Parlament sədri Arıxlı (Naxiduri) kəndinə səfər edib

Səfər çərçivəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bir qrup deputatla birlikdə Bolnisi Bələdiyyəsinin azərbaycanlıların kompakt yaşadığı Naxiduri (Arıxlı) kəndindəki ictimai məktəbdə olub. GAXA-nın məlumatına görə, rəsmi şəxslər məktəbin IV sinfinin “Gürcü dili” dərsində iştirak ediblər. Parlament sədri və deputatlar Bolnisi Bələdiyyəsinin müxtəlif məktəblərinin direktorları, müəllimləri və yerli resurs mərkəzinin nümayəndələri ilə görüş keçirib,  dövlət dilinin mənimsənilməsinin vacibliyindən danışıblar.

Şalva Papuaşvili Gürcüstanda yaşayan etnik azlıqların keyfiyyətli təhsilə çıxışının təmin edilməsi baxımından parlamentin roluna və gələcək planlara diqqət çəkib. Parlamentin Təhsil və Elm komitəsinin rəhbəri Giorgi Amilaxvari, Regional siyasət komitəsinin rəhbəri Sozar Subari, İnsan haqları və vətəndaş inteqrasiyası komitəsinin sədri Mixeil Sarcveladze, deputatlar Qoqi Meşveliani və Xatuna Kvitsiani müəllimləri maraqlandıran suallara cavab veriblər.

G.Amilaxvari jurnalistlərə açıqlamasında Bolnisinin Naxiduri (Arıxlı) kənd ictimai məktəbində “Gürcü dili” dərsində iştirak etdiklərini, müəllimlər, məktəb rəhbərləri ilə görüşdüklərini və dövlətin keyfiyyətli təhsilə tam çıxışını təmin etmək üçün  etnik azlıqların üzləşdiyi bütün çətinlikləri müzakirə etdiklərini bildirib".

Səfər çərçivəsində Şalva Papuaşvili və digər rəsmi şəxslər əhali ilə görüşdə iştirak ediblər. Şalva Papuaşvili "Tarixi-mədəni ənənələrə uyğun olmayan soyadların dəyişdirilməsi haqqında" qanun layihəsi ilə bağlı görüş iştirakçıları olan azərbaycanlılara ətraflı məlumat verib.   

GAXA.ge