Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycanda rəsmi səfərdədir
İyunun 10-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri cənab İrakli Çikovani ilə görüşüb. GAXA-nın məlumatına görə, bu barədə Azərbaycan MN-dən bildirilib. Gürcüstanın müdafiə naziri İrakli Çikovani və nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşların məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Müdafiə Nazirliyində keçirilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra Azərbaycan və Gürcüstan respublikalarının Dövlət himnləri səsləndirilib, protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. Nümayəndə heyətini salamlayaraq onları Azərbaycanda görməkdən məmnunluğunu bildirən general-polkovnik Z.Həsənov xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu qeyd edib. Müdafiə naziri hər iki ölkə başçısının səmimi münasibətlərinin birgə əməkdaşlığa müsbət təsirini xüsusi vurğulayıb. Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə görülən işlərdən danışan nazir ölkəmizin 12 faizindən artıq ərazisinin minalarla əhatə olunduğunu bildirib. Qeyd edilib ki, minaların partlaması nəticəsində 361 nəfər mülki şəxs və hərbi qulluqçumuz xəsarət alıb, onlardan 68 nəfəri isə həlak olub. General-polkovnik Z.Həsənov Gürcüstanla strateji tərəfdaşlıq zəminində qurulan əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. Ölkələrimiz arasında 2024-cü il ərzində hərbi sahədə ümumilikdə 21 birgə tədbirin keçirilməsinin planlaşdırıldığını qeyd edib. Müdafiə naziri gürcüstanlı həmkarını cari ilin sentyabr ayında Bakıda keçiriləcək "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.