18 il Paris hava limanında yaşayan iranlı ölüb

18 il Paris Şarl de Qoll hava limanında yaşayan İran vətəndaşı Mehran Kərim Nasser dünyasını dəyişib. Hava limanının sözçüsü bildirib ki, iranlı Terminal 2F-də təbii səbəblərdən ölüb.

Nasser 1988-ci ildə anasını axtarmaq üçün Avropaya uçub, lakin yolda onun bütün sənədləri oğurlandığına görə, ona Fransaya girməsinə icazə verilmədiyi üçün o, Parisin əsas hava limanında məskunlaşmağa məcbur olub.

Nasirin hekayəsi dünya mediasının və məşhur Hollivud rejissoru Stiven Spilberqin diqqətini çəkib. Onun hekayəsi əsasında Tom Henks və Ketrin Zeta-Consun baş rolları ifa etdiyi “Terminal” adlı film çəkilib.

Nasir 1999-cu ildə Fransada qaçqın statusu alsa da, 2006-cı ilə qədər hava limanında yaşamağa davam edib. 2006-cı ildə xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilib, bundan sonra filmdən aldığı pulla yataqxanaların birində yaşamağa davam edib.

Bir neçə həftə əvvəl Nasser Terminal 2F hava limanına qayıdıb və ömrünün son anlarına kimi burada yaşayıb.

GAXA.ge