Azərbaycanın Gürcüstandakı Səfiri Faiq Quliyev Qardabanidə fəaliyyət göstərən “Beez” uşaq teatrının qonağı olub
Azərbaycanın Gürcüstandakı Səfiri Faiq Quliyev 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Qardabanidə fəaliyyət göstərən “Beez” uşaq teatrının qonağı olub.
Səfir azərbaycandilli uşaq teatrının kiçik üzvlərini bayram münasibətilə təbrik edib, onlara xoşbəxt, sağlam və təhsilli gələcək arzulayıb.
Təsisçi və bədii rəhbər Binəli İslamoğlu teatrın yaranma tarixçəsi, fəaliyyəti və repertuarı barədə məlumat verib. İyunun 1-də teatrın iki yaşının tamam olduğunu qeyd edən Binəli İslamoğlu səfirin məhz bu gün onları ziyarət etməsini ikiqat əlamətdar adlandırıb. Onun sözlərinə görə, hazırda yeni tamaşa üzərində işlər aparılır və səhnə əsərinin ərsəyə gətirilməsi üçün kostyumlar və dekorasiya tələb olunur.
Faiq Quliyev “Beez” teatrını fəaliyyətinin ikiilliyi münasibətilə təbrik edib, kollektivə yeni uğurlar arzulayıb. O, uşaqların bədii-estetik inkişafı və istedadlarının üzə çıxarılması baxımından teatrın fəaliyyətini yüksək qiymətləndirib.
Səfir teatrın yeni tamaşasının səhnələşdirilməsi, truppanın Gürcüstanda soydaşlarımızın yaşadığı bölgələrə qastrol səfərlərinin təşkilinə lazımi dəstəyin göstəriləcəyini bildirib.
Teatr “Qarınqulu ayı balası” tamaşası ilə çıxış edib. Səhnə əsəri maraq və alqışlarla qarşılanıb.
Səfir kiçik soydaşlarımızla səmimi söhbət edib. Daha sonra uşaqlara teatrın sertifikatları təqdim olunub.
Faiq Quliyev səfirlik adından teatra xatirə hədiyyəsi bağışlayıb. Binəli İslamoğlu göstərilən diqqət və ziyarətə görə səfirə təşəkkürünü bildirib.
Sonda səfir uşaqların bayram şənliyinə qatılıb, birgə tort kəsilib və uşaqlar havaya rəngli şarlar buraxıblar.
GAXA.ge






