Gürcülər iraqlı iş adamından 2,6 milyon dollar və 4 kiloqram qızıl-zinət əşyaları oğurlayıblar

İraq yerli mətbuatı baş verən hadisəni Dahukda indiyə qədər həyata keçirilən ən böyük oğurluq planı olaraq xarakterizə edib. GAXA-nın gürcü mətbuatına istinadən məlumatına görə, Rudaw Media Network TV Dahukdakı polisə istinadən xəbər verir ki, Gürcüstan əsilli vətəndaş olan qadın köməkçiləri ilə birlikdə İraqın zəngin sakinlərindən birinin evindən təxminən 2,6 milyon dollar və dörd kiloqram qızıl-zinət əşyaları çıxarib.

Hadisə sentyabrın 3-də baş verib. Yerli mətbuatın yazdığına görə, oğurluqda dörd nəfər - iki təşkilatçı və iki icraçı iştirak edib. Cinayət hadisəsində əli olan əsas adam Gürcüstandan İraq Kürdüstanına gələn və bir qızıl satışı ilə məşğul olan tacirin ailəsində qulluqçu işləyən gürcü qadını olub.

"Bu planın bir parçası idi. Qadın evdə işə başlayanda yaxşı hazırlaşmışdı ... Ev sahibinin evdə olmadığı ortaya çıxanda o, dostlarına zəng edərək deyib ki, gedin sakitcə oğurluq edin", - deyə cümə günü Dahukada keçirilən mətbuat konfransında polis rəisi general Əhməd Fəxri Məcid bildirib.

Qadın pəncərəni açıq qoyaraq evin açarlarını oğurluqda əlbir olanlara verib. Oğruların həyata keçirdiyi planlara heç kim mane olmayıb. Cinayətkar qrupun üzvləri bütün oğurlanmış malları anbarda gizlədərək tələsik Kürdüstanı tərk ediblər.

Məlum olub ki, ev qulluqçusu iş adamının evində son beş ay işləyib və oğurluqda əli olan iki köməkçi avqustun 31-də Gürcüstandan İraqa gəlib.

Oğurluğun ən əhəmiyyətli əlaməti hadisədən sonra bu gürcü qadının yoxa çıxması olub. Üç günlük axtarış və araşdırmalardan sonra polis qadının “İbrahim Xəlil” sərhəd keçid məntəqəsindən keçərək Türkiyəyə qaçdığını və özü ilə birlikdə 20 min dollar götürdüyünü müəyyən edib.

Polis videogörüntülər sayəsində pul və qızılı tapıb. Bütün əmlak artıq sahiblərinə qaytarılıb.

Məlumata görə, indiyədək aparılan araşdırma nəticəsində ev qulluqçusu gürcü qadını ilə əlaqədə olan 20 şübhəli şəxs ilə bağlı cinayət işi qaldırılıb və onlardan 3 nəfəri saxlanılıb.

GAXA.ge