Bir günün yağışı... və toyun çıxmayan səsi... (Reportaj-felyeton)

Bu yağış ki, var həmişə yağacaq. Allahın göydən süzülən yağışıdır də! Yaxşı, buna bir söz demirik. Bəs, küçədə toy-şənlik keçirmək istəyən insanların günahı nədir? Babalı yenə Sərvərin boynuna! Toyu quru yerdə keçirərlər, gəlini quru yerlə köçürərlər. Yaş yerlə yox!

Küçə yaş, insanlar yağmura düşüblər, toyçunun isə şappıltı ilə vurduğu toyun səsi elə bil keçəyə vurulan çombağın səsinin əks-sədasıdır.

Nə yaxşı ki, asfalt varıymış! Bəyin maşını və digər toy maşınları küçəmizdəki gölməçələrdən sürətlə şütüyüb asfalt yola çıxdılar. Hamı özlərini hamamdan çıxmış kimi hiss edirdi. Küçəmizdə başlanan toy şübhəsiz ki, uzaq kəndlərin birində hazırlanan çadır toyunda başa çatdı.

Camaat gedib toya baxdı, biz isə maşınlar gedəndən sonra dördüncü mərtəbədən gölməçələrin dalğalanan sularına baxıb həzz aldıq!)))

Reportajı Marneulidəki Çolokaşvili küçəsinin sakinləri adından qələmə aldım. Amma, yazımı reportaj-felyeton janrı adlandırdım. Bu yazının yazılmasından düz 7 il keçib. Bu yeddi il ərzində həmin toyu olan gəlinlə bəyin 7 övladı olub! Allah xoşbəxt eləsin! Amma küçəmizə hələki asfalt çəkilməyib. Deməkdən, yazmaqdan əlim və dilim quruyub. Neçə illər keçib və biz dəfələrlə istər parlament deputatlarına, istərsə də yerli bələdiyyəyə deputat seçiləcək namizədlərə səs vermişik. Düşünmüşük ki, səsimizin nəticəsinin sevincini görəcəyik! Əfsuslar olsun ki, deputatlar o gedən gediblər, lakin bir dəfə palçıqlı, yağış və sel dolu küçəmizə baş çəkməyiblər! Onlardan sonra dəfələrlə yağış yağıb, gəlin köçüb. Fəqət, biz yenə yerimizdə sayırıq. Yağış yağanda dəfələrlə otaqlarımıza su dolub, küçəmizə sel gəlib. Hər dəfə gəlin köçəndə toyun səsi çıxmayıb. Şap-şup eşitmişik, lakin elə bil keçəyə çombaq dəyib. Deputatların isə ayaqqabıları yağışdan sonra sel sularına da dəyməyib… “İslanmışın qurudan nə xəbəri var” zərbi-məsələni isə onlara kimsə tərcümə etməlidir.

P.S. Reportaj-felyetonu Marneulidəki Çolokaşvili küçəsinin sakinləri adından küçənin indiki vəziyyətini də qeyd edəndə sakinlər hər şeydən əllərini üzdüklərini, asfaltın çəkilməyinin gələn seçkilərə qaldığını dedilər.

Nizami Məmmədzdə, Əməkdar Jurnalist

GAXA.ge