Xalqın ruhunu içində gəzdirən gürcü şairi vəfat edib

Dünən Facebookda bir xəbər oxudum. Çox kədərləndim. Azərbaycan xalqını, onun dilini, şifahi xalq ədəbiyyatını, o cümlədən “Koroğlu” dastanını, bayatılarımızı sevən və bu inciləri gürcü dilinə tərcümə edən şair-tərcüməçi Zezva Medulaşvili dünyasını dəyişib. O, Azərbaycan bayatılarını gürcü dilinə çevirmiş, həmin bayatılar “1001 bayatı” kitabında Azərbaycan və gürcü dillərində Tiflisdə işıq üzü görüb. Zezva Medulaşvili Azərbaycan xalqına olan əvəzsiz məhəbbəti və sevgisi ilə yaddaşlara hopub. Onun tərcümə etdiyi və nəşr olunan əsərlərin sayəsində biz gürcü xalqını, gürcü xalqı da bizim xalqı sevib. Gürcü xalqı Zezvanın sayəsində bizim bayatılarımızı əzbərdən deyir, bizsə gürcü şairlərinin yaradıcılığını Z. Medulaşvinin zəhməti sayəsində öyrənirik. Z. Medulaşvilinin yuxusuz gecələri sayəsində “Koroğlu” dastanı və “1001 bayatı” inciləri gürcü dilinə tərcümə olunması uğurlu bir addım idi. Bu kitabların nəşri Azərbaycan və gürcü xalqları arasındakı dostluq əlaqələrini daha da gücləndirib və hər iki xalqın ədəbiyyatına Zezva tərəfindən bəxş edilən qiymətli töhfə idi. “Koroğlu” dastanını, bayatılarımızı və digər Azərbaycan şairlərinin şeirlərini tərcümə edən və onları dilimizdə şirin-şirin əzbər söyləyən gürcü şairi Zezva Medulaşvili artıq aramızda yoxdur. Zezva Azərbaycan şairlərini çox sevən gürcü şairi idi. Yadımdadır, o, Xalq şairi Zəlimxan Yaqubun 2010-cu ildə mayın 3-də keçirilən 60 illik yubileyində mənə Azərbaycan dilində müsahibə vermişdi. Onun Z. Yaqub haqqında sevə-sevə dediyi sözlər hələ də yadımdan çıxmayıb: “O, yaxşı şair olmaqla bərabər, eyni zamanda yüksək intonasiya ilə şeirlərini söyləməyi çox sevir. Mən onunla 18 yaşında tanış olmuşam. Bir də indi 40 ildən sonra onunla görüşürük. Mən “Koroğlu” dastanını gürcü dilinə tərcümə edəndə o, mənə bir şeir yazmışdı. O vaxtdan uzun illər keçib. Mən neçə-neçə Azərbaycan dastanlarını, bayatılarını gürcü dilinə tərcümə etmişəm. Zəlimxana uzun ömür arzulayıram. O, ədəbi fəaliyyəti ilə, yaradıcılığı ilə həm Azərbaycanın, həm də Gürcüstanın fəxridir. O, mənim dostum olduğuna görə, mənim də fəxrimdir. Qoy Borçalımız, mənim də Borçalım sevinsin ki, belə oğullar yetişdirib”. Biz də indi belə deyirik, əziz Zezva: “Qoy Gürcüstan və gürcü xalqı sevinsin ki, Zezva Medulaşvili kimi öz ölkəsini, eləcə də Azərbaycanı sevən oğul yetişdirib. O, şair-tərcüməçi kimi həm öz dilini, həm də Azərbaycan dilini sevib. Biz də səni və sənin yaradıcılığını sevirik, əziz Zezva! Allah sənə rəhmət eləsin! Sən həmişə, hər zaman bizim qəbimizdə yaşayacaqsan! Nizami Məmmədzadə, AYB-nin üzvü, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, Azərbaycanın Əməkdar Jurnalisti www.gaxa.ge