Tiflisdə gənc azərbaycanlı rəssamın sərgisi açılıb
Dünən Gürcüstan paytaxtında Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR şirkətinin Gürüstan nümayəndəliyinin dəstəyi ilə 18 May - Beynəlxalq Muzeylər Günündə gənc azərbaycanlı rəssam Şənay Sadiqin “Dünya mifologiyaları və mədəniyyət” adlı fərdi sərgisinin açılışı olub. GAXA-nın məlumatına görə, tədbirdə rəssamın 15 əsəri sərgilənib.
Məlumata görə, gənc rəssam Şənay Sadiqin sərgisinin açılışında Azərbaycan, Türkiyə, Qazaxıstan, Macarıstan və Avstriyanın Gürcüstandakı səfirliklərinin, SOCAR-ın, AZEBİ-nin əməkdaşları, ictimaiyyət nümayəndələri, gürcü və azərbaycanlı ziyalılar, QHT nümayəndələri, tələbələr və jurnalistlər iştirak ediblər.
Şənay Sadiq sərgi çərçivəsində tədbir iştirakçılarına ilk dəfə baş tutan fərdi sərgisində nümayiş olunan əsərlər haqqında ətraflı məlumat verib. Gənc rəssam hələ orta məktəb illərindən rəssamlıqla məşğul olduğunu billdirib. Onun sözlərinə görə, sərgidə Azərbaycan, Türkiyə, Skandinaviya ölkələri, eləcə də Hindistan mədəniyyətinə dair yağlı boya və rəngkarlıq üslubunda çəkilmiş rəsm əsərləri nümayiş etdirilir.
M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin Rəsm Qalereyasında təşkil olunmuş fərdi sərgi mayın 25-dək davam edəcək.
GAXA.ge