Türkiyədə Rizə-Artvin Hava Limanının açılışı olub

Dənizin üzərində inşa edilən nəhəng layihələrdən biri olan Rize-Artvin Hava Limanının açılışı təkcə qardaş Türkiyə dövləti üçün yeni logistik imkanlar yaradan, iqtisadi əhəmiyyətli hava dəhlizinin fəaliyyətə başlaması deyil, həm də siyasi çəkisi olan hadisə kimi tarixdə yerini alacaq. GAXA-nın məlumatına görə, limanın açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev birlikdə iştirak ediblər. Rizə-Artvin Hava Limanının açılışında "Bir millət, iki dövlət" şüarı səslənib.

Rize-Artvin Hava Limanının açılışı böyük məna ifadə edib. İki qardaş ölkə rəhbərinin növbəti dəfə bir araya gəlib mühüm layihənin həyata vəsiqə qazanmasına imza atması, ilk nöbvədə Azərbaycan-Türkiyə münasibətlərinin ən üst səviyyədə olduğunu və bu əlaqələrin ardıcıl inkişafı üçün davamlı addımların atılmasını ortaya qoyur.

Ötən il Türkiyə Prezidentinin Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı və bununla da hava limanında ilk rəsmi səfərin gerçəkləşməsi Türk tarixinin ən möhtəşəm səhifələrindən biridir. Bu gün isə Prezident İlham Əliyev Rize-Artvin Hava Limanına eniş edən ilk dövlət rəhbəridir. Ötən il Qarabağdakı strateji obyektin məhz Türkiyə Prezidentinin timsalında istifadəyə verilməsi, indi isə Rizədə Beynəlxalq Hava Limanının açılışının Prezident İlham Əliyevlə birgə həyata keçirilməsi Türkiyə və Azərbaycanın  arasındakı dostluq və qardaşlığın ən nümunəvi, oxşarı olmayan örnəyinin bütün dünyaya nümayişidir.

Elman Babayev, əməkdar jurnalist

GAXA.ge