Tarix elmlər doktoru Fəxri Valehoğlu: “Milli soyad sonluqları ilə bağlı düşüncələrim”

Tarix elmlər doktoru Fəxri Valehoğlunun “Milli soyad sonluqları ilə bağlı düşüncələrim” sərlövhəli yazısını mövzunun günümüzdə aktuallığını nəzərə alaraq GAXA.ge (Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyi) saytının oxucularının diqqətinə təqdim edirik: 

2011-ci ilin yanvar ayının 28-də Azərbaycanın ictimai telekanalında (İTV) soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı efirə getmiş verilişi böyük maraq və diqqətlə izlədim. Təbii ki, soyadlar hər bir xalqın milli kimliyini bəlirləyən  amillərdən biridir. Buna görə də sovet ideologiyasının qalıqlarından olan daşıdığımız yad soyad sonluqlarının milli sonluqlarla əvəz olunması günümüzün zəruri tələbidir.

İTV-də efirə gedən proqramda soyad sonluqları islahatının aparılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində yaradılmış xüsusi komissiyanın milli soyadlarla bağlı xüsusi konsepsiya hazırladığı və bu konsepsiyaya görə soyadını dəyişmək istəyən şəxslərə -ov-, -yev-in yerinə -lı-, -li-, -gil-, -oğlu-, -qızı-, -soy- və -zadə- sonluqlarının tövsiyə ediləcəyi bəlli oldu. Mən də bir ziyalı olaraq ümumi ictimai müzakirədən kənarda qalmayıb, məsələ ilə bağlı öz düşüncələrimi Sizlə bölüşmək istərdim:

Biz kiçik xalqlardan deyilik ki, daşıdığımız soyad sonluqlarının sayı məhdud olsun. Buna görə də vətəndaşlara  -oğlu- ilə bərabər -oğulları- (Məsələn: Məmmədoğulları), -soy- ilə bərabər -soylu- (Məs.: Qulusoylu) və əlavə olaraq -lar-, -lər- (Məs.: Hacılar, Vəlilər) sonluqları da tövsiyə etmək məqsədəuyğun olardı.

 -zadə- sonluğu ilə bağlı verilişdə söylənilənlərlə, yəni bu soyad sonluğu artıq milliləşib və onu əsasən Azərbaycan türkləri daşıyır fikri ilə qismən razıyam. Ancaq hesab edirəm ki, indiyədək -zadə- sonluqlu soyadları daşıyanlardan əlavə soyadlarımızı -ov-, -yev-lərin yerinə fars mənşəli -zadə-lərlə yükləməyin isə heç bir mənası yoxdur.

Mənim üçün ən qəbul olunmaz məsələ zərif cinsin nümayəndələrinə  -qızı-soyad sonluğunun tövsiyə olunmasıdır. Belə çıxır ki, biz bir tərəfdən rus mənşəli -ov-, -yev-dən qurtulmağa çalışır, digər tərəfdən isə rusların soyad yaratma mexanizmindən əl çəkmək istəmirik. Dünyanın heç bir xalqında -qızı- sonluqlu soyadlar yoxdur. Hətta ruslarda da -ova- və  -yeva- sonluqları hərfi mənada -qızı- anlamına gəlmir. Bizim heç bir bölgəmizdə, kəndimizdə Əhmədqızı və ya Əliqızları nəslinə, soyuna rast gəlinmir. Vətəndaşın cinsi onun şəxsiyyətini təsdiq edən sənədlərdə qeyd olunur, bunun soyadda da əks olunmasında nə lüzum var? Qızlarımız, qadınlarımız digər millətlərdə olduğu kimi (məs. gürcülərdə -dze-, ingilislərdə -son-, türklərdə -oğlu-), könül rahatlığı ilə -oğlu- sonluqlu soyad daşıya bilərlər (nümunə: Nəzrin Elxan qızı Mahmudoğlu). Çünki soyad onların hansı cinsə mənsub olduğunu yox, hansı soya mənsub olduğunu göstərir.

Elə soyadlar var ki, onların kökü türk kəlməsidir və ona heç bir sonluq əlavə etməsən daha yaxşı səslənər. Ona görə də belə hallarda sadəcə sonluğu atmaq tövsiyə oluna bilər və onda, misal üçün, Topçiyev - Topçu, Dəmirçiyev – Dəmirçi, Allahverdiyev – Allahverdi ilə əvəzlənər.

Bir çox vətəndaşlarımızın hazırda daşıdığı soyadla gerçəkdən mənsub olduğu nəslin, soyun adı fərqlənir (Deyək ki, Hüseynovlar Keçəlilər və ya Taxtaçılar nəslinə mənsubdur). Belə vətəndaşlarımıza soyad kimi asanlıqla, bürokratik əngəllər olmadan öz nəsillərinin adını götürməsinə imkan yaradılmalıdır.

Qədim türk etnonimlərinin (-qıpçaq-, -oğuz-, -hun-, -qarapapaq-, -əfşar-, -peçeneq-, -xəzər- və s.), toponimlərin və hidronimlərin soyad kimi götürülməsi proseduru məhkəmə instansiyalarına baş vurmadan sadələşdirilməlidir.

Zənnimcə, Gürcüstanda da soydaşlarımızın soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı ciddi islahatlar aparılmalıdır. Şübhəm yox ki, soydaşlarımızın istəyi olduğu təqdirdə hökumət rus soyad sonluqlarından qurtulmağa çalışan bir toplumun milli soyad sonluqlarını qəbul etməsi üçün müvafiq şərait  yaradacaqdır.         

Fəxri VALEHOĞLU-HACILAR,

tarix elmlər doktoru

GAXA.ge