İrakli Kobaxidze: Qeyri-gürcü məktəblərində ikidilli təhsil tətbiq olunacaq

Qeyri-gürcü məktəblərində ikidilli təhsil başlayır. GAXA-nın məlumatına görə, bu barədə baş nazirliyə namizəd İrakli Kobaxidze parlamentə hesabat təqdim edərkən bildirib. Onun sözlərinə görə, təhsil islahatları çərçivəsində məktəblərdə uşaqların təhlükəsizliyinin maksimum dərəcədə qorunmasına diqqət artırılacaq.
“Təhsilin bütün pillələrində infrastrukturun inkişafına xüsusi diqqət yetiriləcək. Hazırda 250 məktəbin tikinti-bərpa prosesi gedir və təbii ki, biz bu prosesi sona çatdıracağıq. 4 yeni peşə-təhsil müəssisəsinin və iki tədris emalatxanasının tikintisi də davam etdiriləcək. Bildiyiniz kimi, bu il müəllimlərin maaşları xeyli artır. Bizdə indiyədək maaşların belə sürətli artımı olmayıb və bu təşəbbüsə görə təhsil nazirinə təşəkkür edirik”, - baş nazirliyə yeni namizəd bildirib.

Kobaxidzenin dediyi kimi, milli kurrikulumda dəyişikliklər planlaşdırılır və onun hökumət komandasının prioritet istiqamətlərindən biri olan dərsliklərin yenilənməsi üzrə fəal iş aparılır.

Xatırladırıq ki, parlament yeni baş nazirliyə namizədin proqramını dinləyir. “Lelo” və “Gürcüstan naminə” partiyalarının deputatları sessiyada iştirak etmirlər.

GAXA.ge