Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasından 105 il ötür
1918-ci il
iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk
nizami hərbi hissə – Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi
Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa
Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm
islahatlar həyata keçiriblər.
Azərbaycanda
müasir ordu quruculuğuna isə ötən əsrin 70-ci illərindən başlanıb. 1969-cu ildə
Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməklə milli zabit kadrlarının
hazırlanmasını hədəf seçib və bununla da Azərbaycanda ordu quruculuğunun əsası
qoyulub. Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb. Görülən işlər gənclərin
həmin məktəbə, habelə ölkədən kənardakı hərbi məktəblərə cəlb olunması Azərbaycan
üçün peşəkar kadrların hazırlanması işinə böyük təkan verib.
Azərbaycan dövlət
müstəqilliyini bərpa etdikdən sonra ölkə hərbi sahədə ciddi böhranla üzləşdi.
Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ
uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə
həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət
edilirdi.
Ancaq tədricən
müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları
milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya
doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi
yoluna qoyuldu. 1992-ci il oktyabrın 9-da Bakıda keçirilən hərbi parad orduya
olan inam və marağı, eləcə də vətənpərvərlik ruhunun artırılması üçün atılan
addım oldu.
Ölkədə peşəkar
ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Azərbaycanda
qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, vahid komandanlıq yaradıldı, hərc-mərcliyə
son qoyuldu və nizami ordu formalaşdırıldı. Ali Baş Komandan Heydər Əliyevin cəbhə
bölgələrinə səfərləri də ordu quruculuğunda mühüm mərhələdir.
1994-cü ilin
mayında Ermənistanla atəşkəsin əldə olunmasından sonra isə müasir ordu
quruculuğu fundamental əsaslarla inkişaf etməyə başlayıb.
Ümummilli Lider
Heydər Əliyevin 1998-ci il 22 mayda imzaladığı fərmanla Milli Ordu
quruculuğunda varislik ənənələrinin bərpasında mühüm addım atılıb və 26 İyun –
Silahlı Qüvvələr Günü elan olunub. Ordu quruculuğu sahəsində ulu öndərin
strateji siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin fərman və sərəncamları
ilə ölkədə müasir hərbi sənaye kompleksinin yaradılması, Silahlı Qüvvələr üçün
kadr hazırlığının təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilir.
Keçmişi qələbələrlə
zəngin olan Azərbaycan tarixində Silahlı Qüvvələrin yaradılması günü artıq
üçüncü ildir ki, böyük Zəfərlə qeyd olunur.
2020-ci ilin
sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan
Ordusunun işğal altında olan torpaqlarımızın azadlığı uğrunda başlatdığı əks-hücum
əməliyyatları nəticəsində düşmən üzərində qələbə qazanıldı. Beləliklə, 44 gün
davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə Vətən
Müharibəsi adı ilə yazıldı. Döyüş tapşırıqlarını və xidməti vəzifələrini ləyaqətlə
yerinə yetirən Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi cəsarət, fədakarlıq,
habelə təşəbbüskar və qətiyyəti sayəsində işğal altında torpaqlarımız azad
olundu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi.
Azərbaycan əsgəri
otuz ilə yaxın bir müddət ərzində düşmən tapdağı altında olan torpaqları
işğaldan azad etməklə xalqa öz qanı və canı hesabına böyük qələbə yaşadıb. Azərbaycan
xalqının, dövlətinin və əsgərinin birlikdə qazandığı böyük qələbə uzun illər
ordu quruculuğu istiqamətində aparılan islahatların nəticəsidir. Azərbaycanın
qazandığı bu qələbə nəyi, necə və nə zaman etməyi gözəl bilən Müzəffər Ali Baş
Komandan İlham Əliyevin uğurlu siyasətinin, güclü iradəsinin və qətiyyətinin nəticəsidir.
Bu gün Azərbaycan
Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin xüsusi
diqqət və qayğısı nəticəsində güclü orduya çevrilib və beynəlxalq reytinqlərə
görə dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Azərbaycan Ordusunun
arsenalında ən güclü müasir silah və texnikalar var. Azərbaycan Silahlı Qüvvələri
yeni pilotsuz uçuş aparatlarına, zərbə dronlarına və digər hərbi vasitələrə
malikdir.
Ölkəmizin müdafiə
qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi istiqamətində çox böyük tədbirlər
həyata keçirilib. Bundan əlavə, orduda islahatların aparılması, yeni komando
briqadalarının yaradılması xalqımızın təhlükəsiz yaşaması naminə ali rəhbərliyin
dövlətimizin müdafiəsinə ayırdığı diqqətin göstəricisidir. İki ay əvvəl Ermənistan-Azərbaycan
sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycan Ordusunun
gücünün göstəricisidir.
GAXA.ge