Samirə Bayramova: “Bu ölkə, bu vətən bizimdir”

Dünən Gürcüstan paytaxtındakı parlament binasının qarşısında baş tutan “Avropaya doğru” mitinqdə yüzlərlə Tiflis və ətraf rayonlardan gələn insanlar iştirak edib. Tədbirdə hər kəs ürəyindən gələn sözləri deyə bilib. Həmin tədbirdə gənc alim, ictimai fəal, tərcüməçi Oqtay Kazımov və ictimai fəal Samirə Bayramov da çıxış edərək gürcü və azərbaycanlılar qarşısında ürək sözlərini deyiblər.

S. Bayramova çıxışına həyəcan dolu sözlərlə başlayıb. O, bildirib ki, bu mitinqə ona görə gəlib ki, bütün Gürcüstan burdadır və  azərbaycanlıların necə bir Gürcüstan vətəndaşları olduqlarını bildirsin!

Sonra S. Bayramova Azərbaycan dilində mitinq iştirakçılarına müraciət edib:

“Əziz azərbaycanlılar! Biz-Gürcüstan azərbaycanlıları, eyni zamanda avropalıyıq! Çünki gürcüstanlı olmaq avropalı olmaq deməkdir! Biz həmişə bu ölkənin mərd və əsl real dostları və vətəndaşları olmuşuq. Bundan sonra bu şəkildə davam etməliyik, çünki bu ölkə, bu vətən bizimdir. Bundan sonra gedəcək heç bir yerimiz yoxdur. Ona görə hər biriniz-Gürcüstanda yaşayan azərbaycanlılar unutmayın ki, bu ölkə, bu vətən sizindir, burdan başqa sizin vətəniniz yoxdur. Bu gün Gürcüstanda tarixi bir gündür! Biz də bu tarixi gündə imza atanlardan biri olmalıyıq. Heç vaxt deməyin ki, bura bizə aid edyil, Avropa Birliyi bizi maraqlandırmır. Bura bizim hamımızı maraqlandırır, çünki bu ölkə bizimdir. Sizi çox sevirəm və biz birlikdə güclüyuk. Biz vahid və bütöv Gürcüstan üçün birlikdəyik. Yaşasın Gürcüstan!”

Gənc alim, ictimai fəal və tərcüməçi Oqtay Kazımov mitinqdə gürcü dilində alovlu çıxışı zamanı "Avropaya doğru" fikirləri ilə ictimaiyyət nümayəndələrinin dəfələrlə alqışlanan dəstəyini qazanıb. O, çıxışında Avropanın dostluq birliyi olduğunu vurğulayıb.

Qeyd edək ki, dünən baş tutan mitinqdə çıxış edən hər iki azərbaycanlı gənc fəalın çıxışları mitinq iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

GAXA.ge