Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb

Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri başa çatıb. Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyi (GAXA.ge) səfirliyin məlumatına istinadən xəbər verir ki, Azərbaycanda səfərdə olan Gürcüstanın din xadimləri 23 may tarixində Gəncə şəhərində Ermənistan Respublikası silahlı qüvvələrinin 44 günlük Vətən müharibəsi zamanı Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkiblər. Ərazidə onları Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi əlaqələr şöbəsinin müdiri Azər İbrahimov və digər rəsmi şəxslər qarşılayıblar.
A.İbrahimov Ermənistanın Gəncə şəhərində törətdiyi terror barədə qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, Gəncə şəhərinin ardıcıl raket hücumlarına məruz qalması nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olmuş, 130-dan çox dinc sakin isə yaralanmış, mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.
Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələrini yerində görən din xadimləri həlak olmuş mülki şəxslərin xatirəsinə ehtiram əlaməti olaraq, dualar oxumuşlar.
Bununla da Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başa çatmış və din xadimləri vətənlərinə yola düşüblər.
GAXA.ge