Bolnisi Teatrının 80 yaşı tamam olur

Bolnisi Teatrının 80 yaşı tamam olur. Teatrın yubileyi ilə əlaqədar Bolnisi Mədəniyyət Evində təntənəli gecə keçirilib. GAXA-nın məlumatına görə, bu barədə Bolnisi Bələdiyyəsi məlumat verib. Tədbirdə Gürcüstanın mədəniyyət, idman və gənclərlə iş üzrə naziri Tea Tsulukiani, Kvemo Kartlidəki dövlət nümayəndəsi Giorgi Doxturişvili, Bolnisi, Dmanisi, Tetri Tskaro və Zalqa bölgələrinin majoritar deputatı Qoqi Meşveliani, Bolnisi Bələdiyyəsinin meri David Şerazadişvili iştirak edib.

Bolnisi Teatrının 80 illik yubileyinə həsr olunmuş qəbulda Tea Tsulukiani teatr truppasının üzvlərini yubileyi münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Bolnisi Teatrında çalışan teatr truppasının üzvlərini Gürcüstan Teatr Cəmiyyətinin sədri Giorgi Geqeçkori mükafatlandırıb.

Mükafat çərçivəsində Giorgi Qeqeçkori Teatr Cəmiyyəti adından Bolnisi Teatrına göstərdiyi dəstəyə görə Bolnisi Bələdiyyəsinin merinə “Gürcüstanlı teatr həvəskarı” adı verib.

Təntənəli tədbir çərçivəsində Bolnisi Teatrının truppası tamaşaçılara Uilyam Şekspirin “Hamlet” əsərini təqdim edib. Tamaşa idman və gənclərlə iş naziri Tea Tsulukiani də qatılıb. Tədbirin sonunda Bolnisi Teatrının ulduzu Mədəniyyət evinin qarşısında təntənəli şəkildə açılıb.

“Teatr həvəskarı” mükafatına layiq görüldüyünə görə Gürcüstanın Teatr Cəmiyyətinə təşəkkür etmək istəyirəm, bu, mənim üçün böyük şərəfdir. Yerli özünüidarə hər zaman teatrımızın inkişafına öz töhfəsini verəcək və əminəm ki, Bolnisi Teatrı gələcəkdə bizə çoxlu maraqlı tamaşalar təqdim edəcək”, - deyə Bolnisi Bələdiyyəsinin meri David Şerazadişvili çıxışında bildirib.

GAXA.ge