Gürcüstan Yazıçılar Birliyində şair-jurnalist Sona İsmayılovanın üç kitabının təqdimatı keçirilib
Gürcüstan Yazıçılar Birliyində şair-jurnalist, publisist, neftçi Sona İsmayılovanın müəllifi olduğu kitabların təqdimatı keçirilib. Tədbir GYB-nin və Gürcüstan Azərbaycanlı Aktiv Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbir çərçivəsində S. İsmayılova GYB-nin üzvü seçilib və ona birliyin həmsədri
Bağatur Arabuli tərəfindən vəsiqə təqdim olunub. S. İsmayılova GYB-nin üzvü
seçilməsinə və ona göstərilən etimada görə, birliyin rəhbərliyinə təşəkkür
edib. Tədbirdə bildirilib ki, yazıçının yaradıcılığında xalq varlığı, həyat
amili, insansevərlik özünəməxsus yer tutub.
Sona İsmayılova yaradıcılığı haqqında tədbir
iştirakçılarına məlumat verib. O, əslən Qərbi Azərbaycanlıdır, ziyalı ailəsində
anadan olub və hazırda Bakı şəhərində yaşayır, ADU-nun jurnalistika fakültəsini
bitirib. 36 ildir ki, Azərbaycan Dövlət Neft şirkətinin əməkdaşıdır, eyni
zamanda jurnalist kimi fəaliyyət göstərir. Onun qələmə aldığı yaradıcılıq nümunələri
müxtəlif ölkələrdə dərc olunub. 4 tarixi roman, 4 povest, 4 şeir, 4 hekayə və
uşaqlara həsr etdiyi 2 şeir kitabının müəllifidir.
Yazıçı AYB-nin, AJB-nin, İraq-Türkmən Yazıçılar Birliyinin, Özbəkistan Yazıçılar Birliyinin üzvüdür. O, bir sıra dövlət mükafatlarına layiq görülüb, ümumilikdə 16 kitabın müəllifidir.
Tədbirdə GYB-nin həmsədri Maqvala Qonaşvili, Özbəkistan parlamentinin deputatı Gülbahar Saidqəniyeva, Gürcüstanın Azərbaycanlı Aktiv Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva, əslən Cənubi Azərbaycandan olan yazıçı Nehir Akpolat və Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə və digər iştirakçılar S.İsmayılovanın yaradıcılığı haqqında fikirlərini bildiriblər. Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədzadə S. İsmayılovaya “Əsrin yadigarı Heydər Əliyev” və “Qanla yazılmış Xocalı” kitablarını hədiyyə edib.
GAXA.ge


