Usta qələm adamı Şərif Kərimli
“Əkinçi”dən başlayan Azərbaycan mətbuat tarixinin yaşı və yaddaşının miqyası elədir ki, burada inkişaf da, tərəddüdlər də, müəlliflərin və yazıların obrazları da aydın görünür. Dünəndən bu günə cəmiyyətin intellekt zümrəsinin elə bir nümayəndəsi yoxdur ki, onun tərcümeyi-halında mətbuatın adı keçməsin. Bir gerçək ondan ibarətdir ki, ictimai-siyasi, elmi, ədəbi-mədəni düşüncənin meydanı, hədəflərinin formalaşması, təsirləri və ümumiyyətlə, ziyalılığın özü mətbuata birbaşa bağlıdır. Bu mənada Şərif Kərimli həm mətbuatda formalaşan, həm də mətbuatın zamana görə formalaşmasında xidməti olan ziyalıdır.
90-cı illərədək BDU-nun jurnalistika fakültəsi ölkədə bu
sahədə ixtisas verən yeganə məktəb olub. Bu ixtisas da qəzet, radio-televiziya,
nəşriyyat üzrə alt qruplara bölünüb. Fakültədə jurnalistikanın nəzəri-praktiki,
tarixi, dil-nitq mədəniyyətinin böyük bilici alimləri çalışıblar. Mir Cəlal
Paşayev, Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Famil Mehdi, Qulu Xəlilli,
Şamil Qurbanov, Seyfulla Əliyev, Əliş Nəbili, Tofiq Rüstəmov, Mahmud Mahmudov,
Zinyət Əlizadə, Cahangir Məmmədli, Akif Rüstəmov... Onların hamısının adlarını
sıralasaq, iri bir siyahı alınar. Bu gün mətbuat və digər sahələrdə az-çox
tanınan, özünə yüksək mövqe-status qazanan tələbələr həmin müəllimləri
şükranlıq hissi ilə xatırlayırlar. Şərif Kərimli də məhz hərəsi özlüyündə bir məktəb
olan həmin müəllimlərin yetirmələrindən biridir. O yetirmələrdəndir ki,
istedadı, fəaliyyəti ilə adını mətbuat tarixinə yazdıra bilib. Ancaq nə dərəcədə
xidmətləri qiymətləndirilib, bu, ayrı
söhbətin mövzusudur. Çünki o, işində, xidmətində iddialardan çox, səmimi ictimai
vətəndaş töhfəsinə üstünlük verib.
Şərif Kərimli 1977-ci ildə BDU-nun jurnalistika fakültəsini
bitirib. 47 ildir ki, müxtəlif mətbuat orqanlarında çalışır. “Yazıçı” və “İşıq”
nəşriyyatlarında redaktor, şöbə mudiri, “Gənclik” (“Molodost”) jurnalında ədəbi
işçi, məsul katib, redaktor müavini vəzifələrində işləyib. Bu məsələdə də ona
Tanrı lütfünü əsirgəməyib. Ustad müəllimlərdən dərs aldığı kimi, Əjdər
Xanbabayev, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı kimi mütəfəkkir sənətkarlar
yanında özü də, qələmi də ustalaşıb.
Şərif Kərimlinin iş təcrübəsində qəzetçilik xüsusi yer
tutur. Onun qəzetçilik fəaliyyətinin əsas önəmi və şansı odur ki, fəaliyyəti
müstəqillik dövrünə düşüb. İlk müstəqil mətbuat orqanı olan “Azərbaycan” qəzetində
1989-92-ci illərdə məsul katib, baş redaktor müavini və sonra isə baş redaktor
olub. 1992-ci ildə bu qəzet 31 nəfər jurnalistin Milli Məclisə ünvanladığı məktub
əsasında Cümhuriyyət dövrünün parlament
orqanı olan “Azərbaycan” qəzetinin hüquqi varisi olaraq fəaliyyətə başlayıb və
Ş. Kərimli orada baş redaktor vəzifəsini tutub.
90-cı illərin önləri nə qədər ziddiyətli dönəm olsa da,
böyük tarixi əhəmiyyəti odur ki, xalqın, ölkənin azadlıq, müstəqillik
arzularının mücadilə meydanlarında gerçəyə çevrilməsi mərhələsidir. Ən böyük
acımız isə, doğma torpaqlarımıza – Qarabağa və Qərbi Azərbaycandakı qədim
tarixi torpaqlarımıza qarşı erməni təcavüzü baş qaldırmasıydı. Bir yandan da
Gürcüstanda Z.Qamsaxurdiya dövründə ərazi iddialari, tarixi saxtalaşdırmaq cəhdləri,
Borçalıda soydaşlarımızın hüquq və azadlıqlarına sayğısızlıq, separatizm,
milli-ayrıseçkilik meylləri özünü göstərirdi. O dövrün acıları ilə xoşluğundan
ağır idi. Müstəqilliyə gedən yolun mahiyyəti də elə bundaydı ki, çətinliyi nə qədər
ağırdısa, hadisələrə baş vurmaq üçün tələb olunan cəsarət ondan da artıq idi.
Bu baxımdan, Ulu Öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə,
onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” sözləri o müstəqillik
yolunun keçilməsi üçün impulsiv qənaətdir.
Şərif Kərimli belə bir ziddiyətli zamanda ilk müstəqil qəzet
olan “Azərbaycan”da kollektivlə birlikdə əsgər əhval-ruhiyyəsində çalışırdı. Bəzən
hərbi geyimdə də redaksiyada görünürdü.
Tez-tez qaynar nöqtələrdən reportajlar, ictimai diskussiyalar hazırlayırdı. Qəzetdə
Sabir Rüstəmxanlının atdığı irəliçi, demokratik təməl sonradan Şərif Kərimlinin
redaktorluğunda özünəməxsus şəkildə davam elədi. Qəzet nəinki günün nəbzini
tuturdu, o həm də nəbzi idarə edə bilirdi. Onda başqa yeni mətbu nəşrlər də
yaranmışdı və onların arasında “Azərbaycan”
qəzetinin lokomotiv imici, öz yeri, çəkisi vardı. Əminliklə deyirəm ki, yeni
dövr Azərbaycan publistikasının ən parlaq nümunələri ”Azərbaycan” qəzetində
olduğu kimi, heç bir nəşrdə dolğun təfərrüatla yer almayıb.
1988-1989-cu illərdə tələbə olarkən mənim də yazılarım “Azərbaycan”
qəzetində dərc olunub. Biz yeni nəsil jurnalistlər ən yüksək tirajla və peşəkarlıqla
çıxan o qəzetdə işləməyi arzulayardıq. Düzdür, 1991-ci ildə BDU-nun
jurnalistika fakültəsini bitirərkən ilk iş yerim başqa qəzet olub, amma sonrakı
mərhələdə uzun illər “Azərbaycan”da işləmişəm, qəzetçiliyi öyrənmişəm, təcrübəm
orada formalaşıb. Elə olub, redaksiyada gündəlik “letucka”larda yazıların
keyfiyyətini məsuliyyətlə, mətbəədə petiit, nonparel (qəzetlər o zaman linotipdə
yığılırdı) şriftləri ilə metal çərçivə üzərində qəzetin görünüşünün
effektivliyini müzakirə eləmişik. Komendant saatlarının qadağası ilə gecələri nəşriyyat
dəhlizlərində az keçirməmişik. Cəbhə bölgələrində gözlərimiz, qəhrəmanlıq da,
ölüm də görüb...
1992-ci il, günlərin birində mətbəədə qəzetin növəti nömrəsini
çapa hazırlayırdıq. O zamanlar gənclik həvəsiylə hər həftə işlədiyim “Fəryad”qəzetində
publisistik yazılarım dərc olunurdu. Onda “Azərbaycan”ın bir neçə işçisi də mətbəədə
idi. Onlardan biri mənə yaxınlaşıb, iş-gücdən, yazı-pozudan söz salıb soruşdu:
- Bizim qəzetdə işləmək istəyirsən? - cavab gözləmədən əlavə
elədi: - redaktor Şərif Kərimli səni görmək istəyir. Deyəsən, qəzetə işə dəvət
etmək fikri var. Sabah tezdən gəl.
Doğrusu, gözləmədiyim, amma qəzetin adına, nüfuzuna görə dəyərləndirilməli
təklif idi. Razılaşdım, getdim və sabahı gündən etibarən yeni məşhur kollektivlə
işləməyə başladım. Şərif müəllim olduqca tələbkar redaktor idi. Bir də
görürdün, işin axırı çağırdı ki, hazırlaş, sabah ezamiyyətə gedirsən. Bəhanə-filan
da qəbul olunmazdı. İş təcrübəmin ilk çətin məlhələsini mən o qəzetdə jurnalist
məsuliyyəti, riski və operativliyinin gərginliyi altında keçmişəm. Bu təcrübə
sonrakı fəaliyyətimdə maneələrin, çətinliklərin aşılmasında ən böyük dəstəkçi
olub.
Ş.Kərimlinin yazar kimliyi haqqında ən etibarlı mənbələr
onun araşdırma yazıları, ictimai-siyasi publistikası, sənədli bədii əsərləridir.
O, repotyor, publisist, qəzetçi-yazar kimi zamanında məşhurluğun nə olduğunu
görən, amma bundan zərrəcə sui-istifadə etməyən usta qələm adamıdır. Onu
yaxından tanıdığımdan, yaradıcılığına, vətəndaş, ictimai mövqeyinə yaxşı bələd
olduğumdan, tərəddüdsüz qeyd edirəm ki, Ş.Kərimlinin publisistikası mövzusuna,
xarakterinə görə bütünlüklə milli, ictimai və mətn texnologiyası etibarilə fərqli
mahiyyətə malikdir. Yəni o publistikasının mahiyyətində həm mənbəli xəbər, həm
fakt, həm analitik münasibət, həm də bədii təsvir vasitələri iç-içə təzahür
edir. Elə bu da Şərif müəllimin publisist kimi orijinallığıdır – “Ötən illərin
harayı” adlı dörd cildliyi və “8712 nömrəli əsir”, “Gürcüstan: ikili standart
siyasətinin yeni qurbanı” kimi.
Akademik Nizami Cəfərovun “O yaşadıqlarından danışır…” adlı
məqaləsində oxuyuruq: “Şərif Kərimli siyasi, elmi və bədii fəaliyyətini
bir-biri ilə uyğunlaşdırmağı və onları bir istiqamətə yönəltməyi bacaran
ziyalıdır. O, yaradıcılığının yarısını əhatə edən Borçalı problemini mətbuat
vasitəsilə, eyni zamanda ən yüksək rəsmi səviyyələrdə diqqətə çatdırmış, Azərbaycan
və Gürcüstan prezidentləri ilə görüşmüş və bu məsələ ilə bağlı soydaşlarımızın
arzu və istəklərini ifadə edən təkliflər vermişdir.
Ş.Kərimlinin redaktorluğu ilə çıxan qəzetlər ictimai-siyasi
hadisələrə heç vaxt birtərəfli şəkildə yanaşmayıb, həmişə problemi tam
aydınlığı ilə cəmiyyətə təqdim edib. Bu mətbu orqanlarda ictimai və dövləti işlərdə
tanınmış, torpaqlarımızın müdafiəsində rəşadət göstərmiş gürcülər və ingiloylar
barəsində də obyektiv, maraqlı yazılar yer almış, onların ictimai, sosial və
digər problemləri muxtəlif səviyyələrdə gündəmə gətirilmişdir.”
Şərif Kərimli idman jurnalisti deyil, amma idman jurnalistləri arasında daha çox tanınmışlardan, adı qalıcı olan yazarlardandır. Və onun idman jurnalistlərindən fərqi ondadır ki, o, çağdaş dövrümüzdə el pəhləvanlarından yazan yeganə yazıçı-publisistdir. Azərbaycan pəhləvanlarının yaşamı, fəaliiyyəti, möcüzəvi səhnə nümayişləri onun qələmində bitkin, cazibəli halda obrazlaşıb. Gələnəksəl türk xalq pəhləvanlığı (və pəhləvanlar) haqqında çox sanballı bədii-publisrtik, sənədli povestlər yazmaqla onların adlarını yazılı tarixin yaddaşına ötürüb – “Rəşid Pəhləvan”, “Sali Süleyman”, “Pəhləvan Müsəllim” kimi.
“Pəhləvanın taleyi” tarixi-sənədli romanı ağır atletika sahəsində,
sirk səhnəsində misilsiz xidmətlər göstərmiş milli pəhləvanlığın görkəmli nümayəndələrindən
olan, uzun illər Gürcüstan Milli Filarmoniyasında çalışmış Məhəmmədəli Qazaxlı
haqqındadır. 2023-cü ildə nəşr edilən romanda məşhur Məhəmmədəli Qazaxlının vətəndaş,
pəhləvan kimi ömür yolu və fəaliyyəti barədə bir-birindən maraqlı anlar, anılar
yer alıb. Müəllifin bu kitabını çağdaş dövr qəhrəmanlıq əsərlərinin dəyərli
nümunəsi hesab etmək olar.
Şərif Kərimli 1954-cü il iyunun 22-də Borçalıda,
Gürcüstanın Marneuli rayonunun Baydar kəndində anadan olub. Yaradıcılığında
qabarıq görünən motivlərdən biri də vətənə, yurda bağlılıqdır. Onun yazılarına
doğulduğu yurdun torpağının ətri, insanlarının comərd həyatının
ritmi-yaşantısı, təbiətinin rəngi-səfası hopub. Bəhs etdiyi mövzularda qoyulan
problem və qayğılara milli düşüncə, ictimai-sosial münasibət, soy-kök, dil, mədəniyyət
baxımından ziyalı-vətəndaş yanaşması vardır. “Böyük fəlakətin astanasında”, “Bakıdan
Borçalıya nə yaxınmış”, “Bir köç qayıdır geri”, “İflasa uğramış siyasət və gerçəklik”,
“Hara gedirsən, ay evi yıxılmış?!”, “Mən qurban verildim”, “Borçalı agrıları”,
“Gül verdik, güllə aldıq”, “Borçalıdan Bakıya bir köç gəlir -
qaytarmalıyıq!..”, “İtirilən nəslin harayı” əsərləri günün, insan qayğılarının
termoanalizi kimidir.
Şərif müəllimin yaradıcılıq trayektoriyasının özəyində
Borçalı-Bakı yolu, vətəndən vətənə səfər təəssüratlarının təsirləri durur. Bu
yol milli kimlik, ömür, məsuliyyətli yaradıcılıq yoludur. Yazılarının birindəki
qeydləri bu fikri yetərincə dolğun əsaslandırır:
“Həyatımda elə bir il olmayıb ki, mən doğma Borçalıma baş çəkməyim.
Bakı-Borçalı arasında getdiyim yolları əgər bir-birinə calasaydılar, bəlkə də
Yer kürəsinin belinə kəmər kimi dolamaq olardı! Hələ bu yollarda
yaşadıqlarımdan, qazandıqlarımdan və itirdiklərimdən danışmıram… Mənim üçün
dünyanın bütün düyünləri, bütün ağrıları, bütün arzuları, bütün sevincləri,
bütün kədərləri… bu yollardadır. Bu yolların o başında doğuluruq, yola çıxırıq,
yolun sonuna çatar-çatmaz bir daha geri qayıdırıq və gördüklərimizi,
yaşadıqlarımızı təzə doğulanlara danışa-danışa ölürük… Nə etməli, biz belə
olmuşuq, elə belə də olacağıq – üzü Altaydan, Yeniseydən bəri didərgin
ruhlarımızın sorağıyla dünyanı fırlana-fırlana gəlib Xəzərlə Qara dəniz həndəvərində
ilişmişik. Ayağımızı hara basırıqsa, əcdadlarımızın iniltisini eşidirik! “Sən Vətəndəsən!
Vətən sənsən! Vətən səndədir!”
Gürcüstanda Zviad Qamsaxurdiyanın prezidentliyi dövründə
yaranan qarşıdurma meylləri, soydaşlarımıza qarşı kriminogen hərəkətlər, təhsil,
mədəniyyət haqlarının pozulması, qədim tarixi yer adlarının dəyişdirilməsi
ziyalılarımızın haqlı narazılıqlarına səbəb olmuşdu. Millətçi şovinist
qrupların içində ermənilər əsas katalizator rolunda çıxış edirdilər. Müəyyən
sosial, milli yönümlü təxribatlara, təhdidlərə, hüquqsuzluğa reaksiya verənlərdən, mətbuatda etiraz səsini qaldıranlardan biri də
Şərif Kərimli idi. 1989-cu ildə qeydiyyatdan keçirdiyi “Borçalı”, 1992-ci ildə
təsisçisi olduğu “Sabah” qəzetləri bütövlükdə Borcalı məsələlərinə istiqamətlənmişdi.
Redaktoru olduğu“Azərbaycan” qəzetində isə hər həftə Borçalı haqqında silsilə
materiallar, vətəndaş məktubları, siyasi icmallar əksini tapırdı. Və nəhayət, Borçalı əsilli ziyalıların yurd təəssübkeliyi
səyləri nəticə etibarilə 1993-cü ildə Bakıda “Borçalı” cəmiyyətinin yaranmasına
gətirib çıxardı ki, qurumun təsisçilərindən biri də Şərif Kərimli idi. Bu gün də
onun ictimai fəaliyyəti bu yöndədir, 2016-cı ildə dövlət qeydiyyatına alınmış
“Borçalı” İB-nin sədridir.
Dövrün milli mücahidi, “Azərbaycan” qəzetinin ilk baş
redaktoru, xalq şairi Sabir Rüstəmxanlı yazır: “Mən Şərif Kərimlini 1978-ci ildən
– təyinatla “Yazıçı” nəşriyyatına gəldiyi gündən tanıyıram. O zamandan onun
bütün həyat və fəaliyyəti mənim gözlərim önündə cərəyan edib. 1989-cu ildə Ş.Kərimli
ilə ilk müstəqil mətbuat orqanı olan “Azərbaycan” qəzetində birgə fəaliyyət
göstərmişik. Ona görə də inamla deyə bilərəm ki, onun peşəkar qəzetçi kimi öz
işinə məsuliyyətli münasibəti, Azərbaycanın yeni qəzetçilik məktəbinin
yaradıcılarından birinə çevrilməsi və müstəqil mətbuatın inkişafındakı rolu
danılmazdır. Şərif Kərimli həyatının və yaradıcılığının əsas leytmotivinə, qayəsinə,
mənasına çevirdiyi Borçalı və Azərbaycan-Gürcüstan dostluğu ideyasını və
mehriban əməkdaşlıq münasibətlərini təkcə bu iki ölkənin mətbuatında deyil,
eyni zamanda, dünyada tanınmış, nüfuzlu, «Novoe russkoe slovo» (ABŞ-da çıxır),
«Nezavisimaya qazeta» (Rusiya), «İslami Birlik» (İran), «Sabah» (Turkiyə) kimi qəzetlərdə
təbliğ etmiş və indi də bu fəaliyyətini davam etdirir.”
90-cı illərin önlərində Borçalı ilə bağlı mətbuatda və
ictimai rəydə müəyyən narahatlıqlar özüünü göstərirdisə, burada perspektiv üçün
ziyalı ümidi, inamı da nəzərə çarpırdı. Gürcü və Azərbaycan xalqları arasında
münasibətlərin pozulması daim ermənilərin marağında olub. Şərif Kərimli də məqalələrində
həmişə erməni təxribatından narahatlığını ön plana çəkir: “Başqa millətlərdən fərqli
olaraq, tarixən gürcülər və azərbaycanlılar arasında ciddi ədavətə səbəb ola
biləcək müharibə və münaqişələr olmayıb. Ümumiyyətlə, Azərbaycanla Gürcüstan
arasında münasibətlər həmişə əməli səciyyə daşıyıb. Ermənilər daim bu iki dövlət
və xalq arasında nifaq salmağa çalışmış və bundan faydalanmaq istəyində olmuşlar”.
Ardınca da düşüncəsindəki ümidi ifadə edir: “Etiraf etmək
lazımdır ki, Eduard Şevardnadze və Heydər Əliyev hakimiyyətə gəldikdən sonra
onların şəxsi səyi və təşəbbüsü nəticəsində Gürcüstan dövlətinin hüquq- mühafizə
orqanlarının Borçalıda və ona bitişik ərazilərdə fəallığı artdı və burada hökm
sürən kriminogen özbaşınalığa qarşi ciddi əməliyyatlar həyata keçirildi...”
Yenə də üzdə olan həlli vacib problemləri deməkdən qalmır:
“Lakin E.Şevardnadze zamanında da borçalılara qarşı gizli şəkildə təzyiqlər
olunur, onların işlə təmin olunmasında əngəllər törədilirdi. Gürcüstan azərbaycanlılarının
ən böyük problemi olan torpaq problemi də məhz E.Şevardnadzenin vaxtında
yaradılmışdır.”
Və ardınca gələcəyə yönəlik inamını təsdiqləyir: “Nəhayət,
1996-cı ildə müstəqil dövlətin rəhbəri kimi Azərbaycan Prezidenti Heydər
Əliyevin Gürcüstana işgüzar səfəri ilə iki ölkə arasında münasibətlərin yeni –
üçüncü mərhələsi başlandı.”
Gürcüstada tarixi vətənlərində yaşayan soydaşlarımızın
bugünkü və gələcək fəaliyyətində dil, ədəbiyyat, təhsil məsələlərinin aprıcı təsirə
malik amil olduğu gün kimi aydındır. Bu gün vətəndən kənarda yaşayan azərbaycanlıların
dil, mədəniyyət, təhsil haqları dövlətimizin siyasətinin başlıca diqqətindədir.
Amma yenə də vətəndaş, ziyalı təklifi, təşəbbüsü həmişə yardımçı statusda çıxış
etməlidir. Şərif Kərimli soydaşlarımızın vətəndaş haqlarının vəziyyəti və səviyyəsi
ilə bağlı fikirlərini, təkliflərini belə qeyd edir: “İndi Borçalıda Azərbaycan
dili və ədəbiyyatı fənnini tədris edən yaşı 60-dan aşağı olan müəllim tapmaq çətindir.
Bu müəllimlərin savadına mənim şübhəm yoxdur. Lakin zamanın danılmaz
dialektikası var: canlı aləm cavanlaşmasa, həyat cansıxıcı olar. Müəllimin
cavanlaşması təkcə onun yaşı ilə bağlı deyil: həyat dəyişir - insanların dəyişən
mühitə, zamana uyğun olaraq bir-birinə münasibəti də dəyişir, yeni insanın
fikir və duyğularını yeni ədəbiyyata gətirən şair və yazıçılar, alimlər, dilçilər
yeni ədəbiyyat yaradır, dil zənginləşir, yeni sözlər yaranır, yeni sözlər yeni
insanlarda yeni-yeni təfəkkür tərzi, yeni dünyagörüş, həyata yeni yanaşma incəlikləri
formalaşdırır. Və bütün bunları cəmiyyətə məhz müəllim çatdırır. Cürcü dilini
öyrənmək vacibdir, hətta o dildə təhsil almaq da olar, lakin ana dilimiz həmişə
başımız üzərində dayanmalı və onu bütün dillərdən uca tutmalıyıq. Bu isə təkcə
Borçalıların problemi olmamalıdır.”
Şərif Kərimli təkcə
jurnalistliklə kifayətlənməyib, jurnalistikanın tədrisi ilə də məşğul olub. Mətbuatdan
ayrılmadan, Odlar Yurdu, Avrasiya, Slavyan universitetlərinin jurnalistika
fakültələrində 10 ildən artıq pedaqoji fəaliyyət göstərib, gənc jurnalistlərə
müasir jurnalistikanın problemlərindən dərs verib. Hazırda isə Azərbaycan
Respublikası Əqli Mülkiyyət Agentliyinin “Əqli Mülkiyyət” jurnalının ədəbi
redaktorudur. Bu sistemdə işlədiyi son beş ildə “Azərbaycan milli musiqi alətlərinin
patentlə mühafizəsi”, “Azərbaycan brendləri”, “Haaqa sistemi” adlı elmi-praktik
kitablar nəşr etdirib.
Şərif Kərimli yaradıcılığının ümdə əhəmiyyəti ondadır ki,
mövzuca geniş spektrlidir, məzmunca ictimai aktuallıq kəsb edir, mətndə təhkiyə-təsvirə
görə dil zənginliyinə, üslub özəlliyinə, fikir konkretliyinə malikdir. Bu əlamətlərlə
o, media gəlişiminə önəmli töhfələr vermiş bir yazardır.
Yaradıcı insan üçün ömrün, zamanın həddinin nisbi olması
barədə fikirlə razıyam. Yaradıcılıq potensialına, həvəsinə görə, təqvim
olmasaydı, bəlkə Şərif Kərimli 70 yaşına çatrdığını heç özü də qəbul etməzdi. Hələ
70 yaşında da fəaliyyətinin tempini saxlayan, şövqlə çalışan, öz yazdıqlarından
və yaxşı yazılardan zövq alan yazar həmişə həyatdan xoş sürprizlər, etibar gözləyir
– özü həyata etibarlı olduğu kimi...
Dəyanət Osmanlı
Şair-publisist, AYB İdarə Heyətinin üzvü, "Türk Dünyası İnfo" İB- nin sədri
GAXA.ge