Tiflis və Kutaisidə qanunsuz silah saxlayan vətəndaşlardan silah müsadirə edilib

Qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə və saxlama ittihamı ilə Tiflis və Kutaisidə 3 nəfər saxlanılıb. GAXA-nın məlumatına görə, bu barədə daxili işlər nazirliyi bildirib. Nazirlikdən verilən məlumata görə, əməliyyat -istintaq tədbirləri müxtəlif vaxtlarda həm Gürcüstanın paytaxtında, həm də İmereti bölgəsində həyata keçirilib.

Saxlanılanlar arasında əvvəllər məhkum olunmuş 30 yaşlı gənc də var. Şəxsi avtomobilinə baxış zamanı polislər Makarov və TT tipli tapançaları, dörd maqazin və 22 patronu ələ keçiriblər.

Tiflisdə də 26 yaşlı gənc saxlanılıb, maşında əldəqayırma tapança və içində patron olan dörd maqazin tapılıb.

Bundan başqa, polis İmereti bölgəsində qanunsuz sursat əldə etmə və saxlama ittihamı ilə 49 yaşlı kişini saxlayıb.

GAXA.ge