Təməl daşı- İmir Məmmədlidən esse

Mədəni-mənəvi keçmişimizə ötəri nəzər salmaq belə kifayətdir ki, görəsən, aşıq yaradıcılığı Azərbaycan xalqının mədəniyyət tarixində və milli təfəkkürünün formalaşmasında olduqca böyük rol oynayıb.

Müqəddəs kitabımız Qurani-Kərim dilimizə gec tərcümə olunduğundan və bir qayda olaraq, kəmsavad mollalar tərəfindən "Ərəbcə" təlqin edildiyindən sırf Azərbaycan dilində dini-fəlsəfi təfəkkür lazımi dərəcədə inkişaf edə bilmədi. Məhz bu səbəbdən, farsca yazan Nizami Gəncəvini çıxmaq şərtiylə,   Azərbaycan dilli klassik ədəbiyyatımızın baniləri öz əsərlərini ərəb, fars sözləri ilə ağırlaşdırmağa məcbur olub, yaratdıqları ölməz əsərləri elə bir dildə (türk dili + fars dili + ərəb dili) yaratdılar ki, klassik ədəbiyyatımız istənilən səviyyədə xəlqi ədəbiyyat ola bilmədi.

Belə bir vəziyyətdə sırf xalq ədəbiyyatını xalqın dilində yaratmağı, xalqın ürək çırpıntılarını, ağrı və acılarını, fəlsəfi forma axtaran təfəkkür fırtınalarını əks etdirməyi ozanlar və aşıqlar öz öhdələrinə götürdülər. Elə buradaca qeyd etməliyəm ki, onlar, zənnimcə, həmin vazifənin öhdəsindən aşıq formatı daxilində yüksək səviyyədə gələ bildilər.

Beləliklə, aşıq elin təfəkkür təmsilçisinə çevrildi və qədim zamanlardan üzü bu yana təkmilləşə-təkmilləşə dillərdə gəzən qoşmaları, bayatıları və dastanları ilə Dədə Ələsgər zirvəsinə qalxdı.

Fikrimcə, Dədə Qorquddan, Yunus İmrədən, Qurbanidən, Abbas Tufarqanlıdan, Xəstə Qasımdan, Qaracaoğlandan, Sarı Aşıqdan və nəhayət, Aşıq Alıdan şirə çəkən Aşıq Ələsgər yaradıcılığı aşıq ədəbiyyatının və sintez xarakter daşıyan aşıq sənətinin zirvə nöqtəsi, nida işarəsi idi.

Zənnimcə, aşıq ədəbiyyatı və sənəti öz öhdəsinə götürdüyü ağır milli-mənəvi missiyanı iyirminci əsrin əvvəllərində uğurla başa çatdırdı. Beləliklə, vaxtilə Molla Vəli Vidadiyə, Molla Pənah Vaqifə axıra qədər qıymadığı vəzifəni xalq təfəkkürünün inkişafının ikinci mərhələsində o, öz qanuni sahibinə, yəni yeni Azərbaycan ədəbiyyatının, humanitar elminin banilərinə verdi.

Aşıq sənəti, yuxarıda dediyim kimi, sintez sənət olduğundan, həmin dövrdən etibarən öz mütəfəkkirlik vəzifəsini itirsə də, ifaçılıq özgürlüyünu saxladı. Düzdür, sonrakı mərhələdə bir sıra ustad aşıqlar bu sənətdəki sintezi - şeirin, musiqinin və ifaçılığın vəhdəti - saxlamağa çalışdılar, lakin etiraf etməliyik ki, bu dəfə ifaçılıq son dərəcə yüksək səviyyədə olsa da, ədəbi hissə artıq fəth edilmiş uca zirvənin sərt tələblərinə cavab verə bilmədi.

Çağdaş dövrümüzün aşıqları da, ara-sıra yazı-pozuya, hətta yazarkən çalıb oxuduqlarını kitab şəklində çap etdirməyə meyllidirlər, fəqət təəssüf hissi ilə bir daha etiraf etməliyik ki, bu yazı o yazıdan deyil.

Və bu gün çalıb-çağıran aşıqlar (onlar yazı-pozuya meyilli olsalar da, olmasalar da), zənnimcə, milli təfəkkürümüzün təməlini müəyyən qədər təşkil edən o böyük ədəbiyyatın və o azman sənətin əks sədasıdı, tarixin sıldırım qayalarına dəyib qayıdan əks sədası. Əminəm ki, həmin əks sədaları Azərbaycan xalqı və onun çağdaş yaradıcı ifaçıları zamanın nəbzinə uyğunlaşdıracaq və yenidən tarixin sıldırım qayalarına qaytaracaqdır.

İmir Məmmədli

GAXA.ge