Yurd həsrəti (hekayə)

Alı kişinin saçı-saqqalı tamam ağarmışdı. Əvvəlki kimi dolana bilmirdi. Əli işdən soyumuşdu. Vətən həsrəti onun belini bükmüşdü. Müvəqqəti sığınacaq tapdığı Yuxarı Saral kəndində hələlik heç kimi tanımırdı. Bir göz otaq vermişdilər ona. Arvadı Aişə ilə birtəhər sığınmışdılar. Amma heç cür bu otağa yovuşa bilmirdilər. Alı kişi səhər tezdən evdən çıxır, avara-sərgərdan kəndin küçələrində dolaşır, birdən tanış-bilişə rast gələndə saatlarla həmin adamı buraxmaq istəmir, köhnə yurd yerindən, o uzaqda qalmış, qəribsəyən dağlardan, dərələrdən, yal-yamacların əsrarəngiz gözəlliyindən danışmaqdan doymazdı. Və hər gün kimisə görüb danışdırdıqca sürətlə qocalırdı. Hiss edirdi ki, gündən-günə gücü, qüvvəti tükənir.

Aişə nənə də hərdən darıxanda otağın qapısını yavaşca açar, ev yiyəsi Mələk xalanın yanına gedərdi. Həyətdə taxtadan düzəldilmiş stulda oturar, yuxarı aynabəndə sarı boylanıb Mələk arvadı çağırardı. Mələk xala Aişə nənəni darıxmağa qoymazdı. Onun dərdini duyurdu. Görüşəndə həmişə qucaqlaşıb öpüşər, yan-yana oturub gəlini Məleykənin tut ağacının altında qurduğu süfrədə pürrəngi çay içərdilər.

- Eh, ay qonşu, dərdimi təzələdin,- deyə Aişə nənə olub-keçənlərdən şirin-şirin söhbət edər, Mələk xalanın nəvələri balaca Ayazla, dəcəl Aysel də dizlərini qucaqlayıb hər ikisinin söhbətinə qulaq asardılar.

Aişə nənə yerlərindən, səfalı dağlardan, gözəl yaylaqlardan, dumduru çeşmələrdən Mələk xalaya danışardı. Yayın cırhacırında Mələk xalanın xəyalı Yarpızlı bulağa, Dardaş yaylağındakı Noylu bulağa yollanardı. Aişə nənə, noleydi bir qurtum o sudan içəydim. Yüz yaşayardım,- deyə Mələk xala köksünü ötürərdi.

Onun da dərdi böyük idi. Ömür-gün yoldaşı bu yaxınlarda həyatdan köçmüşdü. İşi-gücü bayatı deməkdi Mələk xalanın. Mən hər dəfə maşınımı qarajda əyləyib evə gedəndə ayağımı saxlayar, onun pəsdən oxuduğu bayatıları dinləyərdim.

 

Torpağım, daşım lay-lay,

Axan göz yaşım lay-lay,

Bu tale qəm yüküdür –

Yüklənib başım lay-lay.

 

Bu çəmən – göy çəməndir,

Buluddan bal əməndir,

Dünyada nə şirindir?

Mən deyərdim – Vətəndir.

 

Alı kişiylə tez-tez görüşərdim. Mənə didərginliyin əzab-əziyyətindən çox danışardı. Kəndlərinin camaatının Borçalıya pənah gətirdiyini söyləyirdi. Amma yurd həsrəti onların ömrünü gödəltmişdi. Bu yaxınlarda yaşı yüzü haqlamış Qənbər baba Sadaxlıda vəfat etmişdi. O, söyləyirdi ki, yenidən yurd yerinə qayıdacağıq, onda Pəri nənəylə təzədən toy çaldıracağam, a bala. Amma gözündə qaldı bu arzu. Qəriblik, yurd həsrəti çoxları kimi onun da ömrünü yedi. Yurd həsrəti Alı kişiyə də əzab-əziyyət verirdi. Amma o, dağlarda qalan ruhların oynaşdığı qəbiristanlığı fikirləşirdi. Bir də evdə qoyub gəldiyi Qorxmaz adlı vəfalı itinə yazığı gəlirdi. Onu dirəyə bağlayıb evdən çıxmışdı. Hərdən it yadına düşəndə ürəyi sızıldayırdı. Mələk arvadla Aişə nənə də onu qınayır, get iti gətir, deyirdilər. Ona görə də Alı kişi iki-üç gün keçmiş atını çaparaq geriyə dönmüşdü. Onun geriyə döndüyünü görən saqqallılar təəccüblənmişdilər. Alı kişini kənddə igid, qoçaq adam kimi tanıyırdılar. Ona görə də heç kəs çınqırını belə çıxara bilmədi. Yəhərin üstündə oturan Alı kişi öz-özünə «öldü var, geriyə döndü yoxdu» – deyə əlini yəhərin qaşına keçirdiyi qoşalülənin tətiyindən çəkmədi. Qamçısını havada yelləyib köhlənə acı bir qamçı çəkdi. At götürüldü. Bir göz qırpımında tanış darvazaya yaxınlaşdı. Qorxmaz atın tappıltısını eşidən kimi zingildədi, bərkdən hürməyə başladı. Bu üç günün içində zəncir itin boğazını xeyli kəsmişdi, qan axırdı. Alı kişi ehmallıca zənciri açıb iti buraxdı. Köpək sürünə-sürünə Alı kişinin ayaqlarını yaladı, cəsarət edib uzun, sallaq diliylə sahibinin saqqalına da sığal çəkdi, imsilədi. Dizi üstə çökən Alı kişi hönkürüb iti qucaqladı. Ah, nə günlərə qaldıq, ilahi, - deyə göz yaşı tökdü. Son dəfə qapı-bacaya diqqət etdi, elə bil ki, yaddaşına köçürürdü yurd yerini. Sonra ağır-ağır qalxıb ata sarı getdi. Vəfalı köhlən gözləri ilə onu süzür, hətta ot da qırpmırdı.

Alı kişi atın yalmanından yapışıb yüz ilin qocası kimi yəhərdə birtəhər oturdu, başını dikəldib dağlara baxdı, sinəsi ağlı-qaralı dağlara, həyatı boyu at çapıb, qoyun-quzu bəslədiyi yamaclara boylandı, sinəsindən dəfələrlə keçirdiyi qədim və uzun körpüyə baxdı, Təvətöy çayının suları yenə dalğalarını sal daşlara çırpa-çırpa üzüaşağı axırdı… Və nəhayət, doğma Ləmbəli kəndini həsrətlə, yana-yana süzüb yenə də yazıq atı qamçıladı. At üzüyuxarı Sarıyaldan keçib Sadaxlı kəndinə tərəf götürüldü. Burdan o yana Muşul meşələri başlanırdı. Alı kişi bu meşələrdən necə zillətlə keçdiyini xatırlayırdı. Bir də xatırlayırdı ki, gəlini Səlminin ata-anası da bu keçilməz meşələrdə həlak olub, kim bilsin onların sərgərdan ruhları hansı ağacın dibindən boylanır.

…Alı kişi hiss etmədi ki, kənddən necə çıxdı, ona kim baxdı, kim söz dedi. Bir də onda ayıldı ki, atın ayaqları altında bir it zingildəyir. Bu, Qorxmaz idi. Görünür, atın dalınca qaçmağa daha onda taqət qalmamışdı. Başını göy otların üstünə qoydu. Yazıq-yazıq inildədi. Arabir başını qaldıraraq Alı kişiyə sarı boylandı. Elə bil sahibinin onu burda qoyub gedəcəyindən qorxurdu. Görəndə ki, at yerindəcə durur, vəfalı it yenə başını otların üstünə uzatdı. Və sanki için-için ağlamağa başladı. Mavi, iti gözləri sanki sönürdü. Kirpiklərinin arasından gözünün yaşı damcı-damcı süzülürdü.

Alı kişi qanrılıb yəhərdən düşdü. Atın yüyənini qoca palıd ağacının yerə əyilmiş budağına bağladı. Göy otlardan, ayıdöşəyindən xışmalayıb itin başının altına topladı. Qorxmaz yenə qalxmaq istədi. Deyəsən, bu dəfə heç gücü olmadı. Ayaqlarını tərpədib son dəfə Alı kişiyə tərəf boylandı və gözü uzaqlara dikilib qaldı, bir damcı göz yaşı isə muncuq kimi diyirlənib ayıdöşəyinin üstünə düşdü.

Alı kişi köksünü ötürdü, göz yaşını sel kimi axıtdı. Cibindən həmişə özündə gəzdirdiyi iti bıçağı çıxardıb palıd ağacının dibində yer qazaraq vəfalı itini basdırdı. İri sal daşı diyirləyib itin baş tərəfinə yerləşdirdi. Yaxındakı çeyillikdə əlini yuyub atı mindi. Bir daha həsrətlə yurd yerinə – Ləmbəlli kəndinə, qarşı tərəfdə görünən Babakər dağlarına boylandı. Və qəmli-qəmli şeir deməyə başladı:

Üzü bəri baxan dağlar,

Dağlar, gəlləm səbr eyləyin.

Könlüm yaman pərişandır,

Gəlləm, yenə dövr eyləyim.

 

Ürəyimdə söz azalıb,

İllər keçir, yaş sozalıb.

Bu taledən bir borc alıb

Gəlləm, yenə ömr eyləyim.

 

Susdu. Bir az fikirləşdi. Birdən başını qaldırıb sanki palıd ağacıyla danışırmış kimi dedi:

- Gələcəyəm, yenə bu dağların yamacında at oynadacağam. Sağlıq olsun, dünya belə getməz. Dolan bulud boşalar. Göynəmə Yurd yeri, darıxma, doğma yerlər, yenə gələcəyik, gözləyin bizi, - deyə Alı kişi köhlənə yenə acı bir qamçı çəkib Muşul meşələrində gözdən itdi.

 Nizami Məmmədzadə, Əməkdar jurnalist