
Xal gəlmədi taleyimin nərdinə.
Güllər solub ötən ömrün bağında,
Sözü yoxdur qəm çağlayan çağın da,
Dayanmışam ağ yaşımın dağında,
Deyən yoxdur bu kimsənin dərdi nə.
Göy üzündən mələk gələ, “gəl” deyə,
“Gəl mənimlə ucalıqda gül” deyə,
Ulu tanrı, könül aça, dil deyə,
Şərik ola Xələflinin dərdinə.
***
Sinəmin teli yandı,
Ömrümün ili yandı,
Çağırdım bayatını
Dilimin dili yandı.
İlhamın bəy atı, gəl,
Dərdimin boyatı, gəl,
Sənin yolun yüyrəkdi
Hardasan, bayatı, gəl.
Qələm götür, yazı ək,
Payızı ək, yazı ək,
Taleyinə, bəxtinə
Bir gün gülər yazı ək.
El getdi, gəl atı çək,
Köç yolu... bayatı çək,
Can evmini üstünə
Söz gətir, bayatı çək.
Əli Rza Xələfli, Azərbaycan şairi və yazıçısı,
"Kredo" qəzetinin baş redaktoru
GAXA.ge