Əsrin yadigarı Heydər Əliyev
(Poema)
(Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub)
Proloq
O, ömür yaşadı, mənalı ömür –
Onun varlığıyla xalqım öyündü.
Azərbaycan sözü dildən düşmədi,
Ürəyi Vətənlə dindi, döyündü.
***
Əsrin yadigarı Heydər Əliyev!
Xalqın ürəyində qalacaq hər an!
Dünyanı dolaşıb, evə dönəndə,
Dilində səsləndi: “Ah, Azərbaycan!”
***
O, sevdi Vətəni - torpağımızı,
Bir ovuc torpağa hələ döz dedi.
Bir dəstə çiçəyi əzizləyərkən,
O, Vətən naminə şirin söz dedi.
***
Qəlbində inamı, saf məhəbbəti,
Torpağı çox sevən mərd insan oldu!
Çıxış etdi dünya kürsülərində –
Müdrik insan təki, yaddaşda qaldı.
***
Sülhü, səadəti sevgiylə dedi,
Xalqını çox sevdi, aləmə yaydı.
Yaddaşı fenomen, bizə əbədi –
Azərbaycan
kimi yadigar qoydu.
***
Dilimiz çox şirin, şeir, qəzəl tək!
Söylədi kəlmələr and kimi əziz!
Azərbaycan himni, ona tarixdi,
Duzumuz çörəktək müqəddəs, ləziz!
***
Şeiri, qəzəli çox sevdi Öndər!
Vahidin qəzəli ona şirindi!
Segah oxunanda, tar çalınanda,
Dediyi hər sözdə məna dərindi!
***
Onun kəlmələri tarixə düşdü,
Sevgiylə yaşadı Heydər Əliyev!
Onun mərd hüsnünə mahnı qoşuldu –
Sevindi hər insan, hər ocaq, hər ev!
***
Prezident seçildi Azərbaycana,
Onun sevincinə çox sevindik biz!
Göylərə ucaldı haqqın gur səsi,
Ali kürsülərdən gəldi səsimiz!
***
Açın qapısını siz ürəklərin,
Sevincin sədası dolsun qoy cana,
Dostlar, təbrik edək xalqımı bu gün,
Prezident seçildi Azərbaycana!
***
Könül təranəsi ötdü ürəkdən,
Tükənməz sinəsi arzu-diləkdən,
Hər sözü, kəlməsi, Yolu İpəkdən,
Prezident seçildi Azərbaycana!
***
Gələcək zamanın güləcək üzü,
Uca kürsülərdən dedi o sözü,
İnamın dayağı, İlhamın özü,
Prezident seçildi Azərbaycana!
***
Aləmə car çəkək, ucalaq yenə,
Səsimiz qarışsın Haqqın səsinə,
Yığışın bayramın təntənəsinə,
Prezident seçildi Azərbaycana!
***
Heydər babamızın arzu-diləyi,
Onun vuran qolu, güclü biləyi,
İlhamdır xalqımın xoş gələcəyi,
Prezident seçildi Azərbaycana!
***
Qəm dolu üzümüz gülərüz oldu,
Ucaldıq zirvəyə - bir qərardayıq!
Analar göz yaşı tökməz bir daha,
Çünki biz, birlikdə ucalardayıq!
***
Həqiqət naminə çalışan insan,
O, illər ötsə də bizə dayaqdır!
Dənizdə neftimiz, yanan qazımız –
Bizi əsrlər boyu yaşadacaqdır!
***
Duyğularım şirin, Heydər hüsnünə,
Yazdığım sözlərim göyə ucaldlı.
Bilin, tarix yazdı İlham Əliyev,
Vaxt gəldi, düşməndən qılınc bac aldı!
***
Allahım bax belə buyurub, yazıb –
Düşmən öz yolunu bilin ki, azıb.
Tarixdə mübariz, igid əsgərlər
Düşmən qarşısına qəbirlər qazıb.
***
Ötmə daha tənha-Xarıbülbülüm!
Çəmən çiçək açdı Cıdır düzündə!
Vaqif babamızın “Durnaları” bil –
Sevinclər oyatdı, şəhid üzündə!
***
Azğın düşmənləri qovdu yumruğum,
İti qovan kimi qovdu “Bayraktar”.
Daha nağılllara heç inanmıram,
Hər an Ordumuzun gücü, mərdi var.
***
Qarabağ ölkəmin şah tacıdır bil!
Ölməz arzulara imza atmışıq!
Bir baxın, göylərdə bayraq ucalır –
Torpaqda yenidən sülh yaratmışıq!
***
Ölmə Vətən oğlu, yaşa, qalx, ucal –
Bu torpaq bizimdir-şahanə ölkə!
Sapla süngüləri düşmən üstünə,
Çap köhlən atını sən səkə-səkə!
***
Şuşa dağlarından gələn igidim,
Arxada Vətəndir, ana-bacımız.
Bilki sənə hər an güvənir hamı,
Daha Qarabağdır bizim tacımız!
***
Oyan, Ana Vətən! Oyan, ay Şuşam! –
Tonqallar çataq biz, qonaqlar gəlsin!
Güclü Ordumuza, əsgər-zabitə,
İsmarıc göndərdik, xəbər çatdırdıq,
Qoy onlar bizlərə ZƏFƏR gətirsin!
***
Həyat qüdrətini bizə göstərdi,
Duyduq bu sevincdə kədəri-dərdi.
Vətən qızlarımız gül-çiçək dərib,
İgidlər yoluna ərmağan sərdi!
***
Dumanlı-dumansız yollar gördülər,
Hər qayada daşdan divar hördülər,
Namərdi-satqını torpaq naminə,
Əzdilər, vurdular, azğın yordular!
***
Ali Baş Komandan əmrini verdi,
Çapın atınızı Cıdır düzünə!
Alovlu sözləri yox etdi dərdi,
Qüvvə, inam, qeyrət verdi yüzünə!
***
Bu namərd dünyada çox şeyi gördük,
Qətnamə-qərarlar yalan yazıldı!
Min acı həqiqət bizə dərd verdi,
Fəqət, düşmənlərə qəbir qazıldı!
***
Bu zalım fələyin sinəsinə biz,
Zərbələr üstünə zərbələr vurduq.
Qarabağ dünyamın cənnət guşəsi!
Biz onu yenidən, yenidən qurduq!
***
Bu dünya sən deyən dünyadır, Tanrım!
Ağıyla qarası məlum Allaha.
Bilinmir dünyada kimlər kimdir-kim?
Bəxtimiz sınaqdan çıxdı bir daha!
***
Nə edək, dünyada söz də keçməyir,
Aləm qarışıbdır sağa, həm sola.
Şükür olsun, torpaq azaddır indi,
Qəlbimiz genişdir, kaş belə qala!
***
Əsrin yadigarı Heydər Əliyev,
Ey igid babamız, böyük insanım!
Şanlı şöhrətinlə yaşatdın bizi,
Adınla yaşayır Azərbaycanım!
***
Mənim ürəyimdə nəğmələr yatır,
Bu xoş nəğmələrin sorağındayam.
Dərdi də, qəmi də ürəyimdədir,
Yazılmamış dəftər varağındayam.
***
Yazmaq istəyirəm hər gün, saatı –
Geniş ürəklərin içinə dolum!
Bu nəğmə mənimçün o göylər şahı!
Odur mənim qüvvəm, gücüm, cüt qolum!
***
Sevindim nəğməmi oxuyanda siz,
Ürəkdə həmişə nəğmələrim var!
Nə qədər sevsəniz, sevilsəniz siz,
Yenə də azalmaz məndə arzular!
***
Ey dahi şəxsiyyət, ey dahi insan!
Varlığım sənindir, sevgi içimdə!
Yenə ucalıqda qərar tutacaq,
Onuntək bir ölkə yox o biçimdə!
***
İndi biz gedirik zirvəyə sarı,
Zirvə bizim oldu, dağ bizim oldu.
Düşmənin qapısı bağlandı daha,
Ona “Yumruq” ilə kədər-qəm qaldı.
***
Səninlə fəxr edir, hər ocaq, hər ev!
Sona çatmayıbdır el duaları –
Rəhmət olsun sənə Heydər Əliyev!
Hələ də yaşayır şən arzuları!
***
Mən şeir yazıram, sənin hüsnünə,
Ey dahi rəhbərim, Heydər Əliyev!
Ürəkdən süzülən misralarım var,
Ağıllı oxucum, onu oxu, sev!
***
Sənə qızıl rəngli misra yaraşır,
Ürəkdən yazıram, mənası dərin!
Sən daim yaşayan dahi Prezident –
Əzəli sakini qərinələrin!
***
Ömür yollarında ad qazanıbsan,
Üfüqdən - üfüqə şöhrət-şanın var.
Səni yaşadacaq Vətən övladı,
Çünki bu dünyada adın-sanın var.
***
Azərbaycan sözü-Heydər Əliyev,
Bu iki sözlərin şah mənası var!
Torpağa sevgisi olan rəhbərin -
Vətənə sədaqət dünyası olar!
***
Vətən sənsən, Vətən alınmaz qala!
Yumruğun zəhmindən qaçdı düşmənlər!
Vaxt olar yenidən tarix yazılar –
Bax, onda tanınar deyib-gülənlər!
***
Yüz il ömür yaşa, dahi rəhbərim!
Ömür yollarında vüqarla gəzdin.
Yenə yaşayırsan ürəklərdə sən,
Tarixi sözünlə düşməni əzdin!
***
Epiloq
Qarabağ Azərbaycandır! Bilin siz!
Söylədi Prezident İlham Əliyev!
Bu sözdən qorxuya düşdü yağılar,
Bildilər bu səsdən göylər dağılar!
***
Danılmaz faktları tarixə yazdıq,
Yazdıq ki, gələcək nəsillər bilsin!
Ordumuz gücləndi, dayanmadı heç,
İstədi yadları torpaqdan silsin!
***
Bir ata kəlməsi, nəsihətləri –
Oğul biləyindən tutdu vaxtında.
Müdrik atasının söz qüvvəsiylə,
Qanun-qayda qurdu rəhbər taxtında.
***
Dünya xilaskarı tanıdı daha!
Sənə rəhmət olsun Heydər Əliyev!
Bu gün evlərinə köçən insanlar,
30 il diləyib, tikə gözəl ev!
***
Yaşa, Azərbaycan! Yaşa dünyada –
Hər savaşda uğur qazan, evlər tik!
Qoy Vətən övladı xoşbəxt yaşasın!
Biz Heydər Əliyev nəvələriyik!
***
Əsrin yadigarı - 100 yaşındasan!,
Ey igid babamız, böyük insanım!
Şanlı şöhrətinlə yaşatdın bizi,
Adınla yaşayır Azərbaycanım!
***
Ucal qartal kimi, ucal göylərə,
Şöhrətin yayılsın doğma ellərə,
Düşsün ağızlara, düşsün dillərə,
Yaşa, Azərbaycan! Yaşa, ucal sən!
***
Dünya boyda arzularım səndədir,
Hər davadan, hər şavadan gendə dur,
Hələ başın sənin duman, çəndədir –
Yaşa, Azərbaycan! Yaşa, ucal sən!
***
Bir babam var –babaların babası,
Odlar yurdu–igidlərin yuvası,
Torpağım var–suyu, saf dağ havası,
Yaşa, Azərbaycan! Yaşa, ucal sən!
***
Ellərimin şən çağları gözəldir,
Burda hər qonağa hörmət əzəldir,
Sənin şah damarın şeir, qəzəldir,
Yaşa, Azərbaycan! Yaşa, ucal sən!
***
Fəxr edirəm hər oğlunla, qızınla,
Dolaşdın dünyanı müdrik sözünlə,
Elə Heydər babamızın özüylə,
Yaşa, Azərbaycan! Yaşa, ucal sən!
Yaşa, Azərbaycan! Yaşa, ucal sən!
Nizami Məmmədzadə,
Azərbaycan Respublikasının Əməkdar jurnalisti,
AYB-nin üzvü, 10.05.2023-cü il



