Gürcüstanın KİV nümayndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər ediblər

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə bir qrup gürcü jurnalistlər, ekspertlər və tanınmış ictimai fəallar Azərbaycan Respublikasında səfərdədirlər. GAXA-nın məlumatına görə, bu barədə səfirlik məlumat yayıb və Şuşada çəkilmiş fotoşəkillər paylaşıb.

20 sentyabr tarixində Bakıda keçirilən görüşlərin ardınca işğaldan azad olunmuş ərazilərə istiqamət götürən qonaqlar 21 sentyabr tarixində Füzuli və Cəbrayıl rayonlarına baş çəkərək, orada ərazilərin minalardan təmizlənməsi üzrə aparılan işlərlə, habelə bədnam erməni işğalçıları tərəfindən yerlə yeksan edilmiş yaşayış məntəqələri və qəbiristanlıqlara baş çəkməyə, habelə bəşəriyyət əhəmiyyətli Xudafərin körpüləri ilə tanış olmağa müvəffəq olublar.

21 sentyabr axşam Şuşaya gəlmiş gürcü nümayəndə heyəti 22 sentyabr tarixində hal-hazırda fəal bərpa işlərinə start verilmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərindəki vəziyyətlə ətraflı şəkildə tanış ola biliblər. Belə ki, qonaqlar işğal dövründə dağıntılara, məhv və təhrif edilməsinə məruz qalmış Azərbaycan mədəniyyətinin önəmli beşiklərindən birinin küçələri ilə gəzib şəhərin hazırkı durumunu müşahidə edə biliblər. Dağıdılmış tarixi binalar və abidələri öz gözü ilə görən gürcüstanlı qonaqlar işğalın dəhşətli üzünü daha aydın şəkildə duyduqlarını bildiriblər.

İşğaldan sonra vandalizmə məruz qalmış və uzun illər ərzində Bakıda “məcburi köçkün abidələri” kimi saxlanılmış Xanqızı Xurşidbanu Natəvan, dahi Üzeyir Hacibəyli və Bülbülün büstlərini Şuşadakı doğma yerlərində bərpa olunmuş halda görən qonaqlar bu əyani faktın onlara böyük təsir göstərdiyini söyləyiblər. Eləcə də tarixi görkəmi qaytarılan Şuşa qalasının divarları, o cümlədən Gəncə darvazası önündəki məşhur mənzərəyə, Azərbaycan dövləti tərəfindən artıq bərpa edilmiş Bülbülün ev-muzeyinə və Vaqifin mavzoleyinə baxış keçirən gürcü qonaqları, həmçinin Yuxarı Gövhərağa məscidini ziyarət ebiblər. Eyni zamanda, onlar Cıdır Düzünə də baş çəkərək Səməd Vurğunun “Azərbaycan” şerindəki

“Könlüm keçir Qarabağdan,

Gah bu dağdan, gah o dağdan.

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi” – misralarının yaradılmasına ruhlandıran füsunkar təbii mənzərədən heyrana gəldiyini söyləyiblər.

Gürcü ictimaiyyəti nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

Söhbət zamanı gürcü jurnalistlər, həmçinin bölgədəki digər aktual məsələlərə toxunaraq, fikir mübadiləsini aparıblar. Ümumiyyətlə, səmimi ab-havasında keçirilən bu dialoq Azərbaycan və Gürcüstan cəmiyyətləri arasındakı qarşılıqlı hörmət və rəğbətin növbəti əyani təzahürü olub.

GAXA.ge