Rustavidəki 12 nömrəli həbsxanasının qarşısında yenidən izdihamlı aksiya keçirilib

Rustavidəki 12 nömrəli həbsxanasının qarşısında yenidən izdihamlı aksiya keçirilib. GAXA-nın məlumatına görə, etiraz aksiyasında Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin yüzlərlə tərəfdarları, həmçinin "Vahid Milli Hərəkat" partiyasının üzvləri və digər partiyaların liderləri, parlamentin Saakaşvilini dəstəkləyən üzvləri iştirak ediblər.

Tədbirə Tiflis, Qardabani, Marneuli, Bolnisi və digər şəhər və kəndlərdən iştirakçılar qatılıb. Aksiyada müxalifət nümayəndələri çıxış edərək Saakaşvilinin azad edilməsini tələb ediblər. Etiraz aksiyasında "Mtavari Arxi" kanalının azərbaycanlı jurnalisti Ceyhun Muhammədəli çıxış edərək Saakaşvilinin həbsxanada saxlanılmasına qarşı çıxıb. O, həmçinin Azərbaycan dilində Gürcüstanda yaşayan azərbaycanlılara müraciət edib və Saakaşvilinin azad edilməsi haqqında kəskin fikirlərini bildirib.

Etiraz aksiyasının iştirakçıları "Mişa, Mİşa!", "Mişaya azadlıq!", "Mişa, pəncərədən bax, gör nə qədər insan səni sevir!" və digər şüarlar səsləndiriblər.

Tədbir iştirakçıları həbsxana qarşısında çıxış üçün tribuna və digər texniki avadanlıqlar quraşdıranda polislə iştirakçılar arasında qarşıdırma yaranıb.

Məlumata görə, Rustavi həbsxanası qarşısında etiraz aksiyası zamanı yaşlı kişi ölüb. Bildirilib ki, ölən kişinin meyiti təcili yardım vasitəsilə xəstəxanaya çatdırılanda o, artıq ölmüşdü. Baş verən hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyində cinayət işi qaldırılıb, araşdırma aparılır.

Müxalifət hökumətə Saakaşvilini vətəndaş klinikasına köçürmək üçün 24 saat vaxt verib.

GAXA.ge