Aİ Gürcüstan, Ukrayna və Moldovanın müraciətləri ilə bağlı mövqeyini açıqlayıb

Fransanın Avropa məsələləri üzrə naziri Klement Bon bu gün bildirib ki, 23-24 iyunda keçiriləcək sammit ərəfəsində Aİ-yə üzv ölkələr Gürcüstan, Ukrayna və Moldovaya üzvlüyə namizəd statusunun verilməsi ilə bağlı ümumi mövqe hazırlayıblar. GAXA-nın məlumatına görə, nazir Aİ Ümumi Məsələlər Şurasının iclasından sonra bildirib.

“Bu gün geniş konsensus nümayiş etdirməyə imkan verən müzakirəmiz oldu, hətta mən deyərdim ki, bu dosyelərə baxılması ilə bağlı tam konsensus. Xüsusilə də, Ukraynaya gəldikdə, namizədin statusunu mümkün qədər tez tanımaq imkanı var”, - deyə vurğulayıb.

Nazir aydınlaşdırıb ki, Ukrayna, Moldova və Gürcüstandan olan müraciətlərə baxılarkən “hər bir dosye Avropa Komissiyasının müəyyən etdiyi və hər bir ölkə üçün fərqli şərtlərlə konkret şəkildə baxılır”.

Eyni zamanda Bon xəbərdarlıq edib ki, namizəd statusunun verilməsi Aİ-yə dərhal daxil olmaq demək deyil - “bu, uzun və mürəkkəb prosesdir”.

Xatırladaq ki, iyunun 17-də Avropa Komissiyası Aİ-nin Ukrayna, Moldova və Gürcüstanın namizədliyi ilə bağlı nəticələrini açıqlayıb və ilk ikisinə namizəd statusunun verilməsini tövsiyə edib. Gürcüstanın timsalında Avropa perspektivi təsdiqləndi, lakin status yalnız bir sıra islahatlardan sonra vəd edildi.

GAXA.ge