Azərbaycan səfiri Faiq Quliyev Türkiyə səfirliyinin dini məsələlər üzrə müşaviri Ahmet Erdemi qəbul edib

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Türkiyə Cümhuriyyətinin Gürcüstandakı Səfirliyinin dini məsələlər üzrə müşaviri Ahmet Erdemi qəbul edib
2 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Türkiyə Cümhuriyyətinin Gürcüstandakı Səfirliyinin dini məsələlər üzrə müşaviri Ahmet Erdemi bu ölkədə fəaliyyətinin başa vurması münasibəti ilə qəbul edib.
Qardaş Türkiyə Səfirliyində uzun müddət ərzində dini məsələlər üzrə müşavir vəzifəsində çalışmış A.Erdemi həmişə olduğu kimi, Azərbaycan Səfirliyində görməkdən şad olduğunu söyləyən Səfir F.Quliyev dəyərli qonağın Gürcüstanda bütün fəaliyyəti zamanı Azərbaycan Səfirliyi ilə sıx dost və işçi təmasları təqdir edib. O, A.Erdemin eyni zamanda Gürcüstandaki Azərbaycan icmasının təşkil etdiyi dini ayinlər və tədbirlərdə, o cümlədən müqəddəs Ramazan və Qurban Bayramları münasibətilə keçirilən mərasimlərdə etdiyi əlamətdar çıxışların soydaşlarımız tərəfindən rəğbətlə qarşılandığını qeyd edərək, qardaş Türkiyə nümayəndəsinin qazandığı böyük ehtiramdan bəhs edib.
Səfir F.Quliyev həmçinin, cari ilin 27 yanvar tarixində Azərbaycanın Tehran şəhərindəki Səfirliyinə qarşı törədilmiş qanlı terror aktı barədə söz açaraq, bütövlükdə Türkiyə Cümhuriyyətinin və o cümlədən dəyərli həmkar Ali Kaan Orbay başda olmaqla qardaş ölkənin Gürcüstandakı Səfirliyinin nümayiş etdirdiyi dəstək və həmrəyliyi, verdiyi səmimi başsağlığıları ayrıca vurğulayıb. A.Erdem öz tərəfindən bir daha olaraq Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş terror aktını kəskin qınayıb. O, Türkiyə diplomatlarının da terror hücumlarına məruz qaldığını yada salaraq, hər-hansı pərdə arxasında gizlənməyə çalışan terrorçuluğun ali dini və ümumbəşəri dəyərləri əleyhinə qəsd olduğunu söyləyib.
Eyni zamanda, A.Erdem onun ünvanına deyilən xoş sözlərə və yüksək fikirlərə görə təşəkkür bildirərək, Vətənə döndüyü zaman da həmişə Gürcüstanda Azərbaycan Səfirliyi və soydaşlarımızla təmasları barədə əziz xatirələri yada salacağını bildirib.
Görüşün sonunda Səfir F.Quliyev A.Erdemə gələcək fəaliyyətində də uğurlar diləyib və onlardan əmin olduğunu ifadə edib.
GAXA.ge