Credit Suisse bankı İvanişviliyə məxsus 2,7 milyard İsveçrə frankını dondurub

İsveçrənin Credit Suisse bankı gürcü oliqarx Bidzina İvanişviliyə məxsus 2,7 milyard İsveçrə frankını dondurub. GAXA-nın gürcü mətbuatına istinadən məlumatına görə, aktivlərin dondurulmasının səbəbi pulun mənşəyinin Rusiya ola biləcəyidir. Bu barədə öz mənbələrinə istinadən Formula TV şirkəti məlumat yayıb.

Bankla gürcü oliqarx arasında münasibətlər bir neçə il əvvəl kəskinləşib. Oliqarx İsveçrə bankını məhkəməyə verib. Proses Bermud adalarında baş tutub və İvanişvilinin qələbəsi ilə yekunlaşıb.

Martın 29-da Credit Suisse press-reliz dərc edərək, Bermud məhkəməsinin qərarının qəti olmadığını və İsveçrə şirkətinin ondan şikayət vermək niyyətində olduğunu bildirib. Mayın 5-də bank tərəfindən daha bir mühüm sənəd dərc edilib. Bildirilib ki, birinci rübdə bank sanksiyaya məruz qalmış 10 milyard 600 milyon İsveçrə frankı məbləğində aktivlərini dondurub.

Ertəsi gün bəyanatı İvanişvilinin ətrafı dərc edib. Orada deyilirdi ki, Credit Suisse tərəfindən təyin edilmiş İvanişvilinin trast fondunun menecerləri iki dəfə vəsaitlərin köçürülməsini gecikdirərək oliqarxa maddi ziyan vurublar. Trest idarəçilərinin bunu Şərqi Avropadakı geosiyasi vəziyyətlə əlaqələndirdiyi və bu yanaşmanın siyasi təzyiq formasını aldığı da bildirilir.

Bu dəfə İvanişvili isveçrəliləri Sinqapurda məhkəməyə vermək və təzminat kimi ondan da çox pul tələb etmək niyyətindədir.

GAXA.ge