Azərbaycan-Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Türkiyə Prezidenti çıxış etdi.
Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı
- Hörmətli cənab Prezident, əziz Qardaşım.
Hörmətli nazirlər, hörmətli mətbuat nümayəndələri.
Sizləri ən səmimi hisslərlə, hörmətlə, məhəbbətlə
salamlayıram.
Əziz Qardaşım İlham Əliyevi xalqının yüksək etimadı ilə
beşinci dəfə Can Azərbaycanın Prezidenti seçilməsi münasibətilə bir daha təbrik
edirəm.
İlham qardaşımın prezident seçilməsindən dərhal sonra ilk rəsmi
xarici səfərini Türkiyəyə etməsindən böyük məmnunluq duyuram.
Bildiyiniz kimi, fevralın 7-də keçirilən prezident seçkiləri
ilk dəfə Azərbaycanın suveren torpaqlarının hamısında keçirilməsi ilə əlaqədar
tarixi bir önəmə sahibdir. Seçkilərin nəticələrinin Türkiyə-Azərbaycan münasibətləri
və qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını diləyirəm.
Azərbaycan seçkilər ərəfəsində, təəssüf ki, bəzi
haqsızlıqlara məruz qaldı. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan
nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması
ilə bağlı qəbul edilən qərarlara etirazımızı güclü şəkildə göstərdik.
Assambleyanın münaqişə yox, parlament demokratiyasını gücləndirəcək bir dialoq
platforması olmasının vacibliyini vurğulamaqda davam edəcəyik. Qəbul olunan qərar
ləğv edilənə qədər Azərbaycana dəstəyimizi və bu istiqamətdəki səylərimizi
davam etdirəcəyik.
Hörmətli mətbuat nümayəndələri, əziz Qardaşımla görüşlərimizdə
ikitərəfli əlaqələrimizin bütün istiqamətlərini nəzərdən keçirdik, regional və
beynəlxalq məsələləri dəyərləndirdik.
Azərbaycan ilə əməkdaşlığımızın Ümummilli Lider Heydər
Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini
görürük. Ümumi ticarət dövriyyəmiz keçən il ilk dəfə 7,5 milyard dollar səviyyəsinə
çatdı. 15 milyard dollarlıq hədəfimizə çatmaq üçün səylərimizi artırmaqda qətiyyətliyik.
Kritik meydan oxumaların yaşandığı bir dövrdə ölkələrimizin
nəqliyyat və enerji sahələrindəki potensialını inkişaf etdirməli olduğumuz
aşkardır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti əsasən bunun ən konkret nümunələrindəndir.
Bu xətdən ən yüksək səmərə götürmək üçün bərpa işləri sürətlə başa
çatdırılmalıdır.
Ötən ilin sentyabrında “Türk qapısı” Naxçıvana səfərim
zamanı hörmətli Əliyev ilə birlikdə Qars-Naxçıvan dəmir yolu layihəsi ilə bağlı
niyyət protokolunu bu düşüncə ilə imzaladıq.
TANAP-ın imkanlarının artırılması, Xəzərin təbii qazının
Türkiyəyə və Avropaya çatdırılması bu istiqamətdəki prioritetlərimiz
arasındadır. Naxçıvana səfərim çərçivəsində təməlini qoyduğumuz İğdır-Naxçıvan
təbii qaz boru kəməri layihəsi ilə enerji sahəsində əməkdaşlığımızı yeni bir səviyyəyə
çatdırdığımızı da xatırlatmaq istəyirəm.
Hörmətli mətbuat nümayəndələri, görüşlərimizdə Cənubi
Qafqazda sülh və sabitliyə dair atılan addımları da müzakirə etdik. Azərbaycan
ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh,
əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu
prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik. Qarabağda işğala
son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi
açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ermənistanın uzaqgörənliklə
düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna
inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr
verməyə dəvət edirik. Fürsətdən istifadə edərək bir neçə gün əvvəl iki ölkənin
sərhədində baş verən hadisələrin bir daha yaşanmamasına ümid etdiyimizi də
bildirmək istəyirəm. Azərbaycan Ordusunun yaralanan əsgər qardaşımıza tezliklə
şəfa tapmasını diləyirəm.
Görüşlərimizdə İsrailin Qəzzada bütün insanlıq dəyərlərini
və beynəlxalq hüququ ayaq altına alan qətliamlarını və bölgəmizi maraqlandıran
digər münaqişələri də müzakirə etdik.
Ailə məclisimiz olan Türk Dövlətləri Təşkilatındakı birliyimizin
daha da təsisatlanması və güclənməsi üçün çalışmaqda davam edirik. İyul ayında
Təşkilatımızın fövqəladə Zirvə görüşünün Türk dünyasının mədəniyyət paytaxtı
Şuşada keçirilməsi ilə əlaqədar xüsusilə məmnunluğumu bildirmək istəyirəm.
Qarşıdakı dövrdə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və
Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik.
Əziz Qardaşımın şəxsində bütün Azərbaycan xalqına ötən il 6
fevral zəlzələləri zamanı millətimizə göstərdiyi həmrəyliyə görə təşəkkür edirəm.
Digər yardımları ilə yanaşı, Azərbaycan Kahramanmaraşda 320 hektar ərazidə 1000
ev və 799 iş yeri inşa etməkdədir. Keçən həftə Kahramanmaraşa etdiyimiz səfərdə
“Azərbaycan bulvarı”nda həyata keçirilən işlər barədə məlumat aldıq.
Çıxışımın sonunda dəyərli Qardaşım Əliyevə səfərə görə bir
daha təşəkkür edirəm. Rəbbim məhəbbətimizi və qardaşlığımızı daimi etsin.
x x x
Sonra Azərbaycan Prezidenti çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
-Əziz Qardaşım, sayın Cümhurbaşqanı, hörmətli xanımlar və cənablar.
İlk növbədə, mənə göstərilən qonaqpərvərliyə və dəvətə görə,
əziz qardaşım, Sizə minnətdaram.
Qeyd etdiyiniz kimi, prezident seçkilərindən sonra mənim
ilk rəsmi səfərim qardaş ölkəyədir. Bu, təbiidir, bu, bir ənənədir. Biz əcdadlarımızdan
qalan bütün ənənələrə sadiqik. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə
üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib.
Hər dəfə Türkiyədə olarkən qardaş ölkədə gedən
genişmiqyaslı inkişaf prosesini izləyirəm. Buna çox sevinirəm və bir daha görürəm
ki, əziz Qardaşımın səyləri nəticəsində qardaş ölkə yeni zirvələri fəth edir.
Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə
deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə
bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü
sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub
olan hər bir insanı sevindirir. Təbii ki, Azərbaycan Sizin uğurlarınıza öz uğurları
kimi sevinir. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan
işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində
Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarında əziz Qardaşımın çox qəti və
dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə
müdaxilə etməkdən kənarda saxladı. Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın
yanındadır. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh
vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44
gün ərzində həll etdik.
Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt
unutmayacaq. Bu gün söhbət əsnasında mən demişdim ki, ondan əvvəl də Türkiyə-Azərbaycan
əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşından sonra bizə
göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. Bu gün Müttəfiqlik
Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə
vururuq. Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi,
ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının
hər bir üzvünü gücləndirəcək. Bu gün bu məsələ ilə də bağlı geniş müzakirə
aparılmışdır. Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə
görüşü hörmətli Prezidentin qeyd etdiyi kimi, bu ilin iyul ayında keçiriləcəkdir.
Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin
Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi
işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək.
Hörmətli Cümhurbaşqanı söylədi ki, bizim birgə həyata
keçirdiyimiz layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri bizim
sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi
bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Ticarət dövriyyəmizin
sürətlə artması və rekord həddə
çatması, əlbəttə ki, bizi çox sevindirir. 7,5 milyard
dollar. Beş-altı il əvvəl bizim heç yuxumuza gələ bilməzdi ki, ticarət dövriyyəsi
bu dərəcədə artacaq, ancaq bu, reallıqdır. Vaxtilə biz qarşıya müştərək hədəflər
qoyduq və indi bu hədəflərə doğru gedirik.
Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii
qaz ixrac edilmişdir. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin
artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii
qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir.
Nəqliyyat ilə də eyni mənzərənin şahidiyik.
Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona
çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir.
Əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə
işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi
təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi
gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl
keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu
modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı
ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə
Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq.
Bu gün təbii ki, müdafiə sənayesi sahəsində yeni imkanlar
açılıb. Bu barədə də geniş müzakirələr aparıldı. Birgə istehsalla əlaqədar
konkret planlarımız var. Yəqin ki, bu planlar gerçəkləşdikdə ictimaiyyət də
bundan xəbərdar olacaqdır.
Bu gün təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Bu, gələcəyə
yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda
qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır,
bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır,
bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan
Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim
birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki
Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.
Bir daha əziz Qardaşım, göstərdiyiniz qonaqpərvərliyə görə
Sizə təşəkkürümü bildirirəm və fürsətdən istifadə edərək Sizi yenidən Azərbaycana
dəvət etmək istəyirəm. Sağ olun