Gürcüstan paytaxtında Azərbaycan səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib

Rəsmi qəbul Azərbaycan səfiri Faiq Quliyev və hərbi attaşe polkovnik-leytenant Fuad İbrahimovun iştirakı ilə həyata keçirilib. GAXA-nın məlumatına görə, tədbirdə Gürcüstan və Azərbaycanın dövlət himnləri ifa edilib.

Tədbirin başlancığında çıxış edən Faiq Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması tarixi haqqında rəsmi qəbulda iştirak edən qonaqlara ətraflı məlumat verib.

Diplomat Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində Gürcüstanda yaşayan azərbaycanlıların dəstəyini də xüsusi qeyd edib. Səfir bildirib ki, 44 günlük müharibədə Gürcüstan əsilli 21 nəfər şəhidlik zirvəsinə ucalıb. Biz onların xatirəsini ehtiramla anırıq, valideynlərinə bu cür qəhrəman övladlar yetişdirdiyinə görə minnətdarıq.

Tədbirdə Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsalia əlamətdar tədbir münasibətilə Azərbaycan xalqını təbrik edib və əmin-amanlıq, firavanlıq arzulayıb.

Rəsmi qəbul mərasiminə Azərbaycanın Milli Məclisinin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, paytaxt Tiflisdəki diplomatik korpus nümayəndələri, Gürcüstan Daxili işlər naziri, Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə nazir, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri, gürcü və azərbaycanlı ziyalılar, müxtəlif partiyaların nümayəndələri, görkəmli mədəniyyət və incəsənət xadimləri, din nümayəndələri, xarici səfirliklərin attaşeləri, jurnalistlər, ətraf rayonlardan gələn azərbaycanlılar, QHT nümayəndələri qatılıblar.

 Tədbir konsert proqramı ilə davam etdirilib.

Sonra 28 May – Müstəqillik Günü münasibətilə ziyafət təşkil edilib. Qonaqlar Azərbaycan xalqının müxtəlif ləzzətli təamlarından dadaraq maraqlı musiqi proqramlarında çıxış edən Azərbaycan və gürcü mahnılarını ifa edən müğənnilərin ifasında mahnıları dinləyiblər.

GAXA.ge