“Ayrılıq, ayrılıq”,- deyə Yaqub Zurufçu dünyasını dəyişdi...

"Ayrılıq, ayrılıq, aman ayrılıq

Hər bir dərddən olar yaman ayrılıq..."

Bu misraları eşidəndə qəlbimizdə, sinəmizdə dərd-ələm yaşanardı. Azərbaycanın 30 ilədək torpaqlarının taptağ altında inildəməyi bizi qara gecələrdə yatmağa qoymurdu.

Dünən isə ağır bir xəbər eşitdik. “Ayrılıq” mahnısını kədərlə oxuyan Əməkdar artist Yaqub Zurufçu koronavirusdan dünyasını dəyişib.

Y. Zurufçu Azərbaycanın azadlığı uğrunda qəmlə köklənən mahnıları ilə qəlbimizə hopmuşdu. Onun son istəyi azərbaycanlıların kompakt yaşadığı Borçalı bölgəsində mahnı oxumaq olub. O, yekun konsertini Tiflisdə verəcəkdi. Nədənsə, onun bu istəyi yerinə yetmədi.

Görkəmli müğənni dəfələrlə mənimlə telefon əlaqəsi yaratdı. Hazırda Bakıda yaşadığını bildirdi. Amerikadan Azərbaycana köçdüyü, azərbaycanlı xanım ilə ailə qurduğu barədə mənə açıqlama verdi.

Təbrizdə anadan olan və ürəyi vətəni Azərbaycan eşqi və həsrəti ilə yanan, qovrulan insan idi. Telefonda mənə “Ayrılıq” mahnısını oxudu və ağladı. Mən də ona qoşuldum. O, Tiflisdə otellərin birində azərbaycanlı ziyalılarla da görüşməyi arzulayırdı. Fəqət, dünən qara gecələrin birində ölüm onu bizdən ayırdı. Amma gözəl sənətkar Yaqub Zurufçu şirin ləhcəsi ilə oxuduğu mahnılarla yaddaşımıza əbədi olaraq hopdu. Biz ondan ayrılmadıq, təəssüf ki, ölüm onu bizdən ayırdı.

Allah rəhmət eləsin!

Nizami Məmmədzadə, Azərbaycanın Əməkdar jurnalisti