Ələkçiyə qıl verənlər...
Ələkçiyə qıl verənlər...
(Felyetonvari
yazı)
Vallah-billah
mən bu cəmiyyətin üzvləri sayılan məmurların gülməli hərəkətlərinə məəttəl
qalmışam. Görüşlərə bir qrupla gedən məmurlar əhaliyə vəd verməkdən
yorulmurlar. Hazırda kəndlərdə içməli və suvarma su qıtlığının həll edilməməsi əhalini
tamamilə bezdirib. Son vaxtlar Marneulidə ölüm hallarının artması da hər kəsə təəccüblü
gəlir. İnsanlar öz-özünə müxtəlif suallar verirlər; kimi kim öldürüb? Nədən
ölüb? Koronavirus infeksiyasına yoluxanların və dünyalarını dəyişənlərin adı
hallanır. Kim təhqir olunub? Bazarda, çayxanalarda maska taxmırlar! Küçədə
addımlayan gəncləri polis tutub cərimələyir! Səhiyyə nazirliyinin tövsiyələrinə
baxan yoxdur. Bəzi hallarda digər vacib məsələlərə baxmayan polis əməkdaşları rüşvət
alır və cinayət törədənləri ört-basdır edirlər.
Bütün bu hərəkətlər, çatışmazlıqlar və
problemlər seçkilərə ürəklə getmək istəyən sakinləri soyudur. Əhali partiyalar
arasında gedən dedi-qodudan bezib. Hər kəs bir nağıl quraşdırıb seçicilərə gəlhagəl
mahnısı oxuyur. Demək olar ki, hər sözün altında bir qaranlıq məqam gizlənir.
Seçkidə qələbə qazanmaq üçün artıq kəndlərdə müəyyən qrup üzvləri insanlara pul
verilir və seçiciləri ələ alırlar. Bu ələkçinin qıl verənləri olan qruplar
seçkidən sonra əhalinin arasında hörmətdən düşürlər. Onlar hətta namizədlərin nəzərində
ikiüzlü şəxslərə çevrilirlər. Sonradan ələkçiyə qıl verənlər seçilən namizədə
yaxınlaşıb pul müqabilində kiminsə problemini həll etməyi xahiş edəndə məmur vəzifəsinə
seçilmiş namizəd onun sinəsindən elə itələyir ki, ələkçinin qıl verəni elə dombalaq
aşır ki, düşdüyü dərənin dibindən onu tapa bilmirlər. Xalq artıq həqiqəti görmür. Həqiqəti
deyənlər ələkçiyə qıl verənlərin ”fəaliyyəti” sayəsində gözdən düşürlər.
Deputat olmaq istəyən savadsız partiya üzvlərinin sayı çoxalır və bir müddətdən sonra yalançı vədlərə inanan
namizədlər təzyiqlər və pul xatirinə üzv olduqları partiyalardan uzaqlaşırlar.
Ələkçiyə qıl verənlər yenə də insanlar arasında gecə-gündüz dolaşırlar. Əllərini bir-birinə
sürtərək pul qazanıb hırıldaşırlar. Bu hırıltının səsi cəmiyyəti şoka salır. Bu
əməllərlə ələkçiyə qıl verənlər seçkilərdə namizəd olanları da gələcəyə hansı
gözlə baxacaqlarını öyrədirlər.
Vay bizim
halımıza! Görəsən, hansı cəmiyyətdə yaşayırıq? Onlara verilən pul müqabilində bəziləri
ailəsini, dost-yoldaşını satır, illərlə çörək kəsdiklərinin arxasına bıçaq
vurur, onların səsini yazdırıb rəhbərlərinə çatdırır və “molodes” qazanırlar!
Biz də deyirik: “Molodes”, ay ələkçiyə qıl verənlər! Bir gün olacaq ki, özünüz
qır qazanına düşəndə cızdağınız çıxacaq. Bax, onda kor qız kartofu görməyib,
soğanın iyisini hiss edən kimi sizlər də təhlükə olacağını hiss etməyəcəksiniz!
Bu sözləri ələkçinin qıl verənlərinə ünvanlayıram! İndi bu ələkçilər gəncləri də
qızışdırıb jurnalistlərin də üstünə qısqırırlar. İllərlə yazarların dostluğuna
da soyuq yanaşanlar fəaliyyətə başlayıb qələm sahiblərini də pul müqabilində “satırlar”.
Belə olan halda jurnalistlər arasında kin-kudurət də artır. Onlar da qıl verənlərin
sözlərinə baş əyib qələm sahiblərinin saf sözlərinə qulp qoyur, gizlincə
bir-birinin ayağını qazır, bir az keçəndən sonra yazarlar arasında “tərifnamələr”
başlayır, hətta belə mövzulara rəhbərlərə xoş gəlsin deyə münasibət də
bildirmirlər!
Artıq bazarda alıcıların sayı da azalıb. Qıl verənlərin
sayı isə çoxalıb. Seçkilər başa çatanda isə ələkçiyə qıl verənlər yenidən
“dostuq” əlaqələrini nizamlamağa çalışacaqlar. Onda isə çox gec olacaq və qələm
artıq tərif əvəzinə felyeton yazacaq! Məhz buna görə də öz vicdanınızın təmiz olduğuna
inanmalısınız!
Nizami Məmmədzadə,
əməkdar jurnalist