Gürcüstan nümayəndə heyətinin üzvləri Şuşada gördüklərindən dəhşətə gəldiklərini bildiriblər

May ayının 22-də Gürcüstan nümayəndə heyəti Şuşa şəhərinə səfər edib. GAXA-nın məlumatına görə, qonaqlara Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı şəhərdə həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib. Qonaqların diqqətinə çatdırılıb ki, 30 ilə yaxın işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Gürcüstan nümayəndə heyətinin üzvləri Şuşa şəhəri ilə bilavasitə yaxından tanış olmuş, tarixi Şuşa Bəyannaməsinin imzalandığı yerə baş çəkmiş, bərpa olunan Natəvan, Üzeyir Hacıbəyli, Bülbülün büstlərini, Bülbülün ev muzeyini və Vaqifin muzey-məqbərə kompleksini ziyarət etmiş, eləcə də Cıdır Düzündə namaz qılmışlar.

Din xadimləri, həmçinin, hal-hazırda Heydər Əliyev Fondu tərəfindən bərpa-təmir işləri aparılan Yuxarı Gövhər Ağa, erməni vandalları tərəfindən darmadağın olunmuş Çuxur Məhəllə və Seyidli məscidləri ilə tanış olmuşlar.

Gürcüstan nümayəndə heyətinin üzvləri gördükləri mənzərələrdən dəhşətə geldiklərini, dinindən, dilindən və milliyətindən asılı olmayaraq, məscidlərin dağıdılmasının insanlığa sığmayan əsl vandalizm aktı olması bərədə təəssüratları ilə bölüşmüşlər.

Din xadimləri Şuşa şəhərinin onlara böyük təəssürat bağışladığını söyləmiş, Azərbaycan mədəniyyətinin bu ocağına gəlməklərindən ən ülvi hisslərin keçirdiklərini vurğulayıblar.

GAXA.ge