Gürcüstan Azərbaycanın "Akkord" şirkəti ilə müqaviləyə xitam verib

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti Azərbaycanın Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC ilə bağlanan Dzirula-Xaraqauli-Moliti-Pona-Çumateleti, Xaraqauli bələdiyyəsinin avtomobil magistral yolunu birləşdirən  Şərq-Qərb magistral yolunun 25.6 kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı müqaviləyə xitam verib.

İdarədən verilən məlumata görə, müqaviləyə xitam verilməsi podratçının öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədardır. Müqavilə 4 dekabr 2018 -ci ildə tərəflərin iştirakı ilə imzalanıb, layihənin dəyəri təxminən 20 milyon dollar təşkil edir.

Akkord Sənaye, 13 şirkətin iştirak etdiyi Dzirula-Kharagauli-Moliti-Pona-Çumateleti avtomobil yolunun Moliti-Çumateleti hissəsinin yenidən qurulması üzrə beynəlxalq tenderin qalibi kimi tanınıb.

Layihə Asiya İnkişaf Bankının (AİB) krediti hesabına maliyyələşdirilib. İş müqavilənin imzalandığı gündən 2,5 il ərzində tamamlanmalı idi. Layihəyə 22 körpünün yenidən qurulması, drenaj borularının çəkilməsi, qazıntılar, istinad divarlarının, yol nişanlarının və qoruyucu baryerlərin və asfalt örtüyünün çəkilməsi daxildir.

2017-ci ildə AİB Gürcüstana Dzirula-Xaragauli-Moliti-Pona-Çumateleti yolunun 50 kilometrlik hissəsinin yenidən qurulması və modernləşdirilməsi layihəsinin maliyyələşdirilməsi, ölkənin mərkəzi hissəsinə yaxın dəmir yolu stansiyalarına giriş yollarının yenilənməsi üçün 80 milyon dollar kredit verib.

Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC 2005 -ci ildə təsis edilib. Korporasiya həm tikinti materialları istehsalı fabriklərinə sahib olduğu Azərbaycanda, həm də Gürcüstan, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan və digər ölkələrdə infrastruktur layihələri həyata keçirir.

GAXA.ge