Marneulidə “8 Noyabr - Zəfər Günü” münasibətilə təntənəli tədbir keçirilib

Gürcüstanda “8 Noyabr - Zəfər Günü” münasibətilə keçirilən silsilə tədbirlərdən biri də bu gün azərbaycanlıların kompakt yaşadığı Marneulidəki “Azərbaycanlıların İnteqrasiya Mərkəzi”ndə baş tutub. GAXA-nın məlumatına görə, yüksək təşkilatçılıqla keçirilən tədbirdə Marneuli sakinləri, ətraf kəndlərdən gələn insanlar- ziyalılar, Tiflisdən, Bakıdan gələn Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi əməkdaşları, jurnalistlər, məktəblilər və digər tədbir iştirakçıları Zəfər Günü münasibətilə bir-birilərini təbrik ediblər.

Tədbirdə Gürcüstan və Azərbaycanın dövlət himnləri səsləndirilib. Sonra "Azərbaycanlıların İnteqrasiya Mərkəzi"nin icraçı direktoru Orxan Pirverdiyev təntənəli tədbiri açıq elan edib. Orxan Pirverdiyev çıxışında Azərbaycanın 44 günlük Vətən Müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm gücü ilə əldə edilən şanlı qələbələrdən söz açıb. Tədbirdə, həmçinin monitor vasitəsilə alqışlarla qarşılanan Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ və Şuşa haqqında dedikləri müdrik sözlər tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Onların söylədiyi müdrik fikirləri Zəfər Günü tədbirinin iştirakçısı olan hər kəs alqışlarla qarşılayıb.

Tədbirdə Gürcüstanın da işğal altında olan torpaqlarının tezliklə azad edilməsi arzu olunub.

Sonra Zəfər Günü tədbirinin iştirakçılarına söz verilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmisi Eldar Bayramov, Faxralı kənd orta məktəbinin müəllimi Fatma Əliyeva, iş adamı İsrafil Bayramov və başqaları Zəfər Günü ilə bağlı ürək sözlərini bildiriblər.

Tədbir Zəfər Günü münasibətilə hazırlanmış xüsusi konsert proqramı ilə davam etdirilib. Konsertdə Xırdalan Musiqi Məktəbinin gənc ifaçılarının və müsiqi kollektivinin müşayiəti ilə vədənpərvərlik mahnıları səsləndirilib. Tədbirdə gənc aşıqların və Marneulidən olan istedadlı müğənni Şaban Məmmədovun da ifaları alqışlarla qarşılanıb.

Zəfər Günü tədbirinə Tiflisdə fəaliyyət göstərən “Ceyran” folklor ansamblının istedadlı üzvlərinin nümayiş etdirdiyi “Qarabağ” rəqsi tədbirə xüsusi rəng verib.

Tədbirin sonunda Zəfər Günü münasibətilə Marneuli səmalarını atılan rəngarəng fişənglər bəzəyib.

GAXA.ge